Məhkəmə qərarları › İş №e-2(019)-787/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-787/2022

05.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-787/2022 05.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 2(019)-218/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə Cavabdeh 13 iyul 2015-ci il tarixdə doğulmuş X1 üçün hər ay 200 (iki yüz) manat alimentin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 2014-cü ilin oktyabr ayının 1də rəsmi nikahla evlənmiş, nikahlarını həmin tarixdə 228 nömrə ilə Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 13 iyul 2015-ci il tarixdə X7 adında bir uşaqları doğulmuşdur. Evləndikdən sonra cavabdehlə aralarında ailə münaqişələri zəminində mübahisələri yaranmağa başlamışdır. Te-tez aralarında ailə münasibətləri zəminində mübahisələri olmuşdur. Buna görə də onunla ailə münasibətləri uzun sürməmişdir. 2018-ci ilin avqust ayında Cavabdehla aralarında olan mübahisədən sonra ondan ayrılmışdır. Balakən Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 2(019)- 218/2019 saylı qətnaməsinə əsasən 13 iyul 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona ödənilməsi qət edilmişdir. Hazırda 2019-cu ildə müəyyən edilmiş alimentin məbləği ilə uşağına baxmaq onun üçün çox çətindir. Uşaq böyümüş, onun tələbatı artmışdır. Cavabdeh fərdi əməklə məşğul olur. Onun alimenti ödəmək üçün kifayət qədər pul gəliri vardır. Hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş, onun qazancı və digər gəlirləri artmışdır. Cavabdeh ilə nikahlarının pozulması və aliment təyin olunması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün mediatora müraciət etmiş, lakin cavabdehlə razılıq əldə olunmadığına görə ilkin mediasiya sessiyasına xitam verilmişdir. Tərəflərin birgə nikahından doğulmuş uşağın mənafeyi nəzərə alınmaqla, onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanması, eləcə də alimentin həlli məsələsində uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsində ananın üzərinə daha çox ağırlığın düşməsi nəzərə alınaraq hesab edir ki, alimentin miqdarı artırılmalı və Cavabdeh 13 iyul 2015-ci il tarixdə doğulmuş X1 üçün hər ay 200 manat miqdarında aliment müəyyən olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş, həmçinin İddiaçı Balakən Rayon Mərkəzi Xəstəxanasında Qeydiyyat şöbəsində qeydiyyatçı işlədiyini və 500 manatdan bir az az əmək haqqı aldığını, 2019-cu ilin yanvar ayından bu vaxtadək ərzaq və sənaye mallarının dəfələrlə bahalaşmasını, həyat şəraitinin bahalaşmasını və bu halın uşağı saxlaması zəminində iddiaçının maddi vəziyyətinin pişləşməsinə səbəb olduğunu, bunun alimentin artırılması üçün bir əsas kimi qəbul edilməli olmasını bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iş yerinin olmadığını, günəmuzd işlərlə məşğul olduğunu, yeni ailə qurduğunu, bu yaxınlarda bir uşağının doğulacağını, maddi vəziyyətinin çətin olduğunu və ayda 120 manat alimenti çətinliklə ödədiyini bildirərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 616546 №-li doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından 13 iyul 2015-ci il tarixdə X7 doğulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 2(019)-218/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 06 dekabr 2018ci il tarixdən başlayaraq Cavabdeh 13 iyul 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 verilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞİH-17719 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Osmanova (Qurbanova) Ülkər Səməd qızı və Cavabdeh alimentin artırılması mübahisəsi üzrə xx.xx.2022 tarixində 14.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etdilər. Lakin tərəflər mübahisə üzrə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etmədilər. Osmanova (Qurbanova) Ülkər Səməd qızı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞİH-17719 nömrəli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, Osmanova (Qurbanova) Ülkər Səməd qızı və Cavabdeh iştirakı ilə alımentin artirılması mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasi (mübahisənin predmeti) kecirildi. Lakin tərəflər mübahisə üzrə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etmədikləri üçün tərəflərin təşəbbüsü və mediatorun təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı Osmanova (Qurbanova) Ülkər Səməd qızı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. İş materiallarına əlavə olunmuş Balakən Regional «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 08 may 2022-ci il tarixdə verilmiş AZ-İİ 483061 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında nikah 08 may 2022-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin may ayının 08 günündə 236 № ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TQŞ 113 №-li ******* saylı Mübadilə Vərəqindən görünür ki, X2 ilk gəlişdə hamiləliyinin müddəti 14 həftədir. Məhkəmə iddiaçının nümayəndəsinin-vəkilinin izahatını və cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 2(019)-218/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla) hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə 13 iyul 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay tutulan sabit pul məbləğində alimentin miqdarı 160 manat müəyyən edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatının artması, Balakən Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli tarixli qətnaməsi ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 160 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat təşkil etməsi) və bu xüsusda uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından 13 iyul 2015-ci tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Balakən Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 2(019)-218/2019 nömrəli qətnaməsi ilə hər ay təyin edilmiş 120 manat aliment həmin uşağın yaşının və bu xüsusda aradan keçən 3 il 6 aydan çox müddət ərzində tələbatının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması, iddiaçının işləməsi və aylıq əmək haqqına malik olması və həmçinin cavabdehin günəmuzd işlərlə məşğul olmaqla aylıq qazanca malik olması və yeni ailə qurması halları nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, 07 yanvar 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə cavabdehin hər ay bir uşağa ödəməli olduğu 120 manat aliment yetkinlik yaşına çatmayan həmin uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli qətnaməsi ilə aliment tələbinə dair mübahisəyə baxılarkən cavabdehin maddi vəziyyət; harada işləməsi, aylıq qazancının nə qədər təşkil etməsi müəyyən edilməmişdir. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatının artması və həyat şəratinin bahalaşması ilə bağlı uşağın saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Belə ki, qeyd olunmalıdır ki, ümumməlum faktdır ki, Balakən Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki vaxtadək inflyasiya faizləri artmış, gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiymətləri artmaqda davam etmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə 2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci ilə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8 faiz, qeyri-ərzaq malları üzrə 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2 faiz artmış, 2020-ci ildə ərzaq məhsulları 10,5 faiz bahalaşmış, inflyasiya 10.5 faiz təşkil etmiş, 2021-ci ildə illik inflyasiya 12%, orta illik inflyasiya 6.7% təşkil etmişdir. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam etmişdir. 2021-ci ildə illik ərzaq inflyasiyası 15.8% təşkil etmişdir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə 2022-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvarsentyabr aylarına nisbətən 113,4 faiz təşkil etmiş, yəni inflyasiya 13,4 faiz artmışdır. Məhz bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği davamlı olaraq ilbəil artırılmışdır. Belə ki, iddiaçının məhkəməyə aliment tələbi ilə bağlı müraciət etdiyi 2018-ci ildə uşaqlar üçün yaşayış minimumu məbləği 154 manat, aliment təyin olunan 07 yanvar 2019-cu ildə 160 manat olduğu təqdirdə, 2022-ci il üçün bu məbləğ 193 manat təşkil etmişdir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh, yalnız təyin olunmuş aylıq 120 manat alimenti ödəməyə çalışmış, alimentin təyin olunduğu vaxtdan sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşağın artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşağın məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşağın əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir. Bu konteksdə məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Həmçinin qanun normalarının tələbinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və mövcud məhkəmə praktikasına görə uşaqlara qulluq göstərmək, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu valideynin üzərinə düşdükdə yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutulur. Bu hal faktoloji və hüquqi əsas olaraq Azərbaycan Respublikasının məhkəmə praktikasında tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşağın artan tələbatları konteksində onun əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin-iddiaçının üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Məhkəmə onu da bildirir ki, iddiaçı cavabdehin, iddia tələbini təşkil edən hər ay 200 manat alimenti ödəmək üçün kifayət qədər gəlirə malik olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, cavabdehə qarşı hər ay 200 manat aliment tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bu xüsusda aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay 160 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir.Ona görə də məhkəmə hesab edir ki,iddia qismən-təyin olunmuş alimentin 160 manat miqdarında artırılması hissəsində təmin edilməli, 160 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 2(019)-218/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), Cavabdeh 13 iyul 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh mediasiya xərci kimi ödənilmiş 35,2 manat dövlət rüsumu tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Balakən Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 2(019)- 218/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); Cavabdeh 13 iyul 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun; iddia qalan hissədə təmin edilməsin; iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh mediasiya xərci kimi ödənilmiş 35,2 manat dövlət rüsumu tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar