Məhkəmə qərarları › İş №e-2(019)-598/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-598/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-598/2025 07.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı Cavabdeh 330.2 manat məbləğində əsas kredit borcunun, 8.25 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 7.16 manat cərimə olmaqla cəmi 345.61 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında kiçik iddialar üzrə iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 36010***-*******02L saylı Əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas Kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 15% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış Əsas kredit razılaşmasının şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (pretenziya) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Əsas Kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2025-cü il tarixə İddiaçı ASC-yə 330.2 manat məbləğində əsas kredit borcu, 8.25 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu,7.16 manat cərimə olmaqla,cəmi 345.61 manat məbləğində borcu qalmaqdadır. Tələbin əsaslılığını təsdiq edən sənədlər:kredit limit razılaşması və ona əlavə(Sms bildiriş); borc haqqında arayış;bank hesabından çıxarış. Balakən Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC-ti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iddia ərizəsinə tərəflərindən bütün zəruri sübutların əlavə edilməsini nəzərə alaraq, məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməklə,iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 36010422- ********** nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır.Kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 15% ödəmək şərti ilə, 2000 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş kredit borcunun, faizlərin və penyanın hesablaması haqqında arayışda göstərilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 330.2 manat əsas borcu, 8.25 manat faiz borcu,7.16 manat cərimə borcu olmaqla cəmi 345.61 manat borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 36010***-*******02 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən Cavabdeh illik 15 faiz dərəcəsi ilə 36 ay müddətinə 2000 AZN məbləğində kredit verilmişdir.Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə onun kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 330.2 manat əsas, 8.25 manat faiz borcu yaranmış,ona 7.16 manat cərimə borcu hesablanmışdır. Cavabdeh borcu ödəmədiyindən İddiaçı ASC hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi 330.20 manat əsas borca və 8.25 manat faiz borcuna görə əsaslı olduğundan təmin edilməlidir. Həmçinin,məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, kredit razılaşmaları üzrə penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 01 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 36010***-*******02 saylı kredit müqaviləsi üzrə 330.2 manat əsas borc, 8.25 manat faiz borcu, 01 manat cərimə borcu olmaqla, cəmi 339,45 manat kredit borcu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu xərcinin 29,40 manatı alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ,36010***-*******02 saylı kredit müqaviləsi üzrə 330.2 manat əsas borc, 8.25 manat faiz borcu, 01 manat cərimə borcu , cəmi 339.45 manat kredit borcu, ödənilmiş dövlət rüsumu xərcinə görə 29,40 manat alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar