Məhkəmə qərarları › İş №e-2(019)-671/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-671/2025

23.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-671/2025 23.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlu, İddiaçı MMCnin Cavabdeh qarşı borc tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, sadələşdirilmiş icraat qaydasında işə baxaraq İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2428 manat 15 qəpik pulun, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 401 saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki,İddiaçı MMC-nin-Balakən 11 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il tarixində aparılmış İnventarizasiya(mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 2950 manat 92 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır.Maliyyə arayışından məlum olur ki,çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2428 manat 15 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir . Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 05 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və 06 may 2025-ci il tarixdə Cavabdeh iddia ərizəsi, prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 07 may 2025-ci il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə,Cavabdeh prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan İddiaçın xx.xx.2023-cü il tarixli 025-İQ saylı işə qəbul etmə haqqında əmrindən Çıxarışda göstərilir ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2023-cü il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilsin.Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilsin. İşdə olan İddiaçın xx.xx.2023-cü il tarixli 123 saylı işə qəbul etmə haqqında əmrindən Çıxarışda göstərilir ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2023-cü il tarixdən administrator vəzifəsinə işə qəbul edilsin. Əmək haqqı ştat cədvəlinə əsasən 390 manat olmaqla ödənilsin. İşdə olan İddiaçın xx.xx.2024-cü il tarixli 401 saylı işdən azad haqqında əmrindən Çıxarışda göstərilri ki,Cəmiyyətin Satış Departamentinin satış şöbəsinini Administatorunun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilsin.Son haqq-hesab: istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin. İşdə olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki,İddiaçı MMC ilə Cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmışdır. İşdə olan İddiaçın 24 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2023-cü il tarixində 2950.92 AZN, çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 2428.15. AZN borc qalmışdır.Beləliklə Cavabdeh 24 sentyabr 2024-cü il tarixinə İddiaçı MMC-nə olan ümumi borcu 2428.15 AZN təşkil edir. İşdə olan Bakı 11 sayli Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasında iştirak etmiş,50 manat İMS,10 manat kargüzarlıq xərcinin ödəmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 401 saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermiş, ”Oba Market” MMC-nin – Balakən 11 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 2950 manat 92 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır.Maliyyə arayışına əsasən çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2428 manat 15 qəpik borcu qalmışdır. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh 2428.15 manat borc alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən mediasiya xərci olaraq ödənilmiş 60 manat Cavabdeh tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli,Cavabdeh 2428.15 manat borc və 60 manat məbləğində məhkəmə xərci alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,222, 284- 6.2. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2428.15 manat borc və 60 manat məbləğində məhkəmə xərci alınıb İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar