Məhkəmə qərarları › İş №e-2(020)-1195/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1195/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1195/2024 22.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2053,30 ABŞ dolları-bundan 583,64 ABŞ dolları əsas, 331,19 ABŞ dolları faiz, 1055,59 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 82,88 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 54,91 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 24% dərəcəsi ilə ödəmək şərtilə 3580 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-470002381 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqavilə və Zaminlik müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən müqavilələrdə dəyişikliklər olunmuşdur. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc və hesablanmış ödənilməmiş cəmi faizlər kapitallaşdırılmaqla birgə 3214,66 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılır və illik 8 faiz ödənilməlidir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********2529 saylı, xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2053,30 ABŞ dolları təşkil edir. Bundan 583,64 ABŞ dolları əsas, 331,19 ABŞ dolları faiz, 1055,59 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 82,88 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında borcluya 18 ay müddətinə, illik 24 faiz olmaqla 3580 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 50 (əlli) faiz dərəcəsilə, aylıq isə 4.17 (dörd tam onda yeddi) faiz dərəcəsilə faiz hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 3580 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən bankın kassasından qəbul edilmişdir. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə dəyişikliklər edilmiş, kreditin qalığı olan və restrukturizasiya edilən 3214,66 ABŞ dolları təşkil edən kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, tərəflər kredit məbləğinin hər ay 39,50 ABŞ dolları olmaqla, xx.xx.2021-ci il tarixə kimi qaytarılması barədə razılaşmışlar. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 470002381nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 583,64 ABŞ dolları əsas borc, müqavilənin bitdiyi günə 331,19 ABŞ dolları məbləğində faiz borcu və 1055,59 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 82,88 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2053,30 ABŞ dolları borcu yaranmışdır. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, Bank cavabdehi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. “Kreditor” İddiaçı ASC ilə “zamin” Cavabdeh2 arasında bağlanmış 24 iyul 2014-cü il tarixli 470002381/ZM №-li Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh2 kreditor Bank qarşısında 24 iyul 2014-cü il tarixli ********* №-li Kredit Müqaviləsi Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində öhdəlik götürmüşdür. xx.xx.2014-cü il tarixli 470002381/ZM nömrəli Zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, kreditin qalığı olan və restrukturizasiya edilən 3214,66 ABŞ dolları təşkil edən kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmasına zamin Cavabdeh2 tərəfindən razılıq verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 20017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1 maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə rurulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranınınölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi tərəflər (DəmirBank ASC-ilə Cavabdeh1) arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Lakin iddiaçı müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 992,19 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, İnternet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir. Ona görə də, məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh1 992,19 manat məbləğində əsas borc tutulmalıdır. Eyni zamanda məhkəmə digər cavabdeh zamin Cavabdeh2 yönəlmiş tələblə, yəni kredit borcunun ondan da tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi borcun zamindən tutulmalı olmalı hissəsində əsaslı və qanuni olmadığından təmin edilə bilməz. Belə ki, iş materiallarından da göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 iyul 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin təminatı kimi bank Cavabdeh2 ilə 24 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi bağlamış və daha sonra tərəflər arasında bağlanmış Əlavə Sazişlərlə zamninlik müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinin müddəti 29 iyun 2021-ci il tarixdə bitdiyindən, iddiaçı isə eyni tələblə məhkəməyə xx.xx.2024-cü ildə müraciət etdiyindən zaminin iddiaçı bank qarşısında öhdəliklərinə Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinə əsasən xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, müqavilədə nəzərdə tutulan öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, 992,19 (doqquz doxsan iki manat 19 qəpik) manat məbləğində borc Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hisədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 54,91 manat dövlət rüsumunun 30 manatı Cavabdeh1 iddiaçının xeyrinə xeyrinə tutulmalı, 24,91 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 992,19 (doqquz doxsan iki manat 19 qəpik) manat məbləğində əsas borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar