Məhkəmə qərarları › İş №e-2(019)-874/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-874/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-874/2025 18.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1531.64 AZN əsas, 140.35 AZN faiz və 48.73 AZN cərimə olmaqla, cəmi 1720.72 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 37.63 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 8880sNFT/20 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% olmaq şərtilə 2500 AZN məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia ərizəsinə iştirakları olmadan baxaraq həmin mülki iş üzrə bütün hazırlıq və baxış iclaslarının iştirakları olmadan keçirərək iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, məhkəmə bildirişinin Cavabdeh çatdırılması mümkün olmadığından təqdim edilməsi üçün Balakən rayon İcra Hakimiyyəti Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan başqa Cavabdeh telefon vasitəsilə əlaqə saxlayaraq Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş materiallarında olan sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 8880sNFT/20 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh illik 29 % dərəcəsi olmaqla 60 ay müddətinə 1500 AZN məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, faizləri müəyyən olunmuş müddətdə kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.3-cü bəndinə əsasən “Borcalan” kredit üzrə faizləri bu müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə faizlərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin 40% miqdarında cərimə tətbiq edilir. xx.xx.2022-ci il tarixli sms bildirişinin mətnindən görünür ki, Cavabdeh hesabında kredit limiti artırılaraq 2500 AZN edilmişdir. xx.xx.2025-ci il tarixli cədvəldə göstərilmişdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixə 1531.64 manat əsas borc, 140.35 manat faiz borcu, 48.73 manat cərimə borcu olmaqla, cəmi 1720.72 manat borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli 8880sNFT/20 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 2500 AZN məbləğində kredit xətti ayrılmışdır, lakin cavabdeh aldığı pul vəsaitini tam ödəməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə borcu və ona hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Lakin tələb edilən cərimə tənasübsüz surətdə yüksəkdir. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı 5 manat həcmində müəyyən edilməlidir. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1531.64 AZN əsas, 140.35 AZN faiz və 5 AZN cərimə olmaqla, cəmi 1676.99 AZN borc və 36.77 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 8880sNFT/20 saylı kredit müqaviləsinə əsasən 1531.64 AZN əsas, 140.35 AZN faiz və 5 AZN cərimə olmaqla, cəmi 1676.99 AZN borc və 36.77 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar