Məhkəmə qərarları › İş №e-2(019)-500/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-500/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-500/2025 05.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.000 manat borc müqaviləsi əsasında verdiyi pulun, borc müqaviləsi üçün dövlət rüsumu olaraq ödədiyi 115 manatın, iddianın qaldırılması üçün ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq (tutularaq) ona ödənilməsi (verilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə təxminən iki il əvvəl ona un məmulatları istehsalı zamanı istifadə olunan avadanlıq satdığı zaman tanış olmuş, həmin vaxt o, avadanlığın pulunun bir hissəsini ödəmiş, qalan hissəsini isə müəyyən müddətdən sonra ödəməyə söz vermiş və pulu təyin olunan vaxtdan əvvəl ödədiyindən onun etibarını qazanmışdır. 2024-cü ilin oktyabr ayında Cavabdeh ondan borc olaraq pul istəmiş, 31 oktyabr 2024-cü il tarixdə Balakən regioal "ASAN xidmət" mərkəzində notariat ofisində notarial qaydada borc müqaviləsi bağlamaqla ona 3000 manat borc pul vermişdir. Həmçinin borc müqaviləsinə görə 115 manat dövlət rüsumunu da o ödəmişdir. Müqaviləyə əsasən Cavabdeh həmin 3000 manat pulu xx.xx.2025-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin müddət başa çatdıqdan sonra o borcunu ödəməmişdir. Bu səbəbdən o da Cavabdeh barədə məhkməyə müraciət edərək borc olaraq ona verdiyi 3.000 manat pul və dövlət rüsumu olaraq ödədiyi 115 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, borc müqaviləsi bağlanarkən cavabdehdə rüsum ödəmək üçün lazım olan 115 manat pul olmadığından özü həmin pulu ödəmişdir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razı olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 3000 manat məbləğində pul borc verməyi, borc alan isə xx.xx.2025-ci il tarixədək həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 80-14 saylı mədaxil orderindən görünür ki, müqavilənin notarial qaydada təsdiq edilməsi üçün 115 manat haqq tutulmuşdur. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında borc müqaviləsi bağlanmış, müqavilə iddiaçı və cavabdeh tərəfindən imzalanaraq notarial qaydada təsdiq edilmişdir. İddiaçı 3000 manat məbləğində pulu cavabdehə verməsinə baxmayaraq, cavabdeh borcu xx.xx.2025-ci il tarixədək qaytarmaq öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı həmin borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa İddiaçı borc müqaviləsinin notarial qaydada təsdiq edilməsi üçün 115 manat haqq ödəmiş, həmin haqqın iddiaçı tərəfindən ödənilməsini Cavabdeh da məhkəmə hazırlıq iclasında təsdiq etmişdir. Göründüyü kimi iddia tələbi həmin hissədə də əsaslıdır. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, borc müqaviləsinə əsasən 3.000 manat pul, borc müqaviləsi üçün dövlət rüsumu olaraq ödənilən 115 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 50 manat cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh borc müqaviləsinə əsasən 3.000 manat pul, borc müqaviləsi üçün dövlət rüsumu olaraq ödənilən 115 manat və iddianın qaldırılması üçün ödənilmiş 50 manat dövlət rüsumu, cəmi 3165 manat pul alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar