Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-862/2022 05.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı «Finca Azerbaijan» X1-Bank Kredit Təşkilatının (bundan sonra «Finca Azerbaijan» MM QBKT) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: «Finca Azerbaijan» MM QBKT Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcun məbləği 1849.24 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1849.24 AZN, həmçinin ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Finca Azerbaijan» MM QBKT-nin nümayəndəsi Ramil Heydərov ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 münasibətdə kredit borcunun tutulması hissəsində iddia tələbinin həcmini azaldaraq, Cavabdeh1 və Cavabdeh3 borcun məbləği 1849.24 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1849.24 AZN, həmçinin ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı «Finca Azerbaijan» MM QBKT iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.80 % dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min dollar) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 53 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşlar. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərini hər hansı səbəbdən icra etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 6963.10 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun məbləği 1849.24 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1849.24 AZN təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İddiaçı «Finca Azerbaijan» MM QBKT məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə teleqramla müraciət edərək, hazırki iş üzrə məhkəmə baxışını iştirakları olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və məhkəmə qətnaməsinin çıxarılmasını tələb etdiyini bildirmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasının onların iştirakı olmadan keçirib qərar qəbul edilməsini xahiş etdiyi, həmçinin Cavabdeh3 işə mahiyyəti üzrə baxılmasını və yekun məhkəmə qətnaməsinin çıxarılmasını tələb etdiyi üçün hazırki işə mahiyyəti üzrə baxılmalı və məhkəmə qətnaməsi çıxarılmalıdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, işin mahiyyəti üzrə baxılıb həll olunmasını tələb etdiyini, «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 23.80 % dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min dollar) ABŞ dolları məbləğində kredit verildiyini, zamin kimi həmin müqaviləyə imza edərək, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçı təşkilat qarşısında öhdəliklərinin icra edilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürdüyünü, xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsinin xx.xx.2016-cı il tarixli sazişlə restrukturizasiya olunduğunu, lakin müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı onunla əlavə sazişin bağlanmadığını, müqavilənin şərtlərinin dəyişdirilməsinə görə birgə məsuliyyəti zamin kimi öz üzərinə götürmədiyini, həmin kreditin restrukturizasiya müqaviləsinin zamin kimi onun məsuliyyətinin artmasına səbəb olduğunu və onun üçün digər əlverişsiz nəticələr yaratdığını bildirərək, ona münasibətdə iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli **********3922 nömrəli kredit müqaviləsindən, ödəniş sənədlərindən və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsinə əsasən «Finca Azerbaijan» MM QBKT tərəfindən Cavabdeh1 illik 23.80 % dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min dollar) ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh3 zamin kimi həmin müqaviləyə imza edərək, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçı təşkilat qarşısında öhdəliklərinin icra edilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsi restrukturizasiya olunaraq 1.Kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 6963.10 AZN, hesablanmış və ödənilməmiş faizlər 0.00 AZN, cərimə isə 0.00 AZN təşkil edir; 2.Tərəflər qalıq borcu olaraq aşağıdakı məbləği qəbul edirlər:6963.10 AZN; 3. Bu sazişin 2-ci bəndində göstərilən məbləğ 60 ay müddətində tamamilə ödəniləcəkdir. İş materiallarında olan «Finca Azerbaijan» MM QBKT-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 sözügedən kredlit müqaviləsi üzrə xx.xx.2022ci il tarixə «Finca Azerbaijan» MM QBKT-yə 1849.24 AZN əsas borc. 0.00 AZN faiz borcu və 0.00 AZN cərimə borcu olmaqla cəmi borcu 1849.24 AZN təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı «Finca Azerbaijan» MM QBKT tərəfindən hazırki iddianın qaldırılması üçün 39.00 manat dövlət rüsumu ödənilmişdir. İş matertiallarına əlavə olunmuş «Finca Azerbaijan» MM QBKT-nin məhkəmə işləri üzrə hüquqşünası X2 Rayon Məhkəməsinə ünvanladığı 21 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, **********3922 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixdə restrukturizasiya olunduqda zaminlərlə ayrıca zaminlik müqaviləsi bağlanmamışdır. Məhkəmə Cavabdeh3 izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı işdəki sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, iddiaçı «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsinə əsasən «Finca Azerbaijan» MM QBKT tərəfindən Cavabdeh1 illik 23.80 % dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min dollar) ABŞ dolları məbləğində kredit verilmiş, həmin müqavilə üzrə Cavabdeh3 zamin kimi borclu Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı təşkilat qarşısında öhdəliklərinin icra edilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli saziş bağlanmış, həmin sazişlə xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsi restrukturizasiya olunaraq kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcunun 6963.10 AZN, hesablanmış və ödənilməmiş faizlərin 0.00 AZN, cərimənin isə 0.00 AZN təşkil etməsi, tərəflərin qalıq borcu olaraq 6963.10 AZN məbləği qəbul etməsi, bu sazişin 2-ci bəndində göstərilən məbləğin 60 ay müddətində tamamilə ödəniləcəyi müəyyən olunmuşdlur. Lakin «Finca Azerbaijan» MM QBKT ilə zamin Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişin şərtlərinin qəbul edilməsi ilə bağlı saziş və ya əlavə zaminlik müqaviləsi bağlanmamış, zamin Cavabdeh3 yazılı müqavilə əsasında xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişin şərtləri ilə razı olması və onları qəbul etməsi barədə heç bir öhdəlik götürməmişdir. «Finca Azerbaijan» MM QBKT-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 sözügedən kredlit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə «Finca Azerbaijan» MM QBKT-yə 1849.24 AZN əsas borc. 0.00 AZN faiz borcu və 0.00 AZN cərimə borcu olmaqla cəmi borcu 1849.24 AZN təşkil edir. Həmçinin iddiaçı «Finca Azerbaijan» MM QBKT tərəfindən hazırki iddianın qaldırılması üçün 39.00 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Məhkəmə işin məhkəmə təhqiqatı zamanı müəyyən olunmuş faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, tərəflər, yəni «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında kredit münasibətlərindən yaranan öhdəliklər mövcud olmuş, iddiaçı «Finca Azerbaijan» MM QBKT Cavabdeh1 qarşısında götürülmüş öhdəliklərini icra etmiş, Cavabdeh1 isə iddiaçı qarşısında götürülmüş öhdəliklərini tam icra etməmiş, onun iddiaçıya sözügedən kredit müqaviləsi üzrə 1849.24 AZN əsas borcu qalmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı yönəltdiyi 1849.24 AZN əsas borc tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər mavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3-cü maddəsinə əsasən yazılı fomada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletaur, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyi dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdlir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmirlərsə,bunlar müqavilənin standart şərtləri sayılmır. Azərbaycan Respublbikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır; 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir; 3. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır; 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur; 5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. İş materiallarından görünür ki, «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli Saziş bağlanaraq, həmin müqaviləyə tərəflərin razılaşmasına görə qalıq borcunun 6963.10 AZN və kreditin ödəniş müddətinin 60 ay müəyyən edilməsi haqqında dəyişiklik və əlavə edilərkən zamin Cavabdeh3 razılığı alınmamış, «FİNCA Azerbaijan» MM QBKT ilə zamin Cavabdeh3 arasında zaminin həmin müqaviləyə edilən dəyişiklik və əlavələrə razılıq verməsi barədə yazılı müqavilə bağlanmamışdır. İş üzrə iddiaçı tərəfindən də «FİNCA Azerbaijan» MM QBKT ilə zamin Cavabdeh3 arasında sözügedən kredit müqaviləsinə dəyişiklik və əlavələrə razılıq verməsi barədə hər hansı müqavilənin bağlanmasına dair məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Əksinə «FİNCA Azerbaijan» MM QBKT-nin məhkəmə işləri üzrə hüquqşünası Ramil Heydərov məhkəməyə ünvanladığı 21 noyabr 2022-ci il tarixli ərizəsində **********3922 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixdə restrukturizasiya olunduqda zəminlərlə (həmçinin zamin Cavabdeh3 ilə-Balakən Rayon Məhkəməsi) ayrıca zaminlik müqaviləsinin bağlanmadığını göstərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 31 may 2018-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Hazırki iş materiallarından müəyyən olunur ki, zamin Cavabdeh3 razılığı olmadan həmin zaminin xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə təmin etdiyi öhdəlik dəyişdirilmiş; yəni kreditin valyutası və məbləği dəyişdirilmiş, onun ödəniş müddəti artırılmışdır. Şübhəsizdir ki, bu dəyişdirilmə də zamin Cavabdeh3 məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmuşdur. Belə ki, müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli kledit müqaviləsində kreditin müddəti 24 ay müəyyən olunduğu halda həmin müqavilənin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişdə kredit müqaviləsinin müddəti artırılmaqla 60 ay müəyyən edilmişdir (son ödəniş müddəti xx.xx.2021-ci il tarix). Bu hal isə zaminliyə xitam verilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xiam verilir. Bu əsasla, həmçinin Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin dəyişdirilməsinə razılıq verilməsi ilə bağlı iddiaçı FİNCA Azerbaijan» MM QBKT ilə zamin X3 arasında yazılı müqavilə bağlanmadığına görə zamin həmin dəyişdirilmiş öhdəlik üzrə Cavabdeh1 iddiaçı təşkilat qarşısında öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Digər tərəfdən, hətta «FİNCA Azerbaijan» MM QBKT ilə zamin Cavabdeh3 arasında sözügedən kredit müqaviləsinə edilən dəyişiklik və əlavələrə razılıq verməsi barədə yazılı müqavilə bağlansaydı belə, zaminliyin verilmə müddəti qurtardlığına görə iddia Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsi ilə iddiaçı «FİNCA Azerbaijan» MM QBKT tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 23.80 dərəcəsi ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********3922 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişdə və əlavə edilmiş ödəniş cədvəlində kreditin son ödəniş müddəti xx.xx.2021-ci il tarix qeyd edilməklə əsas öhdəliyin icrası müddəti göstərilmişdir. İş materiallarında olan «FİNCA Azerbaijan» MM QBKT ilə həmçinin Cavabdeh3 arasında bağlanmış xx.xx.2015ci il tarixli müqavilədən görünür ki, həmin müqavilədə bu zaminliyin verilmə müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanun o cümlədən əqdlə təyin edilən müddətin təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar və hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Hazırki mülki işdə olan xx.xx.2015-ci il tarixli müqavilədə zaminliyin verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilməmiş, yəni müqavilənin verilmə müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Qanun normalarının tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə kredit müqaviləsi müddətli müqavilədir. Deməli, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanılan və müddəti göstərilməyən zaminlik müqaviləsinin qüvvədə olma müddəti də kredit müqaviləsinin qüvvədə olma müddəti olaraq hesab olunmalıdır. Qanunun tələbinə əsasən zaminliyin verilmə müddətinin başlanğıcı kredit müqaviləsi üzrə icra müddəti bitdiyi gündən hesablanmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bitmə tarixi xx.xx.2017-ci il, həmin müqavilənin restrukturizasiyasına dair xx.xx.2016-ci il tarixli sazişə əsasən müqavilənin icra müddətinin bitmə tarixi xx.xx.2021-ci il tarixdir. Yəni xx.xx.2015-ci il tarixli müqavilə üzrə zaminliyin təmin edilməsi ehtimal olunan öhdəliyin icrası vaxtının çatdığı gün xx.xx.2021-ci il tarixdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2015-ci tarixli müqavilə üzrə zamin Cavabdeh3 qarşı onun təmin etməsinin ehtimal olunduğu öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq bir il ərzində iddia irəli sürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilməsi göstərilən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016ci il tarixli saziş üzrə 60 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının başa çatdığı gün xx.xx.2021-ci il tarixdir ki, qanuna görə də kreditor, yəni “FİNCA Azerbaijan” MM QBKT həmin gündən-xx.xx.2021-ci il tarixdən başlayaraq bir il ərzində, yəni xx.xx.2022-ci il tarixədək zamin Cavabdeh3 qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, kredit müqaviləsi əsasında zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı “FİNCA Azerbaijan” MM QBKT tərəfindən zamin Cavabdeh3 qarşı iddia irəli sürülməmiş, zaminə qarşı bu iddia həmin müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zamin Cavabdeh3 digər cavabdeh olan borclu Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Yuxarıda qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia zamin olan Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 1849.24 AZN əsas borc, 0.00 AZN faiz borcu və 0.00 AZN cərimə borcu olmaqla cəmi 1849.24 AZN borc və ödənilmiş 39 manat məbləğində dövlət rüsumu iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulmalı, iddia digər Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Cavabdeh1 1849.24 AZN əsas borc, 0.00 AZN faiz borcu və 0.00 AZN cərimə borcu olmaqla cəmi 1849.24 AZN borc və ödənilmiş 39 manat məbləğində dövlət rüsumu iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulsun. İddia digər Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-862/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-862/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver