Məhkəmə qərarları › İş №e-2(019)-484/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-484/2025

31.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-484/2025 31.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mustafayeva Kərimə Şamil qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11772,50 manat sığorta ödənişi məbləğinin və 125,32 manat dövlət rüsumunun, cəmi 11897,82 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “VAZ 21144” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış "Baic X55" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 16 322,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı AR DİN BDYPİ-nin ünvana xx.xx.2021-ci il tarixli İnzibati xəta haqqında Qərarının surəti daxil olmuş və sözügedən Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüşdür. AR DİN BDYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən “VAZ 21144” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” AR Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5000,00 manat müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən xx.xx.2021-ci il tarixində “VAZ 21144” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış "xxxx" ASC tərəfindən 5000,00 manat məbləğində pul vəsaiti Cəmiyyətə ödənilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 11 772,50 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixli, AS24/1585 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bugünədək Cəmiyyətə ödənilməmişdir. "xxxx" ASC tərəfindən 31 oktyabr 2025-ci il tarixində məhkəməyə daxil olan ərizədən görünür ki, mülki iş üzrə iddia ərizəsində səhvən "xxxx" ASC-dən 5000 manat sığorta ödənişinin alınması qeyd edilmişdir. Halbuki, "xxxx" ASC-dən 4550 manat sığorta ödənişi alınmışdır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı "xxxx" ASC-nin "pul tələbinə dair" iddiasının (iş № e-2(019)-484/2025) iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik müddətin ötürülməsi səbəbindən rədd edilməsi (iddiadan imtina) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ona qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş və həmin mülki iş hazırda e-2(019)-484/2025 nömrə ilə məhkəmənin icraatındadır. İddiaçı "xxxx" ASC hazırki işdə haqlı olsa belə, pul tələbi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunur ki, "Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqlarm məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətləri və onların hesablanması ilə bağlı qaydalar bir sıra ölkələrin (Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Almaniya, Fransa, Türkiyə və s.) qanunvericüiklərində də müəyyən edilmişdir. Bu dövlətlərin qanunvericiliklərində iddia müddətləri müxtəlif müəyyən edilsə də, mahiyyət etibarı ilə eyni məqsədə xidmət edir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normalarm kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. ( MM-in 375.1 və 375.2 maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Eyni zamanda, nəzərə alınmalıdır ki, işin məhkəmə baxışma hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışma hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutlarm təqdim olunmasını təklif edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları)". İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin qəbul edilməməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyil, yolnəqliyyat hadisəsində onun təqsiri olmamışdır, bundan başqa "Baic X55" markalı nəqliyyat vasitəsinə dəymiş zərər düzgün hesablanmamışdır, yol-nəqliyyat hadisəsi nəticəsində maşına iddia ərizəsində göstərilən məbləğdə ziyan dəyməmişdir, hesab etmişdir ki, maşına sonradan ziyan yetirilmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, iclasın nümayəndənin iştirakı olmadan keçirilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh hərəkətləri nəticəsində heç bir cinayət hadisəsi baş vermədiyi üçün toplanmış material üzrə onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh tərəfindən verilən izahatdan görünür ki, Vaz-21144 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur, onun avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. Bildirir ki, xx.xx.2021-ci il tarixdə şəxsi işləriylə əlaqədar qohumu X3 ilə birlikdə idarə etdiyi Vaz-21144 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Balakən rayonunun Püştətala kəndindən çıxıb Balakən şəhərinə yola düşdülər, həmin vaxt Şahin qabaq sağ oturacaqda əyləşmişdi. Təxminən saat 12:35 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonunun ərazisindən keçən 146-cı km-də idarə etdiyi Vaz-21144 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonunun Püştətala kəndinin çıxacağında dayanıb sola sağa baxdı. Həmin vaxt sol tərəfdə avtomobil dayandığından yolun solunu görə bilmədi və qarşısında olan Opel markalı avtomobil baş yola daxil olduğundan o da fikirləşdi ki, yol boşdu və bu fikirlə də idarə etdiyi Vaz-21144 markalı avtomobillə baş yola daxil oldu. Bu zaman o, idarə etdiyi Vaz-21144 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkətdə olan sonradan adını bildiyi X1 idarə etdiyi Baic X55 markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxdı. O, hadisənin qarşısını almaq istəsə də buna imkan tapa bilmədi və məsafə yaxın olduğundan idarə etdiyi Vaz-21144 markalı avtomobilin qarşı sol hissəsi Əlmaniz Ələkbərovun idarə etdiyi Baic X55 markalı avtomobilin qarşı sağ hissəsindən dəyib toqquşdu. Nəticədə o, heç bir xəsarət almasa da, idarə etdiyi avtomobilin salonunda olan sərnişin qohumu X3 xəsarət aldı, bundan sonra onlar avtomobildən çıxdılar, bu zaman Baic X55 markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əlmaniz Ələkbərovun xəsarət aldığını gördü. Bundan sonra Əlmaniz təcili tibbi yardıma zəng etdi və bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Əlmanizə və Şahinə tibbi yardım göstərdi. Sonra isə hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etdi və tərtib olunmuş protokol və sxemlə tanış olub imza etdi. Qeyd etmək istəyir ki, özünə məxsus Vaz-21144 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində ona 4110 manat ziyan dəymişdir. Vaz-21144 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur, onun avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi Vaz-21144 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobildə bir nəfər sərnişin olmuşdur. hadisə baş verməzdən əvvəl o spirtli içki qəbul etməmişdir, ayıq idi. Onun hərəkəti üçün təhlükə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonunun ərazisindən keçən 146-cı km-də idarə etdiyi Vaz-21144 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə baş yola daxil olaraq Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkətdə olan X1 idarə etdiyi Baic X55 markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxdığı andan yaranmışdır. Baic X55 markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 əvvəllər tanımamış, onunla aralarında hər hansı düşmənçilik və ya ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “VAZ 21144” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 60 manat cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli hesablama aktından görünür ki, "xxxx" MMC-nə məxsus “BAİC X55” markalı “** PS ***” dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün hesablanan ümumi yekun məbləğ 16 772.50 manatdır. xx.xx.2021-ci il tarixli 21-00778/02 saylı sığorta aktından görünür ki, "xxxx" ASC-də sığorta edilmiş "xxxx" MMC-yə məxsus "Baic X55" markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 16772.5 manat, hesablanmış sığorta ödənişinin yekun məbləği 16322.50 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Sirena MMC-nin hesabına 16322.5 manat məbləğində pul köçürülmüşdür. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində görünür ki, "Baic X55" markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-in adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində görünür ki, “VAZ 21144” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. 831157827 nömrəli xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 125.32 AZN dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC-nin 11 avqust 2025-ci il tarixli 02-237/25 nömrəli qiymətləndirmə hesabatından görünür ki, aparılan araşdırma və təhlillərə əsasən "Baic X55" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin və dəymiş zərərin yenidən bərpası üçün görülməli işlərin dəyəri orta bazar qiymətinə uyğun olaraq ümumilikdə 13517 (on üç min beş yüz on yeddi) AZN ziyan dəymişdir. Belə ki, ehtiyat hissələri üzrə 12267.00 AZN (on iki min iki yüz altmış yeddi) AZN ziyan dəymişdir. Nəqliyyat vasitəsinin təmiri üçün 1250 AZN (bir min iki yüz əlli) AZN vəsait tələb olunur. "xxxx" ASC-nin hesab üzrə çıxarışından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4550 manat məbləğ ödənilmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “VAZ 21144” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozmuş, xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Odur ki, cavabdehin yol-nəqliyyat hadisəsində təqsiri olmaması ilə bağlı dəlili əsassızdır. Onun təqsiri nəticəsində "xxxx" MMC-yə məxsus "Baic X55" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Həmin avtomobil isə "xxxx" ASC-də sığorta edilmişdir. "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 16322.5 manat məbləğində pul köçürülmüşdür. Bu halda iddiaçının sığorta ödənişini vermiş sığortaçı olaraq, subroqasiya qaydasında cavabdehdən ödənişi tələb etmək hüququ vardır. Məhkəmə yol-nəqliyyat hadisəsi nəticəsində "Baic X55" markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı qeyd edir ki, xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən sığorta ödənişinin yekun məbləği 16322.50 manat hesablanmışdır. Lakin cavabdeh vurulan ziyanın məbləği ilə razılaşmamışdır. "xxxx" MMCnin 11 avqust 2025-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir ki, "Baic X55" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin və dəymiş zərərin yenidən bərpası üçün görülməli işlərin dəyəri orta bazar qiymətinə uyğun olaraq ümumilikdə 13517 (on üç min beş yüz on yeddi) AZN ziyan dəymişdir. Belə ki, ehtiyat hissələri üzrə 12267.00 AZN (on iki min iki yüz altmış yeddi) AZN ziyan dəymişdir. Nəqliyyat vasitəsinin təmiri üçün 1250 AZN (bir min iki yüz əlli) AZN vəsait tələb olunur. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin qiymətləndirilmə hesabatı mötəbər sübut kimi qəbul edilməli, nəqliyyat vasitəsinə dəymiş zərər kimi 13517 AZN məbləğ əsas götürülməlidir. Cavabdehin idarə etdiyi “VAZ 21144” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış "xxxx" ASC tərəfindən iddiaçı "xxxx" ASC-nin hesabına 4550 manat məbləğ ödənilmişdir. Odur ki, "Baic X55" markalı nəqliyyat vasitəsinə dəymiş zərər olan 13517 AZN pul vəsaitindən 4550 manat icbari sığorta üzrə ödənilmiş məbləğ çıxılmaqla 8967 (13517-4550) manat cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin 3 illik iddia müddətin ötürülməsi ilə bağlı ərizəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti keçməmişdir, belə ki, ümumi iddia müddəti on il təşkil edir. Buna görə də cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi rədd edilməlidir. İddia tələbi 8967 manat hissədə təmin edildiyindən, ona mütənasib ödənilməli rüsum 109.67 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8967 manat sığorta ödənişi, 109.67 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Ödənilmiş 125,32 manat dövlət rüsumunun 15.65 manatı iddiaçının özünə aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə 250 manat qiymətləndirilmə xərci Cavabdeh tutularaq "xxxx" MMCnin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8967 manat sığorta ödənişi və 109.67 manat dövlət rüsumu, cəmi 9076.67 manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 125,32 manat dövlət rüsumunun 15.65 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 250 manat qiymətləndirilmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar