Məhkəmə qərarları › İş №e-2(020)-1263/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1263/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1263/2025 15.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi və borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəmədə kredit müqaviləsinin ləğv evdilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli 324/R saylı kredit müqaviləsinə əsasən 3809,80 manat əsas, 5,72 manat faiz borcu, 761,96 manat məbləğində dəbbə borcu olmaqla cəmi 4577,48 manat məbləğində vəsaitin və ödənilmiş 167 manat dövlət rüsumunun tutulub "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki,"xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 324/R saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli 324/R saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 7488.68 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. Kredit müqaviləsi üzrə öhdəliklərin təmini kimi Cavabdeh3 və Cavabdeh1 ilə Para” BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 324/R nömrəli Zaminlik Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin Predmetinə əsasən zamin kredit götürənin müqavilə üzrə öhdəliklərini tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1 -ci bəndinə əsasən zamin kredit götürənlə birgə məsuliyyət daşıyır. xx.xx.2019-cu il tarixli, 324/R saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 BOKTa 3809.80 manat əsas borc, 5.72 manat hesablanmış faiz borcu, 761.96 manat dəbbə pulu olmaqla, cəmi 4577.48 manat borcu vardır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslasına onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İşdə olan poçt xəbərnaməsindən görünür ki, cavabdehlər xəbərnaməyə şəxsən imza etməklə bildirişi almışlar. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlmədiyindən məhkəmə cababdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Həmçinin məhkəmə iddiaçının nümayəndəsinin işə onun iştirakı olmadan baxılmasına dair ərizəsini nəzərə alıb iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 324/R saylı kredit müqaviləsindən görünür ki, PARA BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən 5 il müddətinə, 1 faizlə, 7488.68 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" ASC-yə 3809,80 manat əsas, 5,72 manat faiz borcu, 761,96 manat məbləğində dəbbə borcu olmaqla cəmi 4577,48 manat məbləğində borcu vardır. İşdə olan bildirişdən görünür ki, iddiaçı tərəfindən yaranmış borcun ödənilməsi ilə əlaqədar cavabdehlərin ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Zaminlik müqaviləsinin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Azərbaycan Respublikası MPM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviəəsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh2 iddiaçı təşkilatdan kredit götürməsi, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin kreditə zamin durması, cavabdehlərin müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 761,96 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 80 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3809,80 manat əsas, 5,72 manat faiz borcu, 80 manat məbləğində dəbbə borcu olmaqla cəmi 3895,52 manat məbləğində kredit borcu və 58,96 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmalı və dövlət rüsumu üzrə ödənilmiş 8,40 manat isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDi: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3809,80 manat əsas, 5,72 manat faiz borcu, 80 manat məbləğində dəbbə borcu olmaqla cəmi 3895,52 (üç min səkkiz yüz doxsan beş manat əlli iki qəpik) manat məbləğində kredit borcu və 58,96 (əlli səkkiz manat doxsan altı) manat ödənilmiş dövlət rüsumu tutulub PARA BOKT ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 8,40 (səkkiz manat qırx qəpik) manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar