Məhkəmə qərarları › İş №e-2(020)-1077/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1077/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1077/2025 28.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızınım sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 (beş min) manat məbləğində pulun və iddia qaldırmaq üçün dövlət nəfinə keçirdiyi 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5070 (beş min yetmiş) manat Cavabdeh alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Xırdalan şəhərində, Xəzinə Palasın yaxınlığında özünə məxsus kafe vardır, həmin kafeni Azər adlı şəxsə icarəyə verilmişdir. Həmin kafedə işləyən Aygün adlı qadının qeyri-rəsmi münasibətdə yaşadığı Rahim adlı şəxs həmin kafeyə tez-tez gəlirdi. O, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində kafeyə getdi, Rahimin cavan bir oğlanla kafedə əyləşdiyini gördü. Rahim həmin oğlanın onun oğlu olmasını, İdman Akademiyasına imtahan verməsini, birinci turu keçməsini, qabiliyyət imtahanını isə 5000 manata danışdığını və imtahandan keçirdəcəyini demiş və ona lazım olsa onun üçün də təşkil edə biləcəyini, işi düzəldən adamın olmasını bildirmişdir. O, Rahimə Zərdab rayonunda Fazil adlı dostunun olduğunu və oğlunun qabiliyyət imtahanından kəsildiyini demiş, Rahim isə sabahısı gün ona zəng edərək razıdırsa artıq adamla danışdığını qeyd etmişdir. O, əvvəlcə Rahimə inanmadığı üçün razı olmadığını demiş, lakin kafeni icarəyə verdiyi Azər adlı şəxs ona narahat olmamağını, cavabdeh durduğunu, Rahimə pul verə biləcəyini bildirmişdir. Bundan sonra o Azərə inanaraq, Zərdab rayonundakı dostu Fazilə zəng edib məsələni danışmış, Fazil isə onun kartına 5000 manat pulu hissə-hissə 2 dəfəyə göndərmişdir. Ona pulu Azərin yanında Rahimə videoçəkiliş ilə vermişdir, Rahim isə ona 7 gün gözləməyini bildirmişdir. Lakin müddət bitdikdən sonra hər dəfə Rahimə zəng edib soruşduqda Rahim müxtəlif bəhanələr gətirərək vədinə əməl etməmiş və pulu geri qaytarmamışdır. Pulun Rahimə verilməsi ilə bağlı şahidləri də vardır. Ona dəymiş ziyanla bağlı Abşeron Polis İdarəsinə şikayət ərizəsi ilə də müraciət etmişdir. Qeyd etmək istəyir ki, Cavabdeh tərəfindən indiyədək ona dəymiş ziyan ödənilməmişdir. Ümumilikdə ona 5000 (beş min) manat məbləğində ziyan dəymişdir. Ona şikayət ərizəsində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğu göstərilərək, mülki qaydada məhkəməyə müraciət edilməsi izah edilmişdir. Buna görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: Abşeron Rayon Polis İdarəsinin 14 noyabr 2023-cü “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarrından görünür ki Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, məhəllə 30, ev 11-də yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə DİN-in «102» xidməti zəng mərkəzinə və həmçinin Abşeron RPİ-nə ərizə ilə müraciət edərək tanışının oğlunu idman akademiyasına qəbul olunması ilə bağlı Rahim adlı şəxsə 5000 manat verdiyini, lakin Rahimin vədinə əməl etməyərək onu aldatmağı ilə bağlı ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X1 Hüseynovun İdman Akademiyasına qəbul olunması üçün İddiaçı 3500 manat vermiş və sonuncu qeyd olunan məsələnin həll olunması üçün Cavabdeh 2500 manat vermişdir. Sonradan iş alınmadığından Cavabdeh İddiaçı tanışı “Qara” adlı şəxsə 1500 manat pul ödəmiş ki, pulu İddiaçı çatdırsın. Göründüyü kimi Cavabdeh zərərçəkmiş şəxsin əmlakını ələ keçirərkən niyyəti özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə deyil öhdəliyin yerinə yetirilməsinə yönəlmişdir. Bu səbəbdən Cavabdeh əməli etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsi kimi qiymətləndirilə bilməz”. Həmin Qərarda qeyd edilən Cavabdeh xx.xx.2023-cü il tarixdə verdiyi izahatında qeydedilmişdir ki, xx.xx.2023-cü il tarixdə Tofiqin kafesində Tofiq əlbəəl nağd formada ona 2500 manat pul vermiş və tanışı idman akademiyasına sənəd verən şəxsin vəsiqəsinin surətini vermişdir”. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 69 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüququ vardır. Lakin iddiaçı cavabdehə 5000 manat məbləğində pul vəsaiti verdiyini bildirmiş olsa da, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə 2500 manat məbləğində pul vəsaiti verdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun 45 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, 25 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar