Məhkəmə qərarları › İş №e-2(019)-621/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-621/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-621/2023 03.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cəmi 768.51 (yeddi yüz altmış səkkiz ABŞ Dolları 51 sent) ABŞ Dolları əsas borcun və iş üzrə ödənilmiş 33.07 (otuz üç manat, 07 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli **********15 USD nömrəli kassa-məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1400 (bir min dörd yüz) ABŞ Dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 1400 ABŞ Dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Kassa-məxaric orderindən də göründüyü kimi ödənişin təyinatı xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn münasibətlərdən yaranmışdır. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsdə də, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Hazırda Bank tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirliməsi və korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 1400 ABŞ Dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. Kassa-məxaric orderi- nağd vəsaitin kassadan məxaricini sübut edən sənəddir. Qeyd etməyi zəruri hesab edirlər ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X5rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Göründüyü kimi, Cavabdeh bankın ümumilkdə 1400 ABŞ Dolları məbləğində pulunu xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddətdə əldə edərək əsassız varlanmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh olunun əsas borcu 768.51 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********111 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Coşqun İbrahimxəlilli məhkəməyə ərizə göndərərək, iddia tələblərini tam müdafiə etdiklərini bildirərək, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirib iddia tələbinin tam təmin edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi hazırki işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etdiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirərək, onun LPO "xxxx" ASC-yə kredit borcunun olmadığını, həmçinin hazırki iddia tələbi üzrə iddia müddətinin keçdiyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə iddia müddəti keçdiyi üçün iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 27 dekabr 2017-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş və iflas prosedurlarına başlanılması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan 23 fevral 2023-cü il tarixli maliyyə arayışında Cavabdeh iddiaçı LPO "xxxx" ASC-yə 768,51 ABŞ dolları əsas, 1176,79 ABŞ dolları faiz, 1027,55 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 252,89 ABŞ dolları faiz borcu olmaqla, müqavilə tələbi əsasında ümumi borcun 3225,74 ABŞ dolları borcunun yaranması və müqavilənin müddətinin 29 oktyabr 2015-ci il-29 oktyabr 2016-cı il olması qeyd edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qərardadından görünür ki, Ləvğ prosesində olan İddiaçı PASC-nin Cavabdeh qarşı 768.51 USD əsas, müqavilə müddəti üçün hesbalanmış 195.44 USD faiz, 1302.14 USD cərimə, xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 174.08 USD borc, ümumilikdə 2440.17 USD məbləğində borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə hazırki iddianın qaldırılması ilə əlaqədar 33.07 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Ləğv prosesində olan İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondunun 21 sentyabr 2023-cü il tarixli **********871 nömrəli məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, ödəniş cədvəli aşkar edilmədiyindən tərəflərindən məhkəməyə təqdim edilməsi qeyri-mümkündür. Odur ki, tələb olunan sənədlərdən yalnız kassa-məxaric orderinin surəti göndərilir. İş materiallarına əlavə olunmuş 29 oktyabr 2015-ci il tarixli kassa-məxaric orderinin surətində Cavabdeh İddiaçı ASC-dən 1400 ABŞ dolları kredit aldığı qeyd olunur. Lakin həmin kassa məxaric orderinin əsli məhkəməyə təqdim olunmamışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, LPO "xxxx" ASC ona qarşı 768.51 ABŞ Dolları əsas borc və iş üzrə ödənilmiş 33.07 manat dövlət rüsumu tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. O, 2016-cı ilin fevral ayında "xxxx" ASC-yə sonuncu ödənişi etmişdir. Odur ki, "xxxx" ASC-nin ona qarşı iddia vermə müddəti keçmişdir. İddia müddətini tətbiq edilərək "xxxx" ASC-nin ona qarşı borc tələbinə dair iddiasının rədd olunmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti keçdiyi və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyi üçün iddia təmin edilməməlidir. Belə ki, iş üzrə Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı borc tələbinə dair iddia üzrə iddia müddəti keçdiyindən, hazırki iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1-ci maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.2-ci maddəsinə əsasən fiziki şəxslərin həyatına və ya sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi haqqında iddialar üzrə iddia müddətinin axımı həmçinin fiziki şəxsin müvafiq orqana pensiya və müavinət təyin edilməsi haqqında müraciəti ilə əlaqədar olaraq pensiya və ya müavinət təyin edilənədək və ya təyin etməkdən imtina olunanadək dayandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.3-cu maddəsinə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 Xamuşinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə X7 Məhkəmə Kollegiyasının 25 dekabr 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 iyul 2004-cü il tarixli qərarında göstərilir ki, həmin MM-nin 380-ci maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımı, borclu şəxsin borcunu etiraf etməsini təsdiq edən hərəkətləri ilə kəsilir. Fasilədən sonra iddia müddətinin axımı yenidən başlayır; fasiləyə qədər keçmiş vaxt yeni müddətə hesablanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanması göstərilən xx.xx.2015-ci il tarixli kredit müqaviləsini, ödəniş cədvəlini və xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin əslini məhkəməyə təqdim edə bilməmiş, bunu həmin sənədlərin məhv edilməsi və ya yoxa çıxması ilə əsaslandırmışdır. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanması göstərilən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, ödəniş cədvəli və xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin əsli məhkəməyə təqdim edilə bilinməsə də, iş materialları ilə, o cümlədən xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin surəti və cavabdehin təsdiqi ilə müəyyən olunur ki, LPO "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2015-cı il tarixli, **********15 kredit müqaviləsi 12 ay müddətinə bağlanmışdır ki, həmin müqavilənin də başa çatma müddəti xx.xx.2016-ci il tarixdir. Yəni bu sözügedən kredit müqaviləsinə əsasən müəyyənləşdirilmiş öhdəliklərlə bağlı icra müddəti 29 oktyabr 2016-ci il tarixdir və qanunvericiliyə əsasən də kredit müqaviləsinə dair tələb üzrə iddia müddətinin axımı həmin icra müddətinin bitdiyi 29 oktyabr 2016-ci il tarixdən hesablanmalıdır. İşdəki sübutlara əsasən müqavilə üzrə son ödəniş 2016-cı ilin fevral ayında edilmiş, müqavilə müddətinin başa çatdığı 29 oktyabr 2016-cı il tarixdən sonra isə cavabdeh tərəfindən həmin müqavilə üzrə iddiaçıya heç bir ödəniş edilməmişdlir. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bunun əksini, yəni Cavabdeh tərəfindən fevral 2016-cı il tarixdən və ya xx.xx.2016cı il tarixdən sonra həmin müqavilə üzrə kredit ödənişi etməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən (Mülki Məcəllənin 381.1-ci maddəsi) iddia məhkəmə tərəfindən baxılmamış saxlanıldıqda iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etdiyi üçün Balakən Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qərardadı ilə iddianın baxılmamış saxlanması iddia müddətinin axımını dayandırmır. Məhkəmə işin faktoloji hallarına və qanunvericiliyin tələbinə istinad edərək, hesab edir ki, hazırki tələb üzrə iddia müddətinin axımı müqavilə müddətinin bitdiyi 29 oktyabr 2016-cı ildən hesablanmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyəti ilə bağlı sözügedən 3 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı qərarında qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxrmaq zərurətindən azad edir. Deryus Litvaya qarşı, Baranovski Polşaya qarşı və Braniovski Polşaya qarşı işlərdə Avropa Məhkəməsi göstərmişdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standartlara cavab verməlidir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarına istinad edərək qeyd edir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqədardır. Bu hal da hər zaman bir-biri ilə üst-üstə düşmür. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. İddia müddəti ilə bağlı oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında da əks olunmuşdur. İddia müddətləri və onların hesablanması ilə bağlı qaydalar bir sıra ölkələrin (Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Belarus, Almaniya, Fransa, Türkiyə və s.) qanunvericiliklərində də müəyyən edilmişdir. Bu dövlətlərin qanunvericiliklərində iddia müddətləri müxtəlif müəyyən edilsə də, mahiyyət etibarı ilə eyni məqsədə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 377.1 və 377.2-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 3 iyun 2013-cü il tarixli qərarına əsasən müqavilə üzrə iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin bitməsi tarixindən, Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən borclu şəxs borcunu etiraf etməsini göstərən hərəkətlər etdikdə isə həmin hərəkətlərin edildiyi vaxtdan şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanmalıdır. Məhkəmə iş materiallarına və yuxarıda istinad olunan qanunvericilik aktlarına istinad edərək, hesab edir ki, hazırki xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dair tələb üzrə 3 illik iddia müddətinin axımı həmin 29 oktyabr 2016-ci il tarixdən hesablanmalıdır. Göstərilənlər əsasında həmçinin o qənaət də hasil olunmalıdır ki, iddiaçının xx.xx.2015-cı il tarixli kredit müqaviləsi ilə bağlı ehtimal edilən subyektiv hüququ obyektiv an-29 oktyabr 2016-ci il tarixdən başlayır və məhz həmin tarixdən o, öz hüquqlarının pozulduğunu bilməli idi. Belə ki, "xxxx" ASC peşəkar kredit müəssisəsi kimi özünə məxsus olan pul vəsaitini sonradan qaytarmaq şərtilə kredit formasında müştəriyə verir və bu zaman ödənilən faizlər həmin təşkilatın qazancını təşkil edir. Kredit təşkilatının əsas funksiyalarından biri də kredit vermə funksiyasıdır. Verdiyi kredit məbləğlərinin qaytarılmasına nəzarət etmək və bununla bağlı müvafiq hüquqi prosedurlardan istifadə etmək kredit müəssisəsinin vəzifəsidir. Bu zəmində məhkəmə hesab edir ki, müştəriləri ilə çoxlu sayda kredit müqaviləsi bağlayan və bu sahədə peşəkar kreditvermə funksiyasını yerinə yetirən "xxxx" ASC və onun ləğvedicisi məhz qeyd olunan 29 oktyabr 2016-ci il tarixdən başlamaqla bu növ iddialar üçün qanunda müəyyən olunmuş 3 illik müddət ərzində özünün hüquqlarının pozulduğunu bilməli idi. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia müddətinin axımının dayandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd olunmuş halların mövcud olması və iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmiş, eyni zamanda iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1-ci maddəsində iddia müddətinin axımının dayandırıldığı hallar müəyyən edilmişdir ki, həmin hallar da yuxarıda sadalanmışdır. Lakin iş materiallarından görünür ki, hazırki işdə iddia müddətinin axımının dayandırılmasına səbəb olmuş qanunda göstərilən halların heç biri baş verməmişdir. İddiaçı hazırki iş üzrə öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu gündən başlayaraq 3 il ərzində cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ərzində xx.xx.2015-cı il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi ilə, o cümlədən məhkəmənin 09 yanvar 2020-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlandıqdan sonra ümumi qaydada axımı davam edən iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş, həmin 3 illik iddia müddəti keçdikdən sonra xx.xx.2023-cü il tarixdə bu tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh da hazırki iddia üzrə iddia müddəti keçdiyindən iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddianın rədd olunmasını xahiş etmişdir. Eyni zamanda LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh xx.xx.2015-ci il tarixli müqavilə üzrə məhz 768.51 ABŞ dolları əsas borcunun olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və ödəniş cədvəli aşkar edilmədiyndən onları məhkəməyə təqdim edə bilmədiyini göstərmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, həmin kredit müqaviləsi və ödəniş cədvəli mövcud deyildir. Bu xüsusda cavabdehin həmin xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə hansı məbləği ödəməsi və onun nə qədər borcunun qalması və ya borcunun qalmaması barədə ödəniş cədvəlinə istinad edən dəqiq məlumat və fakt yoxdur və iddiaçı da belə dəqiq məlumat və faktları məhkəməyə təqdim edə bilməmişdir. Bu xüsusda məhkəmə iddiaçının təqdim etdiyi 23 fevral 2023-cü il tarixli maliyyə arayışını mötəbər sübut saymır. Belə ki, kreditin ödəniş cədvəli mövcud olmadığı halda həmin maliyyə arayışı ödəniş cədvəlinə və digər ödəniş sənədlərinə istinad edilməməklə cavabdehin iddiaçıya nə qədər borcunun olmasını və ya olmamasını dəqiq göstərə bilməz. Həmin maliyyə arayışında hər hansı maliyyə sənədinə istinad edilməklə borcun qeyd edilməsi göstərilməmişdir. Həmçinin hətta cavabdehin göstərilən məbləğdə əsas borcunun olması hipotetik olaraq qəbul edilsə belə iddia müddəti keçdiyi üçün həmin tələb təmin oluna bilməz. Məhkəmə hesab edir ki, hazırki işdə iddia müddəti keçdiyindən iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmaması üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur və ona görə də iddia təmin olunmamalıdır. Məhkəmə, Cavabdeh izahatını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi üçün iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı cəmi 768.51 (yeddi yüz altmış səkkiz ABŞ Dolları 51 sent) ABŞ Dolları əsas borc tələbinə dair iddiası təmin olunmamalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 33.07 manat dövlət rüsumu iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi üçün iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı cəmi 768.51 (yeddi yüz altmış səkkiz ABŞ Dolları 51 sent) ABŞ Dolları əsas borc tələbinə dair iddiası təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 33.07 manat dövlət rüsumu iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar