Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-646/2022 29.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 33.000 (otuz üç min) manat əsas borcun, borc məbləğini gecikdirdiyinə görə 3.300 (üç min üç yüz) manat faizin və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu məbləğinin, ümumilikdə cəmi 36.500 (otuz altı min beş yüz) manat məbləğlərinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bayrəməli oğlu iddiasını onunla əsaslandırmışdır ki,Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 3M-211 reyestr nömrəli kredit müqaviləsinə əsasən tərəfindən Cavabdeh 30.000 (otuz min) manat məbləğində borc verilmişdir. Sözügedən müqavilənin şərtlərinə əsasən o həmin borc məbləğini xx.xx.2020-ci il tarixinə kimi qaytarmalı olduğu halda bunu etməmiş, bununla da qanunla müəyyən edilmiş öhdəliyi yerinə yetirməmişdir. Müqavilənin 8-ci bəndində nəzərdə tutulmuşdur ki,“Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya ödəmədikdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqdır. Müqavilənin 9-cu bəndinə əsasən isə, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Bununla yanaşı, tərəfindən Cavabdeh əlavə olaraq onun xahişi ilə 3.000 (üç min) manat borc da ona “Xəzri” ödəniş sistemi ilə xx.xx.2020-ci də verilmişdir. Lakin, qeyd edilən borc məbləğləri borclu tərəfindən bu günə kimi ona qaytarılmamışdır. Öhdəliyin icrası ilə bağlı tərəfindən borcluya dəfələrlə məlumatlar verilməyinə baxmayaraq o, üzərinə düşən öhdəliyini icra etməmiş bununla da onu ciddi maddi sıxıntılara salmışdır. Eyni zamanda, həmin pul məbləğlərinin Cavabdeh qanunamüvafiq şəkildə alınması və onunla birgə digər şəxsin ona qarşı mənzil satmaq adı ilə dələduzluq etməsi ilə bağlı aidiyyatı üzrə hüquq mühafizə orqanlarına şikayəti əsasında Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Qabil Hüseynov tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 fevral 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarda izahatı alınmış Cavabdeh özü də etiraf etmişdir ki, həqiqətən də tərəflər arasında borc müqaviləsi bağlanılmış, lakin onun ödənilməsi və ya tutulması üçün məhkəməyə vermək hüququ vardır. Hesab edir ki, Cavabdeh 33.000 (otuz üç min) manat məbləğində pul vəsaiti məhkəmə qaydasında tutularaq ona ödənilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı , onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş,lakin İddiaçı məhkəməyə teleqram göndərərək işdə olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək xx.xx.2022-ci il tarixdə saat 15:20-ə təyin edilmiş baxış iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.1-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini etiraf etməyərək göstərdi ki , nümayəndəsi olduğu Cavabdeh özünə məxsus mənzilin alqısatqısı ilə bağlı İddiaçı ilə tanış olmuşdur. Onlar mənzili 75000 manata razılaşmışlar. Razılıqlarına əsasən İddiaçı ilkin olaraq 15000 manatı Cavabdeh ödəmiş, qalan məbləği isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. 2020-ci ilin sentyabr ayında Cavabdeh açacağı market üçün pul ehtiyac olmuş və o, İddiaçı bir ay müddətinə qaytarmaq şərtilə 30000 manat borc pul istəmişdir. İddiaçı özündə pul olmadığını, lakin başqa şəxsdən pul götürüb verə biləcəyini bildirmişdir.16 sentyabr 2020-ci ildə İddiaçı Bakı şəhəri 40 saylı notariat ofisində,xx.xx.2020-ci il tarixli, 3M-211 reyestr nömrəli kredit müqaviləsi bağlamaqla Cavabdeh 30000 manat pulu borc vermişdir. Müqaviləyə əsasən Cavabdeh 12 oktyabr 2020-ci il tarixə kimi həmin məbləği geri qaytarmağı öhdəsinə götürmüşdür.Cavabdeh 12 oktyabr 2020-ci il tarixə kimi pulu qaytara bilməmiş, ondan bir həftə sonra 19 oktyabr 2020-ci il tarixdə yaşadığı evdə, anası X3 və tanışları Şahid1 Mürüvət qızının yanında 30000 manatı İddiaçı qaytarmışdır. Həmin vaxt İddiaçı pulu götürmüş və gedib kredit müqaviləsini ləğv etdirəcəyini bildirmişdir. O, vaxtdan iki ilə yaxın vaxt keçdikdən sonra İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Cavabdeh borc aldığı 30000 manatı qaytarmışdır, onun İddiaçı heç bir borcu yoxdur. İddia tələbi həmin hissədə əsassızdır. Həmçinin İddiaçı tələb etdiyi 3000 manatı Cavabdeh evə görə vermişdir. Odur ki, onun həmin tələbi də əsassızdır. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-211 reyestr nömrəli kredit müqaviləsinin 3-cü bəndində pulun faizsiz verildiyi qeyd edilmiş, buna görə İddiaçı borca görə faiz tələb etməsi də əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş, Cavabdeh anası X5 məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil1 izahatına uyğun ifadə verərək, ifadəsində onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Mürüvət qızı göstərdi ki, “Gözəllik salonu”nda işləyir. Cavabdeh tanıyır, onunla və onun anası Leyla ilə mehriban münasibətləri vardır. 2020-ci ilin sentyabr ayında Fatimagil yaşadıqları evin altında market açmışlar.O, da qızını həmin marketdə işə qoymaq istəmişdir. Marketin açılışı ilə əlaqədar Fatimagilə pul lazım olmuş, onlar ev alqı-satqısı ilə bağlı tanış olduqları İlqar adlı şəxsdən bir ay müddətə qaytarmaq şərtilə 30000 manat borc almışlar.2020-ci ilin oktyabr ayında o, “manikür,pedikür” etmək üçün Fatimagildə olarkən İddiaçı onlara gəlmiş, həmin vaxt Fatima və anası borc aldıqları 30000 manatı İddiaçı qaytarmışlar.İlqar onlara bildirmişdir ki, notariusa gedib müqaviləni ləğv etdirəcəkdir. Sonradan eşitmişdir ki, İddiaçı pulu alsa da yenidən Fatimadan həmin pulu tələb edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı 30000 (otuz min ) manat məbləğində borc pulu Cavabdeh borc vermiş, Cavabdeh borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən tərəflər borcun faizsiz verilməsini şərtləndirirlər. Müqavilənin 8-ci bəndinə əsasən “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqdır. Müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 30000 (otuz min) manat məbləğində borc pul almış və aldığı borc pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh xahişi ilə İddiaçı ona 3.000 (üç min) manat pulu da “Xəzri” ödəniş sistemi ilə xx.xx.2020-ci də vermişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və tələb edilməsinə baxmayaraq iddiaçıya borclu olduğu 33000 manat pulu ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslı olduğundan təmin edilməlidir. Faiz borcu ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445-ci maddəsinə əsasən: 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Cavabdeh aldığı borcu öhdəliyin icrası üçün müəyyən olunmuş müddətdə qaytarmadığından məhkəmə hesab edir ki,İddiaçı gecikdirməyə görə illik beş faizi tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının həmin faizi iki ilə görə tələb etməsi əsaslı deyildir.Belə ki, iş materiallarından görünür ki, cavabdeh pulun ödənilməsini 2020-ci ilin oktyabr ayından geçikdirməyə başlamışdır. İddia ərizəsi isə 13 iyun 2022-ci ildə,yəni bir il səkkiz aydan sonra verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının faiz tələbi bir il səkkiz ay üçün əsaslı hesab oluna bilər. Bu isə 2750 manat təşkil edir. Borcun qaytarılması barədə cavabdehin nümayəndəsinin etirazı ilə bağlı məhkəmə qeyd edir ki,Mülki Məcəllənin 529.3-cü maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh nümayəndəsi kredit müqaviləsi və “Xəzri” ödəniş sistemi ilə verilmiş borcun qaytarılmasını göstərsə də bunu təsdiq edən heç bir sənədi məhkəməyə təqdim edə bilmədi. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin etirazını əsaslı hesab etmir. Bundan başqa məhkəmə şahid qismində dindirilmiş Leyla Məmmədovanın cavabdehin anası, Şahid1 isə onun rəfiqəsi olmalarını nəzərə alaraq, onların ifadələrinə tənqidi yanaşaraq, ifadələri həqiqətə uyğun olmadıqlarına görə sübut kimi qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, 200 manat dövlət rüsumu xərci də təmin edilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 33000(otuz üç min) manat , borc məbləğinin gecikdirilməsinə görə illik beş faiz hesabı ilə 2750 (iki min yeddi yüz əlli) manat və ödənilmiş 200 manat dövlət rüsumu xərcinin 196 manatı, cəmi 35946 (otuz beş min doqquz yüz qırx altı) manat alınıb İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 33000 (otuz üç min) manat, borc məbləğinin gecikdirilməsinə görə 2750(iki min yeddi yüz əlli ) manat və ödənilmiş 200 manat dövlət rüsumu xərcinin 196(bir yüz doxsan altı) manatı, cəmi 35946 (otuz beş min doqquz yüz qırx altı) manat alınıb İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-646/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-646/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver