Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-817/2022 11.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(019)-760/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan 16 mart 2006-cı il tarixdə anadan olmuş X2 və 12 iyun 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay hər hər bir uşaq üçün 200 manat, iki uşaq üçün 400 manatın Cavabdeh alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, o, 05 yanvar 2006-cı ildə rəsmi nikahla Balakən rayonu Şambul kənd sakini Cavabdeh ilə evlənmişdir. Nikahları 05 yanvar 2006-cı ildə Balakən rayon Şambul kənd icra nümayəndəliyində 01 sayla qeydə alınmışdır. Rəsmi nikahdan 15 mart 2006-cı il tarixdə X5 və 12 iyun 2008-ci il tarixdə X8 anadan olmuşlar. Balakən Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2 (019)-760/2016 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış, 05 yanvar 2006-cı il tarixdə Balakən rayon Şambul kənd icra nümayəndəliyndə 01 sayla qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra onların uşaqları-15 mart 2006-cı il tarixdə anadan olmuş X5 və 12 iyun 2008-ci il tarixdə anadan olmuş X8 onun yanında saxlanılmışdır. Həmçinin 14 aprel 2016-cı il tarixdən başlayaraq 15 mart 2006-cı il tarixdə anadan olmuş X2 və 12 iyun 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 90 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(019)-760/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 90 manat alimentlə uşaqların pal-paltarlarını, maddi təminatlarını və təhsil xərclərini ödəmək və sağlamlığını təmin etmək heç cür mümkün deyildir. Eyni zamanda cavabdeh alimentdən yayınmışdır və onun 3500 manat aliment borcu yaranmışdır. Cavabdeh həmin məbləğdən ancaq 1200 manatı bu günə qədər ödəmiş, qalan borcu hələ ödəməmişdir. Onun isə kreditləri vardır. Banklara pul ödəyir. Aradan 6 il müddət keçmişdir. Artıq bu müddət ərzində yaşayış xərcləri və digər xərclər kifayət qədər artmışdır. Ona görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh isə Bakı şəhərində usta işlyir. Onun aylıq qazancı 3000-5000 manat təşkil edir. Cavabdeh hər ay bir uşaq üçün 200 manat, iki uşağa görə isə 400 manat pul ödəmək iqtidarındadır. Həmçinin o, baxçada işləyir və onun aylıq əmək haqqı 180 manat təşkil edir. Cavabdeh yeni ailə qurmuşdur və onun bu yeni nikahdan yetkinlik yaşına çatmayan uşaqları vardır. Alimentin artırılması tələbi ilə mediatora müraciət etmişdir. Mediasiya prosesinə cavabdeh gəlməmiş, heç bir razılıq verilməmişdir. Bununla bağlı MŞİH-19261 nömrəli arayış verilmişdir. Onu da bildirmək istəyir ki, aliment məbləği müəyyən olunarkən tərəflərin vəziyyəti nəzərə alınmamışdır. Həmçinin uşaqlar üçün yaşayış minimumu da hər il artır. Belə ki, aliment təyin olunan 2016-cı ildə uşaqlar üçün yaşayış minimumu 117 manat olduğu təqdirdə, 2017-ci ildə bu rəqəm 136 manat, 2018-ci ildə 154 manat, 2019-cu ildə 160 manat, 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 manat və 2022-ci ildə 193 manat müəyyən edilmişdir. Lakin Cavabdeh özü könüllü olaraq aliment məbləğini artırmır. İddianın təmin olunmasını xahiş edir. Hazırki iş üzrə 27 sentyabr 2022-ci il tarixdə saat 11.10-da keçirilən məhkəmə prosesində iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddiaçının razılığı əsasında bundan sonrakı məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməklə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin (bundan sonra Azçərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 dekabr 2006-cı il tarixdə verilmiş AZ-İ 868789 №-li doğum haqqında şəhadətnamədən, AA3533812 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyyət vəsiqəsindən və Balakən rayonu Şambul kənd icra nümayəndəliyi tərəfindən 30 iyul 2008-ci il tarixdə verilmiş AZ-İİ 115169 №-li doğum haqqında şəhadətnamədən və AZE seriyalı 10627167 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, tərəflərin birgə nikahından 15 mart 2006-cı il tarixdə X6 və 12 iyun 2008-ci il tarixdə X8 doğulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2 (019)- 760/2016 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 05 yanvar 2006-cı il tarixdə Balakən rayon Şambul kənd icra nümayəndəliyndə 01 sayla qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra onların uşaqları-15 mart 2006-cı il tarixdə anadan olmuş X5 və 12 iyun 2008-ci il tarixdə anadan olmuş X1 Yadigar Tacəddin qızının yanında saxlanılmış, 14 aprel 2016-cı il tarixdən başlayaraq 15 mart 2006-cı il tarixdə anadan olmuş X2 və 12 iyun 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 90 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 avqust 2019-cu il tarixdə verilmiş AZ-İ 325930 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2019-cu ilin avqust ayının 30 günündə 89 № ilə qeyd edilmişdir. İş materiallaırnda olan xx.xx.2022-ci il tarixli MŞİH-19261 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin artırılması mübahisəsi üzrə xx.xx.2022 tarixində 15.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 (beş) gün əvvəlcədən məktub vasitəsilə məlumatlandırılmışdır. İddiaçı (etibarnamə üzrə Nümayəndə) ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞİH-19261 nömrəli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, İddiaçı (etibarnamə üzrə Nümayəndə) iştirakı ilə alımentin artirılması mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasi (mübahisənin predmeti) kecirildi. Lakin Cavabdeh iştirak etmədiyi üçün müvafiq olaraq ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış təqdim edildi. Bununla əlaqədar olaraq, mediasiya prosesinə mediatorun təşəbbüsü ilə xitam verilir. İş materiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən nümayəndəsi vasitəsilə 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə 16 mart 2006-cı il tarixdə anadan olmuş X2 və 12 iyun 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün tutulan sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla) 140 manat, iki uşaq üçün hər ay 280 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının artması, Balakən Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qətnaməsi ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 117 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat təşkil etməsi) və bu xüsusda uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından 16 mart 2006-cı il tarixdə anadan olmuş X2 və 12 iyun 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Balakən Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(019)- 760/2016 nömrəli qətnaməsi ilə hər ay hər bir uşağa təyin edilmiş 90 manat aliment həmin uşaqların yaşının və bu xüsusda aradan keçən 6 il ərzində tələbatlarının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması, həmçinin iddiaçının bildirdiyinə görə onun hər ay 180 manat əmək haqqı alması və cavabdehin yeni ailə quraraq himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması halları nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə cavabdehin hər ay hər bir uşağa ödəməli olduğu 90 manat aliment yetkinlik yaşına çatmayan həmin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması və aliment tələbinə dair mübahisəyə baxılarkən tərəflərin maddi vəziyyətləri; harada işləmələri, aylıq qazanclarının nə qədər təşkil etməsi müəyyən edilməmişdir. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatlarının artması və həyat şəratinin bahalaşması ilə bağlı uşaqların saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Belə ki, bununla bağlı qeyd olunmalıdır ki, ümumməlum faktdır ki, Balakən Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdrı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Belə ki, aliment təyin olunan 2016-ci ildə uşaqlar üçün yaşayış minimumu məbləği 117 manat olduğu təqdirdə, bu rəqəm ilbəil artmış, 2022-ci il üçün isə bu məbləğ 193 manat təşkil etmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı cəmi 180 manat əmək haqqı alır və onun başqa hər hansı qazancı (gəliri) yoxdur. Lakin cavabdeh, ödənilməyən alimenti borcu nəzərə alınmaqla yalnız təyin olunmuş aylıq hər bir uşaq üçün 90 manat alimenti ödəməyə çalışmış, alimentin təyin olunduğu vaxtdan 6 ildən artıq müddət keçməsinə, sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşaqların artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşaqların məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşaqların əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir. Bu konteksdə məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inktişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Həmçinin qanun normalarının tələbinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və mövcud məhkəmə praktikasına görə uşaqlara qulluq göstərmək, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu valideynin üzərinə düşdükdə yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutulur. Bu hal faktoloji və hüquqi əsas olaraq Azərbaycan Respublikasının məhkəmə praktikasında tətbiq olunur. Belə ki,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda İddiaçı hazırki iddia tələbinin əsaslandırıldığı hallar kimi Cavabdeh Bakı şəhərinə usta işləməklə hər ay 3000-5000 manat qazanc əldə etməsini göstərsə də, bu halları təsdiq edən və hər ay hər bir uşağa 200 manat olmaqla iki uşağa görə ayda 400 manat alimentin təyin olunması zərurətini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da tələb olunan cavabdehdən tutulacaq alimentin miqdarının məhz hər ay hər bir uşağa görə 200 manat məbləğində müəyyən olunmasının zəruriliyini sübut edə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşaqların artan tələbatları konteksində onları əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin-iddiaçının üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşaqların saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşaqların əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu konteksdə aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay hər bir uşaq üçün 140 manat, iki uşaq üçün hər ay 280 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən-müəyyən olunmuş alimentin hər ay hər bir uşaq üçün 140 manat miqdarında artırılması hissəsində təmin edilməli, hər ay hər bir uşağa görə 140 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(019)-760/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), tərəflərin birgə nikahından 16 mart 2006-cı il tarixdə anadan olmuş X2 və 12 iyun 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 140 manat, hər ay iki uşaq üçün 280 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh 50 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı və 4,6 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(019)-760/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); tərəflərin birgə nikahından 16 mart 2006-cı il tarixdə anadan olmuş X2 və 12 iyun 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 140 manat, hər ay iki uşaq üçün 280 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı xeyrinə ödənilsin; iddia qalan hissədə təmin olunmasın; Cavabdeh 50 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin; Cavabdeh 4,6 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-817/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-817/2022
11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver