Məhkəmə qərarları › İş №e-2(019)-725/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-725/2023

11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-725/2023 11.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay 220 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 28 sentyabr 2011-ci il tarixdə nikahlarını Balakən Rayon Qeydiyyat Şöbəsində 223 nömrə ilə qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx.xx.2013-cü ildə X8 adlı övladı olmuşdur. Balakən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(019)- 949/2019 nömrəli qətnaməsi ilə əri Cavabdeh ilə olan nikahı pozulmuş, birgə nikahlarından doğulmuş X8 onun himayəsində saxlanmış və uşağın saxlanması üçün 130 manat aliment müəyyən edilmişdir.Hal-hazırda qızının 10 yaşı vardır, 4-cü sinifdə oxuyur.130 manat aliment uşağın tələbatını ödəmir.Uşaq zəif olduğu üçün tez-tez xəstələnir.Aliment uşağın ümumi xərclərinin yarısını belə ödəmir.Atasının himayəsində yaşayır və uşağının xərclərini o qarşılayır. Evlənmək yaşda olan qardaşı vardır. Evdə olan darısqallığa görə qardaşı evlənə bilmir. Əvvəl-axır kirayəyə çıxmalıdır ki, qardaşı evlənsin.Əri uzun illərdir ki, Rusiyada işləyir və stabil əmək haqqı alır. Qızı ilə də heç maraqlanmır. Əri valideynlərinin kiçik oğludur, mülkiyyətə varisdir.O, boşandığı üçün onların qeydiyyatından çıxmış,sonradan ərinin atası nəvəsi olan qızını da qeydiyyatdan qərəzli çıxarmışdr ki,nəvəsi onlardan gələcəkdə mülkiyyət iddiası irəli sürməsin .Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 avqust 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 363382 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasındakı nikah pozulmuş, bu barədə 2020-ci ilin iyun ayının 10 günündə 65 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AA1173886 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2013-cü ildə anadan oluşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(019)-654/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Muradova (Mahmudova) Arzu Sabir qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞŞ/MT- 018/2023-00897 nömrəli X3 (İMİ) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X3 iştirak etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 28 sentyabr 2011-ci ildə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 223 sayla rəsmiləşdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahlarından 07 iyun 2013-cü il tarixdə X8 adında bir uşaqları olmuşdur.Balakən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli 2(019)-949/2019 nömrəli qətnaməsi ilə iddiaçı X7 ilə Cavabdeh arasında bağlanmış və 28 sentyabr 2011-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 223 nömrə ilə qeydə alınmış nikahın pozulması,nikah pozularkən tərəflərin birgə nikahından 07 iyun 2013-cü il tarixdə doğulmuş X6 anası X4 yanında saxlanılması, ərizənin verildiyi 08 oktyabr 2019-cu il tarixdən başlayaraq 07 iyun 2013-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı X5 ödənilməsi qət edilmişdir. Uşaq hazırda da iddiaçının himayəsində yaşayır. İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin maddəsinin məzmunundan göründüyü kimi qanunvericilik tərəfindən aydın surətdə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə işin hallarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi və ailə vəziyyətində dəyişiklik olmamasını, İddiaçı Cavabdeh maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini,eyni zamanda aliment təyin edildikdən sonra keçən 5 il ərzində 07 iyun 2013-cü ildə doğulmuş X6 böyüməsini, onun maddi tələbatının artmasını, 2019-cu ildə yaşayış minimumu uşaqlar üçün 160 manat olduğu halda bu məbləğin hazırda 220 manat olmasını, nəticədə İddiaçı maddi vəziyyətinin ağırlaşmasını,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli,qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 07 iyun 2013-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 38 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 07 iyun 2013-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdeh 38 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli 2(019)-949/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 07 iyun 2013-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 38 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar