Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-680/2025 31.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25000 manat məbləğində pulun, 300 manat vəkilə ödənilmiş xidmət haqqının və 165 manat dövlət rüsumunun, cəmi 25465 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mülki iş üzrə Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh ondan 25000 manat borca pul götürmüş, lakin bugünə qədər qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh borcun etirafına dair sənədə imza edərək ona olan borcunu hər ay 1000 manat olmaqla qaytaracağına söz versə də qaytarmamışdır. Cavabdeh öz üzərinə düşən öhdəliyə və vədinə əməl etmədiyi üçün məcburiyyət qarşısında qalaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh nümayəndəsi Vəkil2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi X1 bildirir ki, İddiaçı xahişi ilə sonuncunun qeyd etdiyi şəxsləri işə düzəltmək üçün xidmət haqqı olaraq pul almış, həmin şəxslərin bir qismi işə düzəlsə digər qisminin işə düzəlməsi müxtəlif səbəblərdən mümkün olmamışdır. İddiaçı 15.000 manat borcu qalmışdır. Lakin İddiaçı Zaqatala rayon prokurorluğunun Vüqar adlı əməkdaşının onun iş yerinə məktub göndərilməsi barədə təzyiqi, həmçinin kriminal aləmə aid edilən şəxləri onun yaşadığı ünvana göndərməklə təzyiq göstərməsi səbəbindən 25.000 manat borc götürməsi barədə qeydi imzalamağa məcbur olmuşdur. 25.000 manat borcunun olması barədə iddiaya etiraz edir. Yalnız 15.000 borcunun olduğunu təsdiq edirək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbi ilə qismən razı olduğunu və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən yazılan borc etirafından görünür ki, Cavabdeh borc almaq məqsədilə İddiaçı 25 min manat pul götürmüşdür. Hazırda borcunu ödəyə bilmir, lakin borcunu hər ay min manat məbləğində qaytaracaq. Cavabdeh tərəfindən yazılan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, dostu İddiaçı ondan etdiyi şikayətlə bağlı bildirmişdir ki, o həmin şəxsdən təxminən 1 il qabaq Zaqatala şəhərində borc pul almışdır və hissə-hissə qaytarmağa söz versə də qaytara bilməmişdir. İş məlumatlarından çıxarışdan görünür ki, EM-1745VK-16512/25 nömrəli müqaviləyə əsasən İddiaçı pul tələbinə dair mülki işə iddiaçının hüquqlarının məhkəmədə müdafiəsinə 300 AZN pul ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsinin dəlillərinə və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 432.2-ci maddəsinə əsasən əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh ondan 25000 manat borca pul götürməsini bildirmiş, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olmasına baxmayaraq tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmamışdır. Lakin Cavabdeh İddiaçı 25000 manat pul almış, bunu xx.xx.2024-cu il tarixdə yazılı şəkildə etiraf edərək öz imzası ilə təsdiq etmiş, hər ay hissə-hissə, yəni 1000 manat olmaqla qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, buna görə də cavabdeh əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalıdır. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh 25000 manat pulun qaytarılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin etiraz ərizəsindəki dəlillərlə bağlı qeyd edir ki, onun 15.000 manat borcu qalmasını, Zaqatala Rayon Prokurorluğunun əməkdaşının təzyiqi, həmçinin kriminal aləmə aid edilən şəxləri onun yaşadığı ünvana göndərilməklə təzyiq göstərməsi səbəbindən 25.000 manat borc götürməsi barədə qeydi imzalamağa məcbur olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, etiraz əsassızdır. Məhkəmə hesab edir ki, məhkəmədə iddianın qaldırılması, bunun üçün müvafiq sənədlərin toplanması və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilən 300 manat məbləğ ağlabatan və ədalətlidir və bu xüsusda həmin 300 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi əsaslıdır və təmin olunmalıdır. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 25000 manat pul, 300 manat vəkilə ödənilmiş xidmət haqqı və 165 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25000 manat pul, 300 manat vəkilə ödənilmiş xidmət haqqı və 165 manat dövlət rüsumu, cəmi 25465 manat pul alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-680/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-680/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver