Məhkəmə qərarları › İş №e-2(019)-62/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-62/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-62/2025 24.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 2199.00 AZN, faiz borcuna görə 468.49 AZN, cərimə borcuna görə 211.72 AZN, cəmi 2879.21 AZN məbləğində borcun və 48.8 manat məbləğində dövlət rüsumunun İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1241 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 166 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh oğlunun əsas borc üzrə 2199.00 AZN, faiz borcuna görə 468.49 AZN, cərimə borcuna görə 211.72 AZN, cəmi 2879.21 AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərələr arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, işdə iştirak edə bilməyəcəklərini bildirərək, işə onların iştirakı olmadan mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmidiər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********1241 saylı kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə Cavabdeh illik 28 % dərəcəsi olmaqla 24 ay müddətinə 3000 AZN məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən Kredit Alan Kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlıvaxtında yerinə yetirmədiyi və Ödəniş Cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə Kredit Alan Kredit Verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. xx.xx.2023-cü il tarixli kredit kartının mədaxil aktından görünür ki, Cavabdeh kredit məbləğinin üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında ona təqdim edildiyini təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli **********1241 saylı kredit müqaviləsi üzrə əsas borcu 2199.00 AZN, faiz borcu 468.49 AZN və cərimə borcu 211.72 AZN olmaqla cəmi borcu 2879.21 AZN təşkil edir. məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/8128 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 06 fevral 2023-cü il tarixli, **********1241 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı MM QBKT-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2024-cü il tarixə (maliyyə arayışı tarixinə): əsas borc üzrə - 2.166,46 manat, faiz borcu üzrə - 293,37 manat. xx.xx.2024-cü il tarixə (qərardadın tarixinə): əsas borc üzrə - 2.166,46 manat, faiz borcu üzrə - 522,53 manat. ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. Məhkəmə iddia ərizəsini iş materiallarında olan sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli **********1241 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3000 AZN məbləğində kredit verilmiş, kredit məbləği kredit kartında ona təqdim edilmiş, lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə borcu və ona hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsas borc və faiz borcunun həcminə münasibətdə qismən əsaslıdır. Məhkəmə xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə xx.xx.2024-cü il tarixli ekspert rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək hesab edir ki, cavabdehin əsas kredit borcu və faiz borcu barədə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, həmin rəydə aparılmış tədqiqatın müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə məhkəmə-mühasibat ekspertizası üzrə ixtisaslaşmış ekspert tərəfindən tərtib edilmiş, odur ki, cavabdeh tərəfin əsas kredit borcu və faiz borcu barədə işin hallarını obyektiv və ədalətli şəkildə əks etdirir. Ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, rəydəki məlumatların həqiqiliyinə təminat kifayət qədər yüksəkdir, iddiaçı ekspert rəyi təkzib edəcək, onun mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, ekspert rəyinə istinad etməklə Cavabdeh xx.xx.2024-cü il tarixə iddiaçıya olan əsas kredit borcunu 2166.46 manat, faiz borcunu 293.37 manat kimi qəbul edir. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Lakin tələb edilən cərimə tənasübsüz surətdə yüksəkdir. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı 20 manat həcmində müəyyən edilməlidir. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2166.46 AZN əsas, 293.37 AZN faiz, 20 AZN cərimə olmaqla, cəmi 2479.83 manat borc və 42.03 manat dövlət rüsumu İddiaçı MM QBKT-nın xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə münasib olaraq (iddia tələbi təqribən 86% hissədə təmin edilmişdir) iş üzrə 100,00 manat ekspertiza xərci tərəflərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2166.46 manat əsas, 293.37 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 2479.83 manat borc və 42.03 manat dövlət rüsumu İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 manat ekspertiza xərcinin 86 manatı Cavabdeh və 14 manatı İddiaçı X1- Bank Kredit Təşkilatından tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar