Məhkəmə qərarları › İş №e-2(019)-78/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-78/2023

02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-78/2023 02.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurulmuş maddi ziyanın əvəzi olaraq 1820 manat pulun və ödənilmiş 38.20 manat dövlət rüsumunun tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayonu Qazma kəndində yaşayır. "xxxx" MMC-də ekspeditor işləməklə, ailəsinin dolanışığını təmin edir. Gündəlik olaraq şəxsi istifadəsində olan “Mersedes” E220 markalı avtomobillə, iş fəaliyyətini həyata keçirir. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Balakən şəhəri H.Əliyev prospektində şəxsi istifadəsində olan “Mersedes” E220 markalı avtomobillə hərəkət edərkən, qəflətən qarşısına inək çıxmış və nəticədə onun avtomobilinə maddi ziyan dəymişdir. Hadisənin araşdırılması üçün polis çağırmışdır. Balakən RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, hadisə araşdırılmış, həmin hadisənin törədilməsinə səbəb olan inəyin sahibi Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 338.5.5-ci maddəsi ilə İXP ******* nömrəli X7 protokol tərtib olunmuşdur. Həmin hadisə olan zaman hadisə şahidləri polis əməkdaşı X4, vətəndaş X3 və ətrafdakı digər şəxslər olmuşdur. Həmin hadisə barədə Balakən RPŞ-də X7 iş açılmış, izahatlar alınmışdır. Polisdəki materialı onlardan istəsə də, ona verilməmiş, məhkəmə sorğusu əsasında verilə biləcəyi deyilmişdir. Ona dəymiş maddi zərər barədə yoxlanış keçirilmiş, xx.xx.2022-ci il tarixli akta əsasən ona dəymiş ziyan 1820 manat müəyyən edilmişdir. Cavabdeh zərərin əvəzində 100-150 manat verə biləcəyini bildirmişdir. O, bununla razılaşmamışdır. Belə olan halda cavabdeh ona “məhkəməyə şikayət et, 150 manatdan artıq pul verməyəcəyəm” deyə bildirmişdir. Yol qəza hadisəsi günün qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində olmuşdur. Belə olan halda onun Cavabdeh məxsus olan həmin inəyi görmə imkanı olmamışdır. Eyni zamanda həmin hadisə olan yol, Balakən şəhərinin tam mərkəzidir. Magistral yol statusundadır. Cavabdehlə heç bir razılığa gəlmək mümkün olmamışdır. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək göstərdi ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Balakən şəhəri H.Əliyev prospektində şəxsi istifadəsində olan “Mersedes” E220 markalı avtomobillə hərəkət edərkən, onun inəyi maşının qarşısına çıxmış və nəticədə iddiaçının avtomobilinə maddi ziyan dəymişdir.Bununla əlaqədar onun barəsində Azərbaycan Respublikasının İXM-nin 338.5.5-ci maddəsi ilə İXP ******* nömrəli X7 protokol tərtib olunmuşdur. O, hadisədən sonra avtomaşının təmiri üçün usta gətirmiş, usta həmin avtomaşının düzəldilməsi üçün cəmi 300 manat xərcin olduğunu bildirmişdir. İddiaçı onun gətirdiyi ustanın dedikləri ilə razılaşmamış, özünün tanıdığı ustanı gətirmiş və avtomaşına baxdırmışdır. Usta həmin avtomaşının düzəldilməsi üçün cəmi 700 manat xərcin olduğunu bildirmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, 21 noyabr 2022-ci il tarixli rəy ilə nəzəri hesablama yolu ilə, “777” avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Mersedes-Benz E220” markalı, 99DG 758 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1620.0 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin vurulmuş zərəri 1620 manat pul hesablaması absurddur. Əgər iddiaçı razılaşarsa o, vurulmuş zərərə görə 500 manat ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qismən etiraf edərək, Cavabdeh ilə eyni məzmunlu izahat verərək iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən, Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İXP-4699581 nömrəli X7 Protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.5-ci maddəsi ilə X7 protokol tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Avtoservis “777” tərəfindən xx.xx.2022ci il tarixdə tərtib edilmiş aktın surətində göstərilmişdir ki, “Mersedes-Benz” markalı 99DG- 758 dövlət nişanlı avtomaşına 1820 manat məbləğində ziyan dəymişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli 9/7042 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “777” avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Mersedes Benz E 220” markalı, 99DG 758 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 1620,00 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının,cavabdehin, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində Balakən şəhəri H.Əliyev prospektində İddiaçı istifadəsində olan “Mersedes Benz-E220” dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən, avtomobilin qarşısına Cavabdeh inəyi çıxmış və avtomaşın inəyə dəymişdir. Nəticədə İddiaçı idarə etdiyi “Mersedes Benz-E220” dövlət qeydiyyat nişanlı avtomaşına ziyan dəymişdir.Buna görə inək sahibi, Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2022-ci il tarixli 9/7042 nömrəli rəyi ilə dəymiş ziyan 1620.0 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh dəymiş ziyanı ödəmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən, ekspert rəyinə uyğun olaraq 1620 manata aid hissədə əsaslı olduğundan təmin edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi yalnız 1620.0 manata aid hissədə təmin edildiyindən ödənilmiş 38.20 manat dövlət rüsumunun 34 manatı cavabdehdən alınıb iddiaçıya verilməli, qalan hissəsi iddiaçının özünə aid olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1620.0 manat və ödənilmiş dövlət rüsumunun 34 manatı,cəmi 1654 manat alınıb İddiaçı ödənilməlidir, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə 100 manat ekspertiza xərcinin 89 manatı Cavabdeh, 11 manat isə İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 1620.00 manat və ödənilmiş 38.20 manat dövlət rüsumunun 34 manatı, cəmi 1654 (bir min altı yüz əlli dörd) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 manat ekspertiza xərcinin 89 manatı Cavabdeh,11 manatı isə İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar