Məhkəmə qərarları › İş №e-2(020)-1245/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1245/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1245/2024 15.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 3316,18 ABŞ dolları - bundan 805,14 ABŞ dolları əsas, 362,01 ABŞ dolları faiz, 2035,95 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 113,08 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 76,38 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh1 arasında bağlanmış 282/14 nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Təssərrüfatın genişləndirilməsi” məqsədi ilə 18 ay müddətinə illik 33 % dərəcəsi ilə 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 282/14/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit Borcalana Təssərrüfatın genişləndirilməsi məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1 ” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 404 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 1910,48 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2015-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3817,48 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 3316,18 ABŞ dolları - bundan 805,14 ABŞ dolları əsas, 362,01 ABŞ dolları faiz, 2035,95 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 113,08 ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh1 məhkəməyə ərizə göndərərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə onun yəni Cavabdeh1 arasında bağlanmış 282/14 nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 33 % dərəcəsi ilə 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsindəndə göründüyü kimi, 3316,18 ABŞ dolları məbləğində kreditin əsas borc hissəsi 805,14 ABŞ dolları qalmışdır. Azərbaycan Respublikasının Prezidenti X1 Problemli kreditlər kompensasiyasına dair müvafiq fərmanına əsasən Restruktrizasiya olunması təkif olun kreditlər üzrə cavabdeh- Cavabdeh1 qızının əsas borcu 01 mart 2019-cu il tarixə 1368,73 manat olmuşdur. Həmin vaxtdan 5 ildən artıq müddət keçəndən sonra iddiaçı-Ləğv prosesində olan "Dəmir Bank” ASC cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 qarşı 3316,18 ABŞ dolları tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirlimiş icraat qaydasında xx.xx.2024-cü il tarixində Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il tarixli, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci ıl tarixli X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlarında iddia müddəti institutun, məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd edilmişdir ki, mülki işin qanuna uyğun halda baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bülün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki. qanunvericilikdə müəyyən edilən iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımlar və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. İddia müddəti institutunun əhəmiyyəti üımımən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması ışin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanılmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxara bilər. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdə qoruyur və eyni zanmanda onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddəti o halda tətbiq edilə bilər ki, mübahisə tərəfi məhkəmə qərarı çıxarılanadək bu barədə ərizə vermiş olsun. Qanunun məzmunundan göründüyü kimi, mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir. İddiaçı- LPO “Dəmir Bank" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun 3316,18 ABŞ dolları məbləğində kredit borcunun qaytarılması tələbinə dair iddiasından iddia müddətinin keçməsinə görə iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2014-cü il tarixli 282/14 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında borcluya 18 ay müddətinə, illik 33 faiz olmaqla 3200 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2014-cü il tarixli 282/14 nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 404 saylı əlavə sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli 282/14 nömrəli kredit müqaviləsinə dəyişikliklər edilmiş, kreditin qalığı olan və restrukturizasiya edilən 1910,48 ABŞ dolları təşkil edən kreditin müddəti xx.xx.2015-ci il tarixədək uzadılmışdır. xx.xx.2014-cü il tarixli 282/14 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 №-li əlavə sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli 282/14 nömrəli kredit müqaviləsinə dəyişikliklər edilmiş, kreditin qalığı olan və restrukturizasiya edilən 3817,48 ABŞ dolları təşkil edən kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2014-cü il tarixli 282/14 nömrəli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, tərəflər kredit məbləğinin hər ay 45,84 ABŞ dolları olmaqla, xx.xx.2021-ci il tarixə kimi qaytarılması barədə razılaşmışlar. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 282/14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 805,14 ABŞ dolları əsas borc, müqavilənin bitdiyi günə 362,01 ABŞ dolları məbləğində faiz borcu, 2035,95 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 113,08 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3316,18 ABŞ dolları borcu yaranmışdır. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, Bank cavabdehi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. “Kreditor” İddiaçı ASC ilə “zamin” Cavabdeh2 arasında bağlanmış 03 iyul 2014-cü il tarixli 282/14/ZM №-li Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh2 kreditor Bank qarşısında xx.xx.2014-cü il tarixli 282/14 №-li Kredit Müqaviləsi Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində öhdəlik götürmüşdür. xx.xx.2014-cü il tarixli 282/14/ZM №-li Zaminlik Müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 №-li əlavə sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli 282/14 nömrəli kredit müqaviləsinə dəyişikliklər edilərək, kreditin qalığı olan və restrukturizasiya edilən 3817,48 ABŞ dolları təşkil edən kreditin müddətinin xx.xx.2021-ci il tarixədək uzadılmasına zamin Cavabdeh2 razılığı alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 20017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş problemli keditlərin kompensasiyası haqqında məlumatdan görünür ki, ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissədə Cavabdeh1 qalıq borcu 1368.73 manat təşkil edir. Elektron məhkəmə infornasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsini xx.xx.2024-cü il tarixdə Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1 maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə rurulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranınınölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi tərəflər (DəmirBank ASC-ilə Cavabdeh1) arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Lakin iddiaçı müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 949,31 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, İnternet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir. Ona görə də, məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh1 1368,73 manat məbləğində əsas borc tutulmalıdır. Həmçinin məhkəmə Cavabdeh1 məhkəməyə ərizə göndərərək iddia müddətinin keçməsi ilə bağlı göstərdiyi dəlilləri əsaslı hesab etmir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müqavilənin son müddəti 07 iyul 2021-ci il tarix təşkil edir. İddiaçı isə hazırkı iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da qanunda nəzərdə tutulan 3 illik iddia müddətinin keçmədiyi müəyyən edilmişdir. Ona görə də Cavabdeh1 iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd edilməsinə dair vəsatəti təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Eyni zamanda məhkəmə digər cavabdeh zamin Cavabdeh2 yönəlmiş tələblə, yəni kredit borcunun ondan da tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi borcun zamindən tutulmalı olmalı hissəsində əsaslı və qanuni olmadığından təmin edilə bilməz. Belə ki, iş materiallarından da göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 iyul 2014-cü il tarixli 282/14 saylı kredit müqaviləsinin təminatı kimi bank Cavabdeh2 ilə 03 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi və həmin zaminlik müqaviləsinə 07 iyul 2017-ci il tarixli 02 saylı Əlavə saziş bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinin müddəti bitdiyindən, iddiaçı isə eyni tələblə məhkəməyə xx.xx.2024-cü ildə müraciət etdiyindən zaminin iddiaçı bank qarşısında öhdəliklərinə Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinə əsasən xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, müqavilədə nəzərdə tutulan öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, 1368,73 manat məbləğində əsas borc Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hisədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 76,38 manat dövlət rüsumunun 33,68 manatı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, 46,38 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 1368,73 (min üç yüz altmış səkkiz manat 73 qəpik) manat məbləğində əsas borc və ödənilmiş 33,68 (otuz üç manat 68 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar