Məhkəmə qərarları › İş №e-2(019)-540/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-540/2023

27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-540/2023 27.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı İbrahimova (Baradova) Gülnar Eldar qızının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı İbrahimova (Baradova) Glnar Eldar qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İbrahimova (Baradova) Gülnar Eldar qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(019)-697/2020 saylı qətnaməsi ilə oğlanları xx.xx.2014-cü il tarixdə doğulmuhş X7 və qızları xx.xx.2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarını dəyişərək Cavabdeh uşaqlarının saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 250 manat alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İbrahimova (Baradova) Gülnar Eldar qızı iddiasını onunla əsaslandırmışdır ki, nikahlarını 20 fevral 2013-cü il tarixdə 06 sayla Balakən rayon Talalar kənd İnzibati Ərazi Dairəsində rəsmiləşdirməklə Balakən rayonu Talalar kənd sakini Cavabdeh ilə evlənmişlər. Birgə nikahdan iki uşaqları: X15 xx.xx.2014-cü il tarixdə və X10 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. 2016-cı ilin əvvəlindən Söhrabdan ayrılmışdır. Balakən Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli 2(019)-1835/2016 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və uşaqlarının hər ikisinin onun himayəsində saxlanılması qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-697/2020 saylı qətnaməsi ilə uşaqları-xx.xx.2014-cü il tarixdə doğulmuş X15 və xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qərara alınmışdır. O, heç bir yerdə işləmir, uşaqların ehtiyacları müntəzəm olaraq artır. Söhrab tərəfindən ödənilən alimentin miqdarı çox azdır. Ona uşaqlara baxılmasında valideynləri kömək edir. Uşaqların atası Söhrab onların saxlanılmasında ödədiyi 300 manat alimentdən başqa ona heç bir köməklik göstərmir. Alimenti də gecikdirməklə ödəyir. Söhrab Balakən rayonu Talalar kənd Körpələr Evi-Uşaq Bağçasında gözətçi işləməklə 309 manat əmək haqqı alır. Bundan başqa kənd ərazisində ət kəsimi və satışı ilə də məşğul olur. Onun müəyyən qazancı var. Söhrabın uşaqlarının baxılıb saxlanması üçün yüksək məbləğdə aliment ödəmək imkanı var. Məhkəmə iclasında iddiaçı İbrahimova (Baradova) Gülnar Eldar qızının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş, əlavə olaraq iddiaçı İbrahimova (Baradova) Gülnar Eldar qızının Balakən Mərkəzi Rayon Xəstəxanasında qeydiyyat şöbəsində işlədiyini və 340 manat əmək haqqı aldığını bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın qəbul etməyərək, yeni ailə qurmadığını, İbrahimova (Baradova) Gülnar Eldar qızı ilə birgə nikahdan xx.xx.2014-cü il tarixdə doğulmuş X15 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 başqa uşaqlarının olmadığını, Talalar kənd Körpələr Evi-Uşaq Bağçasında gözətçi işlədiyini, 277 manat əmək haqqı aldığını, lakin 2022-ci ilin axırlarında əmək haqqının artırılaraq 309,82 manat təşkil etdiyini, ət kəsimi və satışı ilə məşğul olmadığını, lakin şəxsi təsərrüfatının olduğunu bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan Balakən rayonu İcra Hakimiyyətinin Talalar kənd İnzibati Ərazi Dairəsinin xx.xx.2023-cü il tarixli 358 nömrəli arayışından görünür ki, İbrahimova X4 sakinidir. İş materiallarında olan Balakən rayonu İcra Hakimiyyətinin Talalar kənd İnzibati Ərazi Dairəsinin xx.xx.2023-cü il tarixli 333 nömrəli arayışından görünür ki, Baradov X2 sakinidir. Talalar kənd Körpələr Evi-Uşaq Bağçasında gözətçi vəzifəsində işləyir. Qonşuların deməsinə görə həm də ət kəsimi fəaliyyəti ilə məşğul olur. İş materiallarında olan Azərbaycan Respublikası Balakən rayonu Talalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən 19 avqust 2014-cü il tarixdə verilmiş AZ-İİİ 364384 №-li və 16 fevral 2016-cı il tarixdə verilmiş AZ-İİİ 698838 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından 05 avqust 2014-cü il tarixdə X15 və 06 fevral 2016cı il tarixdə X11 doğulmuşdur. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 08 avqust 2020-ci il tarixdə verilmiş AZ-İ 363384 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 nikahı pozulmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2020-ci il 07 ayının 08 günündə 78 № ilə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına İbrahimova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Talalar kənd Körpələr Evi-Uşaq Bağçasının 04 aprel 2023-cü il tarixli arayışından görünür ki, Balakən rayon Talalar kənd sakini Cavabdeh hal-hazırda Talalar kənd Körpələr Evi-Uşaq Bağçasında gözətçi vəzifəsində işləyir, aylıq əlinə çatan əmək haqqı 309.82 manatdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)- 697/2020 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli 2(019)-1835/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 05 avqust 2014-cü ildə anadan olmuş X7 və 06 fevral 2016-cı ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X8 verilməlidir. İş materiallarından həmçinin görünür ki, tərəflər arasında hazırki alimentin artırılması tələbi ilə bağlı ilkin mediasiya sessiyası keçirilmiş, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmədikləri üçün xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. 50 manat mediasiya xərcini İddiaçı ödəmişdir. İş materiallarına əlavə olunmuş Balakən rayonu Hənifə kənd soveti tərəfindən 17 dekabr 1988-ci il tarixdə verilmiş Xİİİ-JQ 376240 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə doğulmuş, atası X12, anası Nümayəndə yazılmışdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iddiaçı İbrahimova (Baradova) Gülnar Eldar qızı hazırki iddia ilə bağlı 50 manat mediasiya xərci ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən iddiaçı İbrahimova (Baradova) Gülnar Eldar qızının xeyrinə Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla), bir uşağın saxlanması üçün hər ay 170 manat, iki uşağın saxlanması üçün hər ay 340 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatının yüksəlməsi, aliment təyin edilən 16 sentyabr 2020-ci ildə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 170 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması ( uşaqlar üçün yaşayış minimumunun 2023-cü ildə isə 220 manat təşkil etməsi) və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşağa görə 150 manat həmin uşaqların yaşının və bu xüsusda tələbatının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması, iddiaçı İbrahimova (Baradova) Gülnar Eldar qızının Balakən MRX-da işləməklə aylıq 340 manat əmək haqqı alması, həmçinin Cavabdeh işlədiyi Balakən rayonu Talalar kənd Körpələr Evi-Uşaq Bağçasında gözətçi kimi aldığı 277 manat əmək haqqının artırılaraq 309,82 manat təşkil etməsi və şəxsi təsərrüfata malik olması halı da nəzərə alınmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideylərin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə bir uşağın saxlanması üçün hər ay 150 manat, iki uşağın saxlanması üçün cəmi 300 manat aliment təyin edildikdən sonra iddiaçı 2 ildən artıq müddət ərzində alimentin artırılması üçün məhkəməyə müraciət etməmiş, cavabdeh də bu müddət ərzində təyin edilmiş aliment ödənişindən əlavə uşaqların maddi təminatında iştirak etməmişdir. Faktiki olaraq iddiaçı uşaqların saxlanması üçün əsas yükü öz üzərinə götürmüşdür. Aliment təyin edilən 16 sentyabr 2020-ci il tarixdə Samir Baradovun 6, Səbinə Baradovanın 4 yaşı olduğu halda, hazırda onların yaşı və bu xüsusda tələbatı da artmışdır. Hazırki şəraitdə isə hər uşağa 150 manat təyin olunmuş alimentlə uşaqların artan tələbatını ödəmək və onların əvvəlki təminat səviyyəsini maksimal saxlamaq qeyrimümkündür. Bu hallar da alimentin artırılmasını tələb edir. Ölkə üzrə uşaqlar üçün 2023-cü il üzrə yaşayış minimumu 220 manat müəyyən olunmuşdur. Belə olan halda uşaqların saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşaqların əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. İddia ərizəsindən, iddiaçının nümayəndəsinin izahatından və iş materiallarından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə cavabdehin hər ay hər bir uşağa ödəməli olduğu 150 manat aliment yetkinlik yaşına çatmayan həmin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan cavabdehin əmək haqqının 277 manatdan 309,82 manata qalxması və onun şəxsi təsərrüfatının olması, həmçinin uşaqların tələbatının artması və həyat şəratinin bahalaşması ilə bağlı uşaqların saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Belə ki, ümumməlum faktdır ki, Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu məbləği artırılmışdır. Həmçinin iş materiallarından görünür ki, cavabdeh, yalnız təyin olunmuş aylıq alimenti ödəməyə çalışmış, alimentin təyin olunduğu vaxtdan sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşaqların artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşaqların məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşaqların əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir. Bu konteksdə məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, ləyaqətinə hörmət olunması hüququ vardır. Həmçinin qanun normalarının tələbinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və mövcud məhkəmə praktikasına görə uşaqlara qulluq göstərmək, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu valideynin üzərinə düşdükdə yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutulur. Bu hal faktoloji və hüquqi əsas olaraq Azərbaycan Respublikasının məhkəmə praktikasında tətbiq olunur. Belə ki,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda,məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşaqların artan tələbatları konteksində onları əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin-iddiaçının üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşaqların saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşaqların əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu xüsusda aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay hər uşağa 170 manat, hər ay iki uşağa görə 340 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir.Ona görə də məhkəmə hesab edir ki,iddia qismən-təyin olunmuş alimentin hər ay hər uşağa görə 170 manat, hər ay iki uşağa görə 340 manat miqdarında artırılması hissəsində təmin edilməli, hər ay hər uşağa görə 170 manat, hər ay iki uşağa görə 340 manat aliment məbləğindən artıq tələb hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Repsublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(019)-697/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 05 avqust 2014-cü il tarixdə doğulmuş X7 və 06 fevral 2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, iki uşağa görə hər ay cəmi 340 manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı İbrahimova (Baradova) Gülnar Eldar qızına verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin iddianın təmin olunmuş məbləğinə mütənasib olaraq Cavabdeh 50 manat dövlət rüsumu alınaraq iddiaçı İbrahimova (Baradova) Gülnar Eldar qızına ödənilməli, həmçinin 10,8 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(019)-697/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın); 05 avqust 2014-cü il tarixdə doğulmuş X7 və 06 fevral 2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, iki uşağa görə hər ay cəmi 340 manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı İbrahimova (Baradova) Gülnar Eldar qızına verilsin; iddia qalan hissədə təmin olunmasın; Cavabdeh 50 manat dövlət rüsumu alınaraq iddiaçı İbrahimova (Baradova) Gülnar Eldar qızına və 10,8 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar