Məhkəmə qərarları › İş №e-2(019)-47/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-47/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-47/2025 30.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 30 mart 2023-cü il tarixli SRNPU-03584/1 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 11192,02 manat, faiz borcuna görə 871,57 manat, dəbbə borcuna görə 2495,44 manat, cəmi 14559,03 manat məbləğində pulun və 133,68 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli SRNPU-03584/1 saylı kredit müqaviləsi üzrə kreditə görə əsas borcuna görə 11192,02 manat, faiz borcuna görə 1889,47 manat, cərimə borcuna görə 2600 manat olmaqla, cəmi 15681,49 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 138 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 30 mart 2023-cü il tarixli, SRNPU-03584/1 saylı kredit müqaviləsinə əsasən illik 14 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 13000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 30 Mart 2023-cü il tarixli, SRNPU-03584/1 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq hər ay 444,31 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 30 mart 2023-cü il tarixli, SRNPU-03584/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 11192,02 manat, faiz borcuna görə 871,57 manat, dəbbə borcuna görə 2495,44 manat, borcun cəmi məbləği 14559.03 manat təşkil edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, işdə iştirak edə bilməyəcəklərini bildirərək, işə onların iştirakı olmadan baxıb iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ilə bağladığı xx.xx.2023-cü il tarixli SRNPU-03584/1 saylı kredit müqaviləsi əsasında bank tərəfindən ona 36 ay müddətinə 14 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.2.2-ci bəndinə əsasən məbləği 3000 manat/ABŞ dolları/avro və yuxarı olan kreditlər üzrə: Müştəri qrafik üzrə ödənişi gecikdirərsə, 1-ci gecikmə günündən 11-ci gecikmə gününədək - Bank Müştəridən kredit götürülməsinə dair müvafiq Razılaşma və ya SMS-lə təsdiq olunmuş Razılaşma üzrə gecikdirilmiş məbləğin 0,1 (sıfır tam onda bir) faizi həcmində 11-ci gecikmə günündən başlayaraq annuitet ödənişi üzrə gecikdirilmiş məbləğin 1,0 faizi həcmində dəbbə pulu (cərimə) ödənilməsini tələb edə bilər. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli SRNPU- 03584/1 saylı kredit müqaviləsi üzrə 22 aprel 2024-cü il tarixinə olan 11192,02 manat əsas borc, 871,57 manat faiz borcu, 2495,44 manat cərimə borcu olmaqla cəmi 14559,03 manatın ödənilməsi tələb edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli SRNPU-03584/1 saylı kredit müqaviləsi üzrə 22 aprel 2024-cü il tarixinə əsas borcu 11192,02 manat, faiz borcu 871,57 manat, cərimə borcu 2495,44 manat olmaqla cəmi borcu 14559,03 manat təşkil edir. məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/7255 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli SRNRU-03584/1 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 22 aprel 2024-cü il tarixə (sual üzrə tarixə): əsas borc üzrə 11.454.76 manat, faiz borcu üzrə 973.57 manat. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli SRNPU-03584/1 saylı kredit müqaviləsi üzrə 16 dekabr 2024-cü il tarixinə əsas borcu 11192,02 manat, faiz borcu 1889.47 manat, cərimə borcu 2600 manat olmaqla cəmi borcu 15681.49 manat təşkil edir. Məhkəmə iddia ərizəsini iş materiallarında olan sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli SRNPU-03584/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 13000 AZN məbləğində kredit verilmiş, lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun ödəməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə borcu və ona hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə iddia tələbi üzrə əsas borc və faiz borcunun həcminə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə əsas borc 11.454.76 manat təşkil edir, iddiaçı isə əsas borc üzrə 11192,02 manat tələb etmişdir. Məhkəmə tərəfindən maliyyə arayışına münasibətdə ekspert rəyi daha mötəbər sübut kimi qiymətləndirilir. Lakin məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından və iddia tələblərindən kənara çıxa bilmədiyi üçün cavabdehdən əsas borc üzrə iddiaçının tələb etdiyi 11192,02 manat tutulmalıdır. Kredit müqaviləsi üzrə faiz borcunun məbləğinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə əsaslanmağı zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd etmişdir ki, “müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Faiz bir qayda olaraq kreditorun pul vəsaitindən istifadə edilməsinin qarşılığı kimi hesablanan məbləğdir. Bununla yanaşı kredit borcuna hesablanması mümkün olan faizlər mahiyyət etibarilə bir-birindən fərqlənir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu dövrdə həmin əqdlə razılaşdırılmış müqavilə faizi və müqavilə ləğv edildikdən sonra tələb edilən gecikdirmə faizi ayrı-ayrı faizlərdir. Müqavilə faizi ancaq tərəflər arasındakı müqavilənin qüvvədə olduğu dövr üçün tələb edilə bilər. Müqavilə ləğv olunduqda isə bu faizin hesablanması və tələb olunması yolverilməz sayılır. Ləğvdən sonrakı dövr üçün kreditor faiz formasında zərərin - real zərərin əvəzini və əldən çıxmış faydanı istəməyə haqlıdır. Əgər bank bütün borcun qaytarılmasına dair borcluya pretenziya məktubu göndərmişsə həmin tarixdən, bunu etməyibsə ən azı iddia ərizəsinin məhkəməyə təqdim olunduğu tarixdən sözügedən kredit müqaviləsi ləğv olunmuş hesab edilir. İddiaçı xx.xx.2024-cü il tarixə müqavilə faizi üzrə 1889.47 manat tələb etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bank bütün borcun qaytarılmasına dair xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərmişdir. Belə olan halda, həmin tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün iddiaçı bankın kredit müqaviləsi üzrə cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Odur ki, cavabdehdən xx.xx.2024-cü il tarixə ekspert rəyi əsasında müəyyən edilmiş 973.57 manat müqavilə faizinin tutulması məhkəmə tərəfindən qanuni və əsaslı hesab edilir. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Lakin tələb edilən cərimə tənasübsüz surətdə yüksəkdir. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı 200 manat həcmində müəyyən edilməlidir. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30 mart 2023-cü il tarixli SRNPU- 03584/1 saylı kredit müqaviləsi üzrə 11192.02 manat əsas, 973.57 manat faiz, 200 AZN cərimə olmaqla, cəmi 12365.59 manat borc və 108.82 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq (iddia tələbi təqribən 79% hissədə təmin edilmişdir) iş üzrə 100,00 manat ekspertiza xərci tərəflərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 30 mart 2023-cü il tarixli SRNPU-003584/1 saylı kredit müqaviləsi üzrə 11192.02 manat əsas, 973.57 manat faiz, 200 manat cərimə olmaqla, cəmi 12365.59 manat borc və 108.82 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 manat ekspertiza xərcinin 79 manatı Cavabdeh və 21 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar