Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-71/2023 24.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 1.59 ha torpaq sahəsi üçün ödədiyi o vaxtkı məzənnə ilə ******* (yeddi milyon) manat, indiki pulla 1400 manat pulun 2004-cü ilin aprel ayından 2022-ci ilin fevral ayınadək infılyasiyası nəzərə alınmaqla Cavabdeh alınıb ona verilməsi, eyni zamanda cavabdehə ödədiyi 200 manat pulun və torpağın yaxşılaşdırmasına çəkdiyi 14850 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayonunun Yeni Şərif kəndində yaşayır. Özü əkinçilik və maldarlıqla məşğul olur.Cavabdeh həmkəndlisidir. Cavabdeh və onun ailə üzvlərinə 1.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 140 KOD 40100028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Cavabdeh və onun ailə üzvlərinə verilmiş 1.59 ha torpaq sahəsi ona məxsus olan örüş torpaq sahəsinə yaxın ərazidə yerləşir. 2004-cü ildə Cavabdeh onlara verilmiş 1.59 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcilli pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmiş və ondan xahiş edərək torpaq sahəsini almağı xahiş etmişdir. Həmin vaxt cavabdehin ailə üzvülərindən bəziləri Rusiya Federasiyasında və başqa yerlərdə olduğundan torpaq sahəsini almaq istəməmişdir. Cavabdeh ondan xahiş edərək bildirmişdir ki, “biz kişiyik, mən səndən torpağı tələb etmərəm, uşaqlarım tezliklə Rusiyadan gələcək, onda alqı-satqı edərik, mənə təcili pul lazımdır”. 2004-cü ilin aprel ayında Qabaqçöl qəsəbəsində 1.59 ha torpaq sahəsinin gələcəkdə alqı-satqısı ilə bağlı o, Cavabdeh ******* manat, yəni indiki məzənnə ilə 1400 (min dörd yüz) manat pul verməklə onunla şifahi ilkin alqı-satqı müqaviləsi bağlamışlar. Bir müddət sonra Cavabdeh cinayət törətdiyinə görə həbs olunmuşdur. O həbsdən çıxdıqdan sonra 2015-ci ildə həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Lakin bir müddət sonra yenə Cavabdeh həbs olunmuş və onların alqı-satqı müqaviləsi bağlamaları baş tutmamışdır. 2021-ci ildə Cavabdeh ondan əlavə olaraq 200 manat pul istəmiş və yenə də ona yalandan vəd edərək torpağın alqı-satqı müqaviləsini bağlayacaqlarını bildirmişdir. 2022-ci ilin fevral ayında Cavabdeh onun torpaq sahəsini zəbt etməyi ilə bağlı Balakən rayon Polis Şöbəsinə müraciət etmişdir. Balakən rayon Polis Şöbəsində araşdırma aparılarkən onun yuxarıda qeyd etdiyi faktları, yəni ondan indiki pulla 1400 manat pul almasını etiraf etmiş, lakin hazırda torpaq sahəsinin ona lazım olduğunu və torpaqdan çıxmağını tələb etmişdir. Araşdırma müddətində torpaq sahəsini Cavabdeh təhvil verdiyinə görə Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X14 24 fevral 2022-ci il tarixli HK-1-126 saylı qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edir ki, həmin torpaq sahəsini 2004-cü ildə aldıqdan sonra orada yaxşılaşdırma işləri aparmışdır. Belə ki, 1.59 ha torpaq sahəsinin əkinə yararlı vəziyyətə gətirilməsi üçün 2004-cü ildən 2021-ci ilədək hər ildə hər hektara 10 traktor qoşqusu olmaqla 1.59 ha əraziyə 15 traktor qoşqusu üzvi gübrə vermişdir. Torpağa verilmiş üzvi gübrənin (peyinin) bir qoşqusunun qiyməti orta hesabla 30 manat, qoşquya doldurulması üçün 10 manat, səpilməsi üçün 15 manat olmaqla hər qoşquya orta hesabla 55 manat vəsait xərcləmişdir. Bir il ərzində 1.59 ha torpaq sahəsinə 825 manat xərc çəkmişdir. Beləliklə 2004-cü ildən 2021-ci ilədək 18 il ərzində torpaq sahəsinin yaxşılaşdırılmasına, onun əkinə yararlı vəziyyətə gətirilməsinə ümumi çəkilən xərcin məbləği ildə orta hesabla 825x18=14850 manat edir. Beləliklə 2004-cü ildə Cavabdeh və onun ailə üzvlərinə məxsus olan 1.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini o vaxtkı məzənnə ilə ******* (yeddi milyon), indiki 1400 manata Cavabdeh ona satdığına, hazırki halda alqı-satqı müqaviləsi məhkəmə üçün etibarlı hesab olunmadığına, torpaq sahəsinin yaxşılaşdırılması üçün torpağa yaxşılaşdırma xərcləri çəkdiyinə, əşyaya əlavə edilmiş yaxşılaşdırmaların onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olduğuna görə hesab edir ki, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan cavabdehə 1.59 ha torpaq sahəsi üçün ödədiyi o vaxtkı məzənnə ilə ******* (yeddi milyon) manat, indiki pulla 1400 manat pul 2004-cü ilin aprel ayından 2022-ci ilin fevral ayınadək pulun infılyasiyası nəzərə alınmaqla, ekspert rəyində göstərilən məbləğdə-5063.80 manat miqdarında, sonradan verdiyi 200 manat və torpağın yaxşılaşdırmasına çəkdiyi 14850 manat alınıb ona ödənilməlidir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək İddiaçı izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək göstərdi ki, Balakən rayonu Yeni Şərif kəndində yaşayır. Balakən rayonu Yeni Şərif kəndində ona və ailə üzvülərinə məxsus 1.59 ha pay torpaq sahəsi vardır. Təxminən 15 il əvvəl həmkəndlisi İddiaçı ona məxsus 1,59 ha torpaq sahəsini işlətmək üçün ondan istəmiş, o Məhəməli ilə razılaşaraq torpaq sahəsini 1400 manat pula Məhəməliyə vermişdir. Həmin vaxtdan 2022-ci ilə kimi torpaq sahəsini Məhəməli istifadə etmişdir. Onun 2021-ci ildə Məhəməliyə torpaq sahəsini geri verməsini, həmin torpaq sahəsini özünün istifadə edəcəyini demiş, Məhəməli isə ona 200 manat pul verərək “qoy bu ildə mən istifadə edim” dediyinə görə onunla razılaşmışdır. Məhəməli torpaq sahəsindən onun razılığı ilə 2021-ci ildə istifadə etmişdir.O, bu ilin əvvəllərində Məhəməliyə torpaq sahəsindən özünün istifadə edəcəyini dediyində Məhəməli ona torpaq sahəsini geri qaytarmayacağını demişdir. O, həmin torpaq sahəsi ilə bağlı sənədi tapa bilmədiyi uçun 1.59 ha torpaq sahəsi ilə bağlı çıxarış sənədini almış və hal-hazırda həmin torpaq sahəsi onun adınadır.Məhəməli orada heç nə tikməmişdir,heç bir yaxşılaşdırma işləri görməmişdir. Məhəməli sadəcə 15 ilə yaxın həmin torpaq sahəsini əkib becərmişdir.O, ötən il həmin sahədə qarğıdalı əkmiş, heç bir məhsul götürə bilməmişdir. Bundan başqa həmin torpaq sahəsi 8 nəfərin mülkiyyətindədir. O, hər kəsin payını ayırıb özünə vermişdir. İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Balakən rayon DAİM-də bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir. İddiaçı iddiasına dair iş üzrə mütəxəssis rəyi onun tərəfindən verilmişdir. Həmin torpağın münbitləşdirilməsi üçün torpağa peyin və gübrə verilmiş, yaxşılaşdırma işləri görülmüşdür. Torpaq sahəsinə verilmiş peyin və gübrə təxminən 2-3-il torpaq sahəsini münbit saxlayır. İddiaçı hər il torpağa gübrə (peyin) verdiyini bildirmiş,bu hesabla xərc təxmini olaraq 14850 manat hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Yeni Şərif kəndlində yerləşən 1.5926 ha kənd təsərrüfat təyinatlı torpaqlar X1, Cavabdeh, X5, X6, X7, X10, X8 və X9 ümumi birgə mülkiyyətinə verilməklə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon X18 tərəfindən Balakən Rayon Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli 14 nömrəli məktubda göstərilmişdir ki, Balakən rayonu Yeni Şərif kənd sakini Cavabdeh və ailə üzvlərinə məxsus olan 1.59 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən istifadə edən İddiaçı həmin torpağın yaxşılaşdırılması üçün hər il 10-15 traktor qoşqusu ilə peyin səpmişdir. Cavabdeh adına olan 1.59 ha torpaq sahəsinin (2004-2021-ci illərdə) torpaq vergisini İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X15 xx.xx.2022-ci il tarixli 04 nömrəli arayışında göstərilmişdir ki, Yeni Şərif kənd sakini Cavabdeh və ailəsinə pay verilmiş 1.59 ha torpaq sahəsini Yeni Şərif kənd sakini İddiaçı 2004-cü ildən 2021-ci ilədək vergisini ödəməklə istifadə etmişdir. Həmin torpağın yararlı vəziyyətə salınması üçün külli miqdarda vəsait xərcləmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 24 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir ki, “toplanılmış materialda cinayət hadisəsi olmadığından HK-1-126 saylı material üzrə cinayət işinin başlanması rədd edilsin. Balakən rayonu Şərif kənd sakini İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət işinin başlanılması rədd edilsin.Balakən rayonu Yeni Şərif kənd sakinləri Cavabdeh və İddiaçı rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilsin”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon DAİM-nin Bitkiçilik sektoru tərəfindən Yeni Şərif kənd sakinləri İddiaçı istifadəsindəki, Cavabdeh mülkiyyətində olan 1,59 ha torpaq sahəsi ilə bağlı verilmiş rəydə göstərilmişdir ki, Balakən rayon Şərif kənd sakini İddiaçı istifadəsində olan həmkəndlisi Cavabdeh və onun ailə üzvlərinə məxsus 1,59 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixində baxış keçirilmiş və torpağın münbitliyini müəyyən etmək üçün nümunə götürülmüşdür. İddiaçının dediyinə görə həmin torpaq sahəsini yaxşılaşdırmaq üçün 2004-cü ildən 2021-ci ilədək hər il 1,59 hektar sahəyə 15 traktor qoşqu üzvi gübrə (peyin) verilmişdir. Bir qoşqu üzvi gübrənin (peyinin) qiyməti 30 manat, qoşquya doldurmaq üçün 10 manat, sahəyə səpilməsi üçün 15 manat, cəmi 55 manat, 15 qoşqu üçün (15 x 55=825) 825 manat vəsait tələb olunur. 2004cü İldən 2021-ci il ərzində 14850 manat xərc çəkildiyi görünür. Torpaq sahəsinə vizual baxış keçirmədə torpağın münbitliyinin təyin etmək mümkün olmadığı üçün həmin sahədən torpaq nümunəsi götürülüb X17 göndərilmişdir. xx.xx.2022ci tarixində Aqrar Xidmətlər Agentliyi X22 tərəfindən göndərilən analizinin nəticələrinə əsasən demək olar ki, bu illər ərzində həqiqətən torpağın yaxşılaşdırılması üçün işlər görülmüş,torpaq sahəsi münbitləşdirilmişdir.Belə ki, X19 göndərdiyi analizin nəticələrində torpaqda fosfor, kalium və kalsiumım miqdarı çox yüksək, azotun, dəmirin, sinkin, üzvi maddənin (humusun) miqdarının da yüksək olduğu göstərilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli 9/7420 nömrəli ekspert rəyində göstərilir ki, iş materialında olan (cild i.v. 37) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balakən rayon Dövlət X16 Bitkiçilik sektorunun müdiri Şahid tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd olunduğu kimi bu illər ərzində torpaq sahəsində yaxşılaşdırma işləri görülmüş, torpaq sahəsi münbitləşdirilmişdir. Torpaq sahəsindən götürülmüş analizin nəticələrindən görünür ki, torpaqda fosfor, kalium və kalsium miqdarı çox yüksək, azotun, dəmirin, sinkin, üzvi maddənin (humusun) miqdarının da yüksək olduğu göstərilib. Rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X16 Bitkiçilik sektorunun müdiri Şahid tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən 1,59 ha torpaq sahəsini yaxşılaşdırmaq üçün 2004-cü ildən 2021-ci il tarixədək (2021 -ci il daxil) olan müddətdə 14850,00 (18 il x 825 man) manat xərc çəkildiyi müəyyən edilir. O cümlədən: - hər il 1,59 hektar sahəyə 15 traktor qoşqu üzvi gübrə (peyin) verilmişdir. Bir qoşqu üzvi gübrənin (peyinin) qiyməti 30 manat, qoşquya doldurmaq üçün 10,00 manat, sahəyə səpilməsi üçün 15 manat, cəmi 55 manat, 15 qoşqu üçün (15 x 55=825) 825,00 manat. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alinan məlumatlara əsasən hazırkı ekspertiza tədqiqatı ilə aprel 2004-cü il tarixdən məhkəmə ekspertizası təyini haqqında qərardadda göstərilən tarixə yəni, sentyabr 2022-ci il tarixədək olan müddət ərzində 7.000.000,00 pul vahidinin infilyasiyası nəzərə alınmaqla və infilyasiyası nəzərə alınmamaqla nə qədər olması aşağıdakı kimi müəyyən edilir. O cümlədən: İnfilyasiya nəzərə alındıqda 7.000.000/5000x361.7%=5063.8 manat İnfilyasiya nəzərə alınmadıqda 7.000.000/5000=1400,00 manat Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı və cavabdeh Urkayev X11 rayonunun Yeni Şərif kəndində yaşayırlar. Balakən rayonu Yeni Şərif kəndində yerləşən, mübahisəli 1.5928 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh, X2, X5, X6, X7, X10, X8 və X9 ümumi birgə mülkiyyətindədir.Cavabdeh həmin torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada-notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmadan 2004-cü ildə o vaxtkı məzənnə ilə 70000000 manata (1400 AZN)İddiaçı satmışdır. 2021-ci ildə Cavabdeh yenidən İddiaçı torpaq sahəsinin alqı-satqısı ilə bağlı 200 manat pul almışdır. 2022-ci ilin fevral ayında Cavabdeh İddiaçı müraciət edərək torpaq sahəsini geri tələb etmiş və almışdır. 2022-ci ildən torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Odur ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin torpaq sahəsinə görə ödənmiş ******* AZM (1400 AZN) pulun infilyasiya nəzərə alınmaqla və sonradan verilmiş 200 manatın ödənməsinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi qanunverici əqd etibarsız olduqda tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmasını müəyyən etmişdir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələbinə əsaslanaraq hesab edir ki, İddiaçı 26 noyabr 2004-cü ildə verdiyi ******* AZM-ı infilyasiya nəzərə alınmaqla tələb etməkdə haqlı deyildir. Çünki bu halda cavabdehin də keçən müddət ərzində torpaq sahəsindən götürülmüş gəliri tələb etmək hüququ olmalıdır. Bu əsasla məhkəmə hesab edir ki, iddia tələbi ******* AZM-in infilyasiya nəzərə alınmadan dəyəri-1400 manata aid hissədə əsaslıdır və təmin edilməlidir. Həmçinin sonradan verilmiş 200 manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia tələbinin torpağın yaxşılaşdırmasına çəkilmiş 14850 manat pula aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İş materiallarından görünür ki, İddiaçı həmin torpaq sahəsinə 2004-cü ildən 2022-ci ilə kimi hər il gübrə (peyin) verdiyini, bu işlərin görülməsinə hər il 825 manat, ümumilikdə14850 manat xərclədiyini göstərərək cavabdehdən həmin məbləğin alınıb ona verilməsini tələb edir. Məhkəmə iclasında mütəxəssis rəyi vermiş Şahid ifadəsindən aydın oldu ki, gübrə (peyinin) verilməsi torpaq sahəsini təxminən 3 il münbitləşdirir. Eyni zamanda torpaq sahəsinə hər il gübrə (peyin) verilməsi yüksək məhsuldarlıq əldə edilməsi üçün icra edilir. Məhkəmə işin qeyd edilən hallarını, iddiaçı tərəfindən gübrənin (peyinin) torpaq sahəsinə yüksək məhsuldarlıq əldə edilməsi üçün verilməsini, verilmiş gübrənin (peyinin) torpaq sahəsini yalnız 3 il müddətə münbitləşdirməsini, bunun bir ilinin torpaqdan iddiaçının özünün istifadə etdiyi müddətə aid olmasını,cavabdehin istifadəsində olan torpağa qalan 2 il üçün müsbət təsir etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı iki il üçün torpaq sahəsinin yaxşılaşdırılması xərcini tələb etməkdə haqlıdır. Bu isə 1650 manat təşkil edir. Eyni zamanda iş materiallarından görünür ki, mübahisəli 1.5928 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh, həmçinin X2, X5, X6, X7, X10, X8 və X9 ümumi birgə mülkiyyətindədir. Mülki Məcəllənin 213.1-213.2-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Məhkəmə sözügedən torpaq sahəsinin 8 nəfərin mülkiyyətində olmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı torpaq sahəsinin yaxşılaşdırılmasına görə tələb etməkdə haqlı olduğu 1650 manatın 1/8 hissəsini-206.25 manatını Cavabdeh tələb etməkdə haqlıdır. Adıçəkilən torpaq sahəsini İddiaçı istifadə üçün verməsi, 2021-ci ildə verilmiş 200 manatın torpaqdan istifadə üçün alması barədə Cavabdeh etirazı ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh qeyd etdiyi bu hallarla bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Ona görə də məhkəmə cavabdehin bu etirazını əsaslı hesab etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh torpaq sahəsinə görə ödənmiş 1400 manat və 200 manat, cəmi 1600 manat, torpaq sahəsinin yaxşılaşdırılmasına görə 206.25 manat alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu xərcinin iddianın təmin edilən məbləğinə mütənasib olaraq cavabdehdən tutulub iddiaçıya verilməlidir. İddia qismən təmin edildiyindən 140 manat dövlət rüsumu xərcinin 14 manatı Cavabdeh alınıb İddiaçı verilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. 150 manat ekspertiza xərcinin 135 manatı İddiaçı,15 manatı Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************; X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh torpaq sahəsinə görə ödənmiş 1400 manat və 200 manat, cəmi 1600 manat, torpaq sahəsinin yaxşılaşdırılmasına görə 206.25 manat, ümumilikdə 1806,25 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 140 manat dövlət rüsumu xərcinin 14 manatı Cavabdeh alınıb İddiaçı verilsin, qalan hissəsi İddiaçı özünə aid edilsin. 150 manat ekspertiza xərcinin 135 manatı İddiaçı, 15 manatı Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************; X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-71/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-71/2023
24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver