Məhkəmə qərarları › İş №e-2(019)-772/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-772/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-772/2022 24.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı 11200 manat məbləğində pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 11200 (on bir min iki yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki,o,Kəlbəcər rayonundan məcburi köçkün düşərək Tərtər rayonunun Şıxarx kəndində məskunlaşmışdır. Cavabdeh hərbiçi olduğundan ona hörmətlə yanaşmış, munasibətləri yaxşı olmuşdur. 10 yanvar 2022-ci ildə Cavabdeh ciddi probleminin olduğunun bildirib ondan 11200 manat borc pul istəmişdir. O, da münasibəti yaxşı olduğu üçün ona inanıb həmin məbləğdə pulu ona borc olaraq vermişdir. Cavabdeh ondan borc pul alması ilə bağlı heç bir təzyiq olmadan qəbz yazıb vermiş və həmin pulu 10 iyun 2022-ci ildə qaytarmağa söz vermişdir.Lakin Cavabdeh aralarında olan razılaşmaya əməl etməmişdir. İşə düzəlməsinə baxmayaraq pulu dediyi kimi qaytarmamışdır. Pulu vaxtında qaytarmadığı üçün Cavabdeh verdiyi borc pulu istəmişdir.O,sonra verəcəyini bildirmişdir.O,bir daha pulunu geri istəyəndə cavabdeh ona yenə yalan vədlər verərək qaytaracağını bildirmişdir. O, pulunu ala bilmədiyindən və o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək göstərdi ki, həqiqətən ehtiyacı olduğundan 2022-ci ilin əvvəlində İddiaçı 11200 manat borc pul almış və bu barədə yazılı qəbz yazaraq sonuncuya vermişdir. O,aldığı pulu 10 iyun 2022-ci ilədək qaytarmağa söz vermiş, lakin maddi imkanı olmadığından aldığı borcu qaytara bilməmişdir. O, gələcəkdə hissə-hissə borcunu ödəyəcəkdir. İddianın təmin edilməsinə etiraz etmir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, İddiaçı və Cavabdeh tanıyır, heç biri ilə qohumluğu və ədavəti yoxdur. 2022-ci ilin əvvəlində Cavabdeh ehtiyacı olduğundan İddiaçı 11200 manat borc pul istəmiş,Sevdimalı da 11200 manat pulu onun yanında Turala vermişdir. Tural bu barədə yazılı qəbz yazaraq Sevdimalıya vermişdir. Tural aldığı pulu 10 iyun 2022-ci ilədək qaytarmağa söz vermiş, lakin sonradan aldığı borcu qaytarmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Cavabdeh tərəfindən imzalanmış qəbzdə göstərilmişdir ki, “Mən Cavabdeh mənim problemim olduğu üçün yaxından əvvəllər tanıdığım Sevdimalının yanında oldum mənə problemim olduğu üçün 11.200 manat pul lazımdı.O, isə gedib hardan aldısa alıb gətirib həmin 11.200 manatı mənə verdi, mən isə gedib öz problemlərimi həll etdim. Bu qəbzi mən özüm yazdım ona görə ki, mən həmin aldığım pulu vermədiyim halda məni istənilən orqana və ya məhkəməyə verib mənə verdiyi həmin 11.200 manatı geri alsın. Bu qəbzi mən özüm yazdım və heç bir təzyiq olmadan.Bu qəbzi özüm yazdım,doğruluğunu öz imzamla təsdiq edirəm. İmza Cavabdeh”. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,Cavabdeh 2022-ci ilin əvvəlində qəbz yazıb verməklə İddiaçı 11.200 manat borc pul almış,lakin pulu qaytarmamışdır.Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11200 (on bir min iki yüz) manat məbləğində borc pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10000 manatdan 100000 manatadək olan iddialarda 120 manat+1000 0manatdan yuxarı olan iddianın qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin edildiyindən və İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən məhkəmə hesab edir ki, 123 manat dövlət rüsumu xərci Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 11.200 (on bir min iki yüz) manat məbləğində borc pul alınıb İddiaçı verilsin. 123 manat dövlət rüsumu xərci Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar