Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-632/2022 13.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2 (019)-1294/2018 saylı qətnaməsi ilə oğluxx.xx.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarını dəyişərək Cavabdeh uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 250 manat alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, nikahlarını xx.xx.2016-cı il tarixdə 03 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat Şöbəsində 3559 sayla rəsmiləşdirərək, Bakı şəhəri Sulutəpə qəsəbəsində yaşayan Cavabdeh ilə evlənmişlər. Birgə nikahdan xx.xx.2017-ci il tarixdə X7 adında bir uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2 (019)- 1294/2018 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış rəsmi nikah pozulmuş, oğlu Yusifin onun himayəsində saxlanması və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi qərara alınmışdır. O, heç yerdə işləmir, oğlu Yusif 5-ci yaşdadır. Yusifin ehtiyacları müntəzəm olaraq artır. Samir tərəfindən ödənilən alimentin miqdarı çox azdır. Ona uşağa baxılmasında valideynləri kömək edirlər. Uşağın atası Cavabdeh oğlunun saxlanmasına ödədiyi 110 manatdan başqa heç bir köməklik göstərmir. Samir fərdi işlərlə məşğul olur, müəyyən qazancı vardır. Samirin uşağının baxılıb saxlanması üçün yüksək məbləğdə aliment ödəmək imkanı vardır. Hazırda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manatdır. Lakin o, alimentin artırılması ilə bağlı indi məhkəməyə müraciət edir. Bakı şəhərində və Bakının ətraf şəhər və rayonlarında bir uşağa görə 193 manat aliment təyin olunur. Samir də Bakı şəhərinə yaxın ərazidə yaşayır. Onun aylıq qazancı yüksəkdir. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına təkrarən gəlməmiş, lakin hazırki iddia ərizəsinə yazılı etirazını məhkəməyə göndərmiş, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. İş materiallarında olan 3 saylı Bakı «ASAN xidmət» Mərkəzi tərəfindən 22 noyabr 2017-ci il tarixdə verilmiş AZ-İV 036991 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci il tarixdə X7 doğulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2 (019)-1294/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı «Asan xidmət» mərkəzi qeydiyyat şöbəsində 3559 nömrə ilə bağlanmış nikah pozulmuş, boşanmadan sonra onların uşağıxx.xx.2017-ci il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılmış, xx.xx.2018-ci il tarixdən başlayaraq azyaşlı-xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 dekabr 2018-ci il tarixdə verilmiş AZ-İ 312535 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv ediləsi haqqında akt qeydləri kitabında 2018-ci ilin dekabr ayının 19 günündə 146 № ilə qeyd edilmişdir. İş materiallarında olan Balakən rayonu İcra Hakimiyyətinin Balakən şəhər inzibati ərazi dairəsinin xx.xx.2022-ci il tarixli 887 saylı arayışından görünür ki, Əliyeva X4 rayonu Mincivan qəsəbəsi Cəfər Cabbarlı küçəsi 24 saylı ünvanda qeydiyyatda olmasına baxmayaraq hal-hazırda ünvan 2də yaşayır. X2 Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2 (019)-1294/2018 saylı qətnaməsinə əsasən anası İddiaçı himayəsindədir və halhazırda yuxarıda göstərilən ünvanda yaşayırlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞİH-18304 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2022-ci il tarixli MŞİH 18304 nömrəli mediasiya prosessinə xitam verilməsi barədə protokoldan görünür ki, hazırki tələb üzrə mediasiya prosesi həyata keçirilmiş, lakin Cavabdeh mediasiya prosesinə gəlmədiyinə görə mediasiya prosesinə xitam verilmiş və İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh hazırki iddia ilə bağlı məhkəməyə göndərdiyi yazılı etirazından görünür ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş vardır. Bildirmək istəyir ki, iddiaçının tələbi əsassızdır. Onunla iddiaçı arasında olan nikah 19 dekabr 2018-ci ildə pozulmuşdur. Birgə nikahlarından xx.xx.2017-ci il doğum tarixli bir övladları vardır. İddiaçı tərəfindən ilk dəfə alimentin tutulması ilə bağlı 2018-ci il tarixdə məhkəməyə müraciət edilmiş, məhkəmənin 23 oktyabr 2018-ci il tarixli 2 (019)-1294/2018 saylı qətnməsi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq azyaşlı övladı 05.111.2017-ci il doğum tarixli X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tərəfindən hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini əsaslandırarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə istinad etmişdir. Qanunvericilyin də tələbindən göründüyü kimi, tərəflərdən birinin maddi vəziyyətində dəyişiklik olarsa alimentin miqdarı dəyişdirilə bilər. İddiaçı tərəf iddia ərizəsində onun əlavə olaraq fərdi işlə məşğul olduğunu qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir, çünki bu cəfəngiyyatdır. Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli olan şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir. O, həftənin 5 günü səhər saat 9:00-dan 18:00-a qədər "xxxx" QSC-də təmir və monitorinq bölməsində mütəxəssis vəzifəsində işləyir. Vergilər və digər məcburi ödənişlər tutulduqdan sonra yekun əmək haqqısı 439 AZN təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə görə 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində məhkəmə tərəfindən aliment tutulur. Qanunvericiliyin də tələbindən göründüyü kimi, 1 uşağa gəlirinin dörddə bir hissəsi tutula bilər. 439 manatın dörddə bir hissəsi 110 AZN təşkil edir. O cümlədən bildirmək istəyir ki, valideynləri heç biri işləmir və hal-hazırda onun himayəsindədir. Özü isə bu yaxınlarda ailə qurmağa hazırlaşır. Digər bir tərəfdən qeyd etmək istəyir ki, iddiaçı tərəf məktəbdə müəllimə işləməklə yanaşı, dərsdən sonra şagirdlərə əlavə ödənişli dərslər keçməklə müəyyən qazanclar əldə edir. Aylıq gəliri 700-800 AZN təşkil etdiyi halda alimentin miqdarının artırılmasını tələb etmək absurddur. İddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, həmçinin cavabdehin iddiaya qarşı məhkəməyə ünvanladığı yazılı etirazını və iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla), hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının ıə X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatının yüksəlməsi, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018ci il tarixli qətnaməsi ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 154 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat təşkil etməsi) və bu xüsusda uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X1 üçün Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(019)-1294/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş 110 manat aliment həmin uşağın yaşının və bu xüsusda aradan keçən 4 ilə yaxın müddət ərzində tələbatının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması, həmçinin cavabdehin müvafiq aylıq qazanca (gəlirə) malik olması halı nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, cavabdehin ödədiyi 110 manat aliment yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması və aliment tələbinə dair mübahisəyə baxılarkən Cavabdeh işləməsi, o cümlədən "xxxx" QSC-də işləməsi və əmək haqqının, aylıq qazancının (başqa gəlirlərinin) hansı məbləğ təşkil etməsi barədə məhkəməyə məlumat verməmiş, bu barədə hər hansı sübut təqdim olunmamışdır. Baxmayaraq ki, o, həmin işə baxılarkən məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, nikahın ləğv edilməsini, azyaşlı uşağın iddiaçının yanında saxlanmasını və uşağın saxlanması üçün əmək haqqısının 1/4 hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. Ona görə də Cavabdeh işləməsi, o cümlədən "xxxx" QSC-də işləməsi və əmək haqqı alması iddia tələbi və ona etirazla bağlı məhkəmənin araşdırma və hüquqi qiymətləndirmə predmeti olmamış, bu, işin faktoloji halı kimi müəyyən olunmamışdır. Həmin qətnamədə Cavabdeh işləməsi, aylıq qazanca (gəlirə) malik olması halı müəyyən edilməyərək, bu əsasla ondan sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ona görə hazırki iş üzrə Cavabdeh özünün etiraf etdiyi kimi "xxxx" QSC-də təmir və monitorinq bölməsində mütəxəssis vəzifəsində işləməsi və məbləğini dəqiq göstərməsə də aylıq əmək haqqı alması Ailə Məcəlləsinin 112.1-ci maddəsində almentin artırılması əsası kimi göstərilən onun maddi vəziyyətində dəyişiklik olması halı kimi nəzərə alınmalıdır. Belə ki, 23 oktyabr 2018-ci il tarixli qətnamə ilə aliment təyin edilən vaxt şəxsin işləməsi müəyyən olunmadığı halında bu qətnamədən sonra onun işləməsi və aylıq müvafiq artımla əmək haqqına malik olması onun maddi vəziyyətində müsbət mənada dəyişik olmasını, yəni maddi vəziyyətinin yaxşılaşmasını ehtiva edir. Alimentin miqdarı müəyyən olunduqdan sonra şəxsin maddi vəziyyətinin yaxşılaşması isə təyin olunan alimentin artırılması üçün faktoloji və hüquqi əsas kimi çıxış edir. Digər tərəfdən ümumməlum faktdır ki, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdrı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən uşaqlar üçün yaşayış minimumu məbləği artırılmışdır. Belə ki, aliment təyin olunan 2018-ci ildə uşaqlar üçün yaşayış minimumu məbləği 154 manat olduğu təqdirdə, 2022-ci il üçün bu məbləğ 193 manat təşkil etmişdir. Uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inktişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Həmçinin qanun normalarının tələbinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və mövcud məhkəmə praktikasına görə uşağa qulluq göstərmək, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşağın himayəsində olduğu valideynin üzərinə düşdükdə yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutulur. Bu hal faktoloji və hüquqi əsas olaraq Azərbaycan Respublikasının məhkəmə praktikasında tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İş üzrə Cavabdeh hazırki iddia tələbinə dair etirazında iddiaçı tərəfindən Ailə Məcələsinin 112-ci maddəsində göstərilən halların olmasını, o cümlədən onun maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların məhkəməyə təqdim olunmadığını, iddia tələbinin əsaslandırıldığı halların sübut edilmədyini göstərir. Bu xüsusda məhkəmə bir daha qeyd edir ki, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən Cavabdeh işləməsi, o cümlədən "xxxx" QSC-də işləməsi və müəyyən məbləğdə əmək haqqı alması faktoloji hal olaraq müəyyən olunmamış və bu konteksdə məhkəmənin qiymətləndirmə predmeti olmamışdır. Cavabdeh tərəfindən də həmin iş üzrə məhkəməyə müraciət olunarkən onun işləməsi, o cümlədən "xxxx" QSC-də işləməsi və müəyyən məbləğdə əmək haqqı alması göstərilməmiş və bu barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh "xxxx" QSC-də işləməsi və müəyyən məbləğdə əmək haqqı almasını hazırki iş üzrə iddiaya etirazında bildirmişdir və bu hal, hazırki iş üzrə müəyyən olunmuş faktoloji haldır. Yuxarıda göstərildiyi kimi, belə olan vəziyyətdə bu hal və həmçinin həmin qətnamə çıxarıldıqdan sonra hazırki vaxtadək onun əmək haqqında ehtimal olunan artımın olması cavabdehin maddi vəziyyətində dəyişiklik olaraq Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması əsası kimi qəbul edilməlidir. Eyni zamanda cavabdeh iddiaya etirazını əsaslandırdığı hal kimi həftənin 5 günü səhər saat 9.00-dan 18.00-a qədər "xxxx" QSC-də təmir və monitorinq bölməsində mütəxəssis vəzifəsində işlədiyni və vergilər və məcburi ödənişlər tutulduqdan sonra yekun əmək haqqının 439 AZN təşkil etdiyini, Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə həmin 439 AZN manatın bir uşağın saxlanması üçün dörddə bir hissəsinin 110 AZN təşkil etdiyini, ondan da 110 AZN alimentin tutulduğunu və bununla da alimentin artırılması üçün əsasın olmadığını göstərir. Məhkəmə iddiaya etirazın bu halını qəbul etməyərək, bildirir ki, qanuna görə aliment digər məcburi ödənişlər tutulduqdan sonra (vergilərdən başqa) qalan məbləğdən deyil, vergilər tutulduqdan sonra qalan əmək haqqında tutulur. Belə ki, alimentin özü də ödəmədir və qanunda digər ödənişlər (vergidən başqa) tutulduqdan sonra alimentin tutulması halı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 №-li qərarı ilə uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri təsdiq edilmişdir ki, həmin normativ aktın 1-ci bəndinə əsasən uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur: 1.1. əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından, o cümlədən: pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşlarından, vaxtamuzd və işəmuzd qiymətlər və əməyin ödənilməsinin digər sistemləri üzrə əmək haqlarından; pul və ya natura ilə əmək haqqına olan bütün növ əlavələrdən; pul və natura ilə verilən mükafatlardan; iş vaxtından artıq vaxtda görülən işə görə, habelə istirahət, səsvermə və iş günü hesab edilməyən bayram günlərində, eləcə də ümumxalq hüzn günündə görülən işə görə pul və ya natura ilə verilən əmək haqqından; işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələrdən; müvəqqəti əvəzetməyə görə ödəmədən; qanunvericiliklə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan; qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən; xidmət illərinə görə işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan; il ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan; əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqından; qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlardan, daimi xarakter daşıyan müəlliflik artist qonorarlarından və quruluş haqqından. 1.2. Qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlirlərdən, o cümlədən: məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərdən və sosial müavinətlərdən (dəfn üçün müavinət istisna olmaqla); istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən; faktiki alınan pensiyadan; ali və orta ixtisas məktəblərində və kurslarda oxuyan müddətdə alınan təqaüdlərdən; aliment ödəyənin həyətyanı sahəsindən və yardımçı təsərrüfatından əldə etdiyi gəlirdəki payından; işsizlikdən sığorta ödənişindən. 1.3.Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə ailə kəndli təsərrüfatından əldə etdiyi xalis gəlirdən. 1.4. Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələrdən. Həmin Normativ aktın 5-ci bəndinə əsasən aliment aşağıdakılardan tutulmur: yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da daxil olmaqla); əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzindən; maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən; ezamiyyət ilə bağlı verilən ödəmələrdən, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələrdən, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələrdən; ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyərindən və ya onların kompensasiyasından; işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə profilaktika qidalarının dəyərindən; qanunvericiliklə nəzərdə tutulmuş hallarda pulsuz qidaların (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəəti hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər) dəyərindən; sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyərindən; başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üçün ödənilən xərclərdən; işəgötürən tərəfindən istehsalatdan ayrılmaqla ixtisasartırma kurslarına göndərilmiş işçilərə ödənilən təqaüdlərdən; yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatlarından; gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlərdən; elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə görə verilən mükafatlardan; ixtiralara və səmərələşdirici təkliflərə görə birdəfəlik mükafatlardan. Sözügedən Aktın 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.5-ci maddəsinə əsasən alimentlər də gəlir vergisindən azaddır. Lakin cavabdeh bu xüsusda iddiaya etiraz etsə də, bu etirazıq əsaslandırıldığı hallar kimi, əmək müqaviləsi (kontraktı) üzrə onun əmək haqqının nə qədər təşkil etməsini, o cümlədən: pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşının, pul ilə əmək haqqına olan bütün növ əlavələrin və pul ilə verilən mükafatların və digər ödəmələrin aylıq nə qədər təşkil etməsini iddiaya etirazında göstərməmiş, onun əmək haqqından hansı məcburi ödənişlərin tutulmasını, digər məcburi ödənişlər deyil, vergilər tutulduqdan sonra aldığı əmək haqqının nə qədər təşkil etməsini qeyd etməmişdir. Halbuki qanuna görə aliment vergilər tutulduqdan sonra yerdə qalan məbləğdən tutulur. Qeyd olunanlar iddiaya bu etirazın faktoloji və hüquqi əsasa malik olmadığını göstərir və ona görə də məhkəmə etirazın bu halını qəbul etmir. Cavabdeh həmçinin iddiaya etirazın əsaslandırıldığı hallar kimi işləməyən valideynlərinin onun himayəsində olduğunu və ailə qurmağa hazırlaşdığını qeyd edir. Məhkəmə iddiaya etirazın bu hallarını da qəbul etmir. Belə ki, cavabdeh valideynlərinin işləmədiyini və onun himayəsində olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa nəzərə çatdırılır ki, qanunvericiliyə əsasən işləməyən şəxslər müvafiq işsizlik müavinəti alır, həmçinin pensiya yaşına çatmış şəxslərə və ya əlilliyi olan şəxslərə dövlət tərəfindən müvafiq pensiya və ödənişlər ödənilir. Digər tərəfdən cavabdehin bildirdiyinə görə ailə qurmağa hazırlaşması onun hələ ailə qurması və ailə vəziyyətində dəyişikliyin baş verməsi demək deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Ailə Məcəlləsinin 112.1-ci maddəsində o cümlədən alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi əsası kimi tərəfin o cümlədən ailə vəziyyətində dəyişikliyin baş verməsi; onun yeni nikaha girməsi, himayəsində yetkinlik yaşına çatmayan uşaqların olması və s. göstərilmişdir. Bu xüsusda iş materiallarına əsasən cavabdehin ailə vəziyyətində heç bir dəyişiklik baş verməmişdir. Həmçinin Cavabdeh iddiaya etirazında iddiaçı tərəfin məktəbdə müəllimə işləməklə yanaşı, dərsdən sonra şagirdlərə əlavə ödənişli dərslər keçməklə müəyyən qazanc əldə etməsi və iddiaçının aylıq gəlirinin 700-800 manat təşkil etməsini göstərsə də, iddia tələbinə etirazının əsaslandırıldığı hal kimi İddiaçı dərsdən sonra şagirdlərə əlavə ödənişli dərslər keçməklə müəyyən qazanc əldə etməsi və aylıq gəlirinin 700-800 manat təşkil etməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, bu halın mövcudluğunu sübut edə bilməmişdir. İş materiallarında da İddiaçı dərsdən sonra şagirdlərə əlavə ödənişli dərslər keçməklə müəyyən qazanc əldə etməsi və aylıq gəlirinin 700-800 manat təşkil etməsini təsdiq edən heç bir sübut yoxdur. Ona görə məhkəmə iddiaya etirazın bu halını da qəbul etmir. Ümumiyyətlə Cavabdeh tərəfindən iddia tələbinə etirazını əsaslandırdığı qeyd olunan halların mövcudluğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, bu halların mövcudluğu sübut edilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Eyni zamanda İddiaçı da cavabdehin əlavə olaraq fərdi işlərlə məşğul olmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmiş, bu halın mövcudluğunu sübut edə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin işləməsi və aylıq əmək haqqı alması ilə bağlı faktoloji hal, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu konteksdə aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay 170 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismənmüəyyən olunmuş alimentin 170 manat miqdarında artırılması hissəsində təmin edilməli, 170 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(019)-1294/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh ödənilmiş 34 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(019)-1294/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin; iddia qalan hissədə təmin olunmasın; Cavabdeh ödənilmiş 34 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-632/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-632/2022
13.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver