Məhkəmə qərarları › İş №e-2(019)-565/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-565/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-565/2025 23.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 300 manat əsas borc, 15 manat faiz, 43,50 manat verilmiş kredit üzrə xidmət haqqı və 181,50 manat cərimə borcu olmaqla, cəmi 540 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh www.manato.az saytı vasitəsilə bağladığı xx.xx.2023-cü il tarixli, **********001 saylı mikrokredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən borcalanın sorğusu əsasında şəxsi məqsədləri üçün 30 gün müddətinə illik 60.85% ödəmək şərtilə 300 AZN məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********001 saylı mikro kredit müqaviləsinə görə, "xxxx" BOKT MMC tərəfindən borclu Cavabdeh verilən mikro kredit məbləği üzrə xidmət haqqının məbləği 43,50 manat təşkil etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinin 2-ci yarımbəndinə əsasən borcalan müqavilənin şərtlərinə uyğun olaraq verilmiş mikro kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. "xxxx" BOKT MMC tərəfindən həmin mikrokredit müqaviləsi üzrə tələb hüququ xx.xx.2024cü il tarixli 02/24 nömrəli müqavilə əsasında “"xxxx" BOKT MMC-dən İddiaçı ASC-yə güzəşt edilmişdir. Hazırda mübahisənin aid olduğu maddi hüquq münasibətinin tərəfi kimi İddiaçı ASC çıxış edir. Tələb hüququ ötürülən tarixdə borcun məbləği 540 manat təşkil etmişdir (tələb hüququnun keçməsinə dair müqavilənin surətini qoşmada təqdim edirik). Tələb güzəşt edilən tarixdən sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Hazırda cavabdehin xx.xx.2023-cü il tarixli, **********001 saylı müqavilə üzrə əsas və faiz borcu 315 manat təşkil edir. Mikrokredit müqaviləsinin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yetirilməməsinə görə kreditor cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 181,50 manat təşkil edir. Cərimə borcu bu qayda ilə hesablanır: 300 AZN*0,85% = 2,55 AZN (Gündəlik gələn gecikmə cərimə faizidir). Əlavə olaraq 2,55 AZN*71 (Gecikmə günü sayı) = 181,50 AZN (1.14-cü bəndində qeyd olunan gecikmə günlərinə görə olan 0.85% məbləği). Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2023-cü il tarixli, **********001 saylı müqavilə üzrə 300 manat əsas borcu, 15 manat faiz, 43,50 manat verilmiş kredit üzrə xidmət haqqı və 181,50 manat cərimə borcu olmaqla, cəmi 540 manat borcu yaranmışdır (maliyyə arayışı əlavə edilmişdir). Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada (pretenziya qaydasında) həll edilməsi cəhdi nəticə verməmişdir. Cavabdehin kredit müqaviləsində qeyd edilən elektron poçt ünvanı aktiv olmadığından pretenziya məktubu yalnız kredit müqaviləsində qeyd edilən mobil nömrəsinə WhatsApp vasitəsilə təqdim edilmişdir (müvafiq ekran fotoları qoşmadadır). İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi və kredit borcuna dair maliyyə arayışıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin XXİİİ-İ-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizənin sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdeh 19 aprel 2025-ci il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsindən görünür ki, bank borc alana şəxsi məqsədləri üçün 30 gün müddətinə illik 60.85% faiz dərəcəsi ilə 300 AZN məbləğində kredit verməyi, borc alan isə krediti və bütün digər məbləğləri müqavilədə göstərilən müddətdə və qaydada qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.14-cü bəndinə əsasən, öhdəliklərin vaxtında yetirilməməsinə görə kreditor cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85%-i həcmində faiz tələb etmək hüququna malikdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" BOKT MMC tərəfindən 300 manat Cavabdeh bank hesabına ödənilmişdir. xx.xx.2024-cü il tarixli 02/24 nömrəli müqavilədən və 03 saylı əlavədən görünür ki, "xxxx" BOKT MMC tərəfindən həmin mikrokredit müqaviləsi üzrə tələb hüququ İddiaçı ASC-yə güzəşt edilmişdir. xx.xx.2025-ci il tarixli BOA-5065 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı **********001 saylı mikro kredit müqaviləsi üzrə tələb hüququ xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə güzəşt edilmişdir. Borcun ödənilməmiş hissəsi 300 manat əsas borc, 15 manat faiz, 43.5 manat verilmiş kedit xətti üzrə xidmət haqqı və 181.5 manat cərimə borcu olmaqla cəmi 540 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, kredit müqaviləsinə əsasən cavabdehə 30 gün müddətinə illik 60.85 faiz dərəcəsi ilə 300 AZN məbləğində kredit verilmiş, verilən kredit məbləği üzrə xidmət haqqının məbləği 43,50 manat təşkil etmişdir. Lakin o, aldığı pul vəsaitini müqaviləyə uyğun ödəməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə borcu, ona hesablanmış faizləri və xidmət haqqını cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Lakin tələb edilən cərimə tənasübsüz surətdə yüksəkdir. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10 manat həcmində müəyyən edilməlidir. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 300 AZN əsas, 15 AZN faiz, 43,50 AZN verilmiş kredit üzrə xidmət haqqı, 10 manat cərimə, cəmi 368.50 AZN borc və 20.47 AZN dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsinə əsasən 300 AZN əsas, 15 AZN faiz, 43,50 AZN verilmiş kredit üzrə xidmət haqqı, 10 manat cərimə borcu, cəmi 368.50 AZN borc və 20.47 AZN dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar