Məhkəmə qərarları › İş №e-2(019)-970/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-970/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-970/2025 24.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat borcun, 126 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 21 yanvar 2024-cü il tarixdə borca olaraq Cavabdeh 12000 manat məbləğində pul vermişdir. Cavabdeh həmin tarixdə öz xətti ilə iltizam yazaraq imza atmış, həmin pulu 4-5 aya geri qaytarmağı vəd vermişdir. Buna baxmayaraq cavabdeh həmin pulun geri qaytarılmasını təmin etməmiş, borc ödənilməmiş qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həlli üçün dəfələrlə cavabdehə müraciətlər etmiş, cavabdeh borcun ödəniləcəyinə vəd versə də borcunu qaytarmamışdır. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə MPM-in 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılan sənəddən görünür ki, o, xx.xx.2024-cü ildə İddiaçı1 12 min manat 4-5 aya qaytarmaq şərtilə borc aldığını qeyd etmişdir. xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı1 hesabına ümumilikdə 400 AZN məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 iddia ərizəsinin verilməsi üçün 126 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərinə və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 iddia ərizəsində Cavabdeh ondan 12000 manat borca pul götürməsini bildirmiş, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olmasına baxmayaraq tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmamışdır. Lakin Cavabdeh İddiaçı1 borc kimi 12000 manat pul almış, bunu xx.xx.2024-cu il tarixdə yazılı şəkildə sənəd tərtib edərək təsdiq etmiş, 4-5 ay ərzində qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq, həmin müddətdə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, cavabdeh borcdan 400 manatını ödəmişdir. Göründüyü kimi iddiaçının tələbi 12000 manat pul məbləğindən ibarətdir. Cavabdeh tərəfindən 400 manat ödənildiyindən həmin məbləğ iddia tələbindən çıxılaraq qalan 11600 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi 11600 manat hissədə təmin edildiyindən, ona uyğun ödənilməsi rüsum 124.8 manatdır. Buna görə də iddia tələbi dövlət rüsumu hissəsində qismən təmin edilməlidir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11600 manat pul və 124.8 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11600 manat pul və 124.8 manat dövlət rüsumu, cəmi 11724.8 manat pul alınıb İddiaçı1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar