Məhkəmə qərarları › İş №e-2(019)-622/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-622/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-622/2023 26.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh İsa oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İsa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsa oğlundan 4840 manat məbləğində borcun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehi tanıyır. Cavabdeh 23 dekabr 2019-cu il trixdə ondan bir ay müddətinə qaytarmaq şərti ilə 5000 manat borc pul almışdır. Cavabdeh bu barədə ona yazılı qəbz vermişdir. Həmin puldan ona16 aprel 2020ci ildə 160 manat pul vermişdir. Lakin qalan borcu qaytarmır. Hazırda pulunu tələb etsə də, qaytarmaqdan imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydadad xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqramlarla müraciət edərək, keçiriləcək məhkəmə iclaslarında işi ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini göstərərək, məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının hazırki işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyi və belə hala Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.6 və 259.0.7-ci maddələrinin tələbləri tətbiq edilmədiyi üçün işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh İsa oğlu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin ondan iddiaya hər hansı etiraz və iddia müddətinin tətbiqi barədə hər hansı ərizə məhkəməyə təqdim olunmamışdır. Baxmayaraq ki, cavabdehə hüquq və vəzifələrinin izahaı, o cümlədən iddiaya yazılı etiraz etiraz vermək hüququnun izahı barədə bildiriş göndərilmişdir. Məhkəmə cavabdehin məhkəmə prosesinə təkrar gəlməməsini üzrsüz hal hesab edərək Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh İsa oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh X2 tərəfindən İddiaçı “X1 xx.xx.2019-cu il tarixdə İddiaçı 5000 (beş min) manat borc aldım-1 aya qaytaracam və yazını özüm yazdım.yazını özüm yazdığıma dair öz imzamla təsdiq edirəm.Bunu yazarkən heç bir zor gücünə yazmamışam. X2.xx.xx.2019» adlı sadə yazılı qəbz vermişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı X3 tərəfindən «mən İddiaçı Məmmədov Bəhruzdan xx.xx.2020-ci ildə 5000 manat borcundan 160 mantı aldım.4840 (dörd min səkk iz yüz qırx) manat borcu qaldı. İddiaçı» adlı sadə yazılı qəbz verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş AA seriyalı 198241 №-li məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkündür. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh İsa oğlu 23 dekabr 2019-cu ildə İddiaçı 1 ay müddətinə qaytarmaq şərti ilə 5000 manat borc pul almışdır. Cavabdeh İsa oğlu iddiaçıdan borc aldığı 5000 manat puldan 16 aprel 2020-ci il tarixdə 160 manatı İddiaçı qaytarmış və bununla da iddiaçıya 4840 manat borcu qalmışdır. İddiaçı dəfələrlə həmin 4840 manat borcu qaytarmasını Cavabdeh İsa oğlundan tələb etsə də, cavabdeh həmin 4840 pulu iddiaçıüya qaytarmamışdır. Bununla da Cavabdeh İsa oğlu İddiaçı 4840 manat məbləğində maddi ziyan vurmuş və həmin məbləğdə iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, işdəki sübutlarla Cavabdeh İsa oğlunun İddiaçı 5000 manat borc pul alması, həmin 5000 manat pulun 160 manatını qaytarmaqla qalan 4840 manat borcu iddiaçıya ödəməməsi və nəticədə iddiaçının hesabına həmin məbləğdə əsassız varlanmaqla ona 4840 manat məbləğində maddi zərər vurması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 4840 manat pul tələbi təmin edilməlidir. Cavabdeh İsa oğlu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş İddiaçı 5000 manati borc almaması, ondan 160 manat hissəsini ödəməməsi və onun İddiaçı 4840 manat borcunun olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda iddiaya yazılı etirazını və iddia müddətinin tətbiqi ilə bağlı yazılı ərizəsini məhkəməyə göndərməmiş və təqdim etməmişdir. Bununla da Cavabdeh İsa oğlu iddia tələbinə etirazla bağlı hər hansı halların mövcud olmasını sübut etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarından görünür ki, İddiaçı məcburi köçkündür. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən 4840 manat iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 68,40 manatdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məcburi köçkün kimi İddiaçı hazırki iddianın qaldırılması üçün dövlət rüsumunu ödəməkdən azad olunduğu və iddia tam təmin olunduğu üçün Cavabdeh İsa oğlundan 68,40 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan hüquq normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İsa oğlundan 4840 manat məbləğində borc pul alınaraq İddiaçı verilməlidir. Həmçinin Cavabdeh İsa oğlundan 68,40 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin; Cavabdeh İsa oğlundan 4840 manat məbləğində borc pul alınaraq İddiaçı verilsin; Cavabdeh İsa oğlundan 68,40 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar