Məhkəmə qərarları › İş №e-2(019)-463/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-463/2025

13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-463/2025 13.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 88000,0 manat məbləğinin,440,0 manat tərcümə xərcinin,362.0 manat dövlət rüsumunun və 2000,00 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, MPM-in: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində və ya ümumi məhkəmədə baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Məhkəmə tərəfindən, məhkəmənin istifadəsində olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman İddiaçı MMC-nin (VÖEN ********** ) hüquqi şəxs və Cavabdeh (VÖEN ********** təzə inək və camış südünün istehsalı) sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxs statusuna malik olması müəyyən edilmişdir. İş materialları əsasında müəyyən edilir ki,hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir, yəni Cavabdeh İddiaçı MMC-nin sahibliyində və istifadəsində olan evakuator və treyler tipli nəqliyyat vasitəsi ilə Gürcüstandan keçməklə Türkiyə Respublikasına yüklərin daşınması ilə məşğul olmuşdur. Tərəflər arasındakı mübahisə də bu fəaliyyətlə bağlı vurulmuş maddi ziyanla bağlıdır. Bu mübаhisənin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə аlınmаqlа Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2ci maddəsinin tələbinə uyğun оlаrаq kоmmersiyа mübаhisələrinə аiddir və аidiyyəti üzrə kоmmersiyа məhkəməsində bаxılmаlıdır. Məhkəmə onu da vurğulayır ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli,10 nömrəli qərarının 28-ci bəndində məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. MPM-in 152.1 və 152.1.3-cü maddəsinə əsasən, əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarını pozmaqla verildiyindən geri qaytarılmalıdır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1 və 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. ********** nömrəli qəbzə əsasən 362.00 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia ərizəsi geri qaytarıldığından ödənilmiş 362.00 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Məhkəmə onu da diqqətə çatdırır ki,hazırkı qərardaddan məhkəmə aidiyyəti ilə bağlı şikayət verilərsə,həmin şikayətə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılacaqdır. Odur ki, şikayət vəkil tərəfindən tərtib edilməli və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 24-26, 31, 114, 152.1.3, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 362.00 manat, bu qərardad qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardaddan iddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar