Məhkəmə qərarları › İş №e-2(019)-640/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-640/2022

29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-640/2022 29.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2395 (iki min üç yüz doxsan beş) manat məbləğində pul və ödənilmiş 44 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayon Qazma kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında üç uşağı ilə birlikdə yaşayır. Ailəsi dağılıb təkbaşına üç uşağını çox çətinliklə dolandırır. Balakən rayonuna gedib-gələrkən əksər vaxtlarda ailəvi tanışı olan Cavabdeh sərnişin avtobusu ilə gedib-gəlmişdir. Bundan başqa rayona göndərdiyi və ya rayondan ona gələn əşyaları Vahid gətirmişdir. Bu minvanla etibarını qazanmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh ona zəng edərərək dara düşdüyünü, təcilli olaraq 3 aya qaytarmaq şərti ilə ondan 1000 manat borc pul istəmişdir. Ona o məbləğdə pulu olmadığını bildirmişdir. O,çox israr etmiş, ondan qızıl əşyasını verməyini,qızılı lombarda qoyub əvəzində pul götürə biləcəyini demişdir. Çox təkid etdiyinə görə razılaşmışdır. Alim adında taksi sürücüsünü yaşadığı ünvan 2 ünvanındakı evinə göndərmişdir. Evdə olan qızı Jasminə özünə məxsus qızıl boyunbağını ona verməsini demişdir. Əli ona söz verdi ki, boyunbağını iki üç aya qaytaracaqdır. Lakin, Cavabdeh boyunbağını qaytarmaqdan yayınmışdır. 3 ay sonra ona zəng edərək (ümumiyyətlə Əli ilə telefon danışıqları ona məxsus ***-***-**-**, ***-***-**-** nömrələrlə Cavabdeh məxsus 050 ***-**-** nömrəsi ilə aparılmışdır) boyunbağını qaytarmasını tələb etmişdir. Cavabdeh yalan vədlər verərək pulunu qaytarmaqdan yayınmışdır Sonra isə ümumiyyətlə telefonlarına cavab verməmişdir. Buna görə də 2022-ci ilin fevral ayında Nizami RPŞ-nə şikayət etmişdir. Nizami RPŞ-də bu hal araşdırılmışdır. Nəticə olaraq cinayət işinin başlanması rədd edilmişdir və məhkəməyə müraciət etməyi qərara alınmışdır. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət emək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İstehsal-İstehlak Kooperativi tərəfindən 26 may 2022-ci il tarixdə verilmiş rəydən görünür ki, bir ədəd Rusiya istehsalı 583 əyarlı, 27 qram boyunbağı-2395 (iki min üç yüz doxsan beş) manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 21 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-441 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə sübutları bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı Balakən rayon Qazma kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında üç uşağı ilə birlikdə yaşadığını, Balakən rayonuna gedib-gələrkən əksər vaxtlarda ailəvi tanışı olan Cavabdeh sərnişin avtobusu ilə gedib-gəldiyini, xx.xx.2020-ci il tarixdə Cavabdeh ona zəng edərərək dara düşdüyünü, təcilli olaraq 3 aya qaytarmaq şərti ilə ondan 1000 manat borc pul istədiyini, ona o məbləğdə pulu olmadığını bildirməsini, Əlinin ondan qızıl əşyasını verməyini,qızılı lombarda qoyub əvəzində pul götürə biləcəyini deməsini, qızıl boyunbağısını lombarda qoyması üçün Əliyə verməsini,Əlinin boyunbağını üç aya qaytaracağına söz verdiyini, lakin qaytarmadığını göstərərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. İddiaçı qızıl boyunbağısının olmasını,qızıl boyunbağısını lombarda qoyması üçün Cavabdeh verməsini, Əlinin boyunbağını üç aya qaytaracağına söz verməsini, lakin qaytarmadığını göstərsə də bunları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Bundan başqa İddiaçı qızıl boyunbağısının Cavabdeh verdiyini, sonuncunun onu qaytarmadığını iddia etsə də Cavabdeh qarşı qızıl boyunbağı tələbinə dair deyil, onun dəyəri olaraq 2395 (iki min üç yüz doxsan beş) manat pulun alınması barədə iddia qaldırmışdır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi 2395 manata aid hissədə təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi 44 manat dövlət rüsumu xərcinə aid hissədə də təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar