Məhkəmə qərarları › İş №e-2(020)-1269/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1269/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1269/2024 24.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5256,59 manat əsas və 19,28 manat faiz borcu olmaqla, cəmi 5275,87 manat borcun və ödənilmiş 72,76 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK0935082B113 saylı kredit müqaviləsinə əsasən ona 37 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6929,82 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2023-cü il tarixli RGTK0935082B113 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehlərin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 5256,59 manat əsas və 19,28 manat faiz borcu olmaqla, cəmi 5275,87 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC məhkəməyə ərizə göndərək, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli RGTK0935082B113 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən, borcluya 37 ay müddətinə illik 20 faiz dərəcəsi ilə, 6929,82 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli RGTK0935082B113 nömrəli kredit müqaviləsinə Əlavə olan Ödəniş qrafikindən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 252,45 manat olmaqla, xx.xx.2026-cı il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. Kapital Bank” ASC “Bank”, Cavabdeh2 “Zamin” olmaqla aralarında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK0935082B113 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, zamin əsas borc, hesablanmış istifadə faizi, dəbbə pulu,maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər, habelə Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxıl olmaqla, Kreditor qarşısında Borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6929,82 manat məbləğində pul vəsaitini cavabdeh Zalova X1 qəbul etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixə 5256,69 manat əsas və 19,28 manat faiz borcu olmaqla, cəmi 5275,87 manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərə xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyə görə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 72,76 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Digər Cavabdeh2 isə bankla bağladığı 26 aprel 2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüş və bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 ilə yanaşı digər Cavabdeh2 da kredit borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə də məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5256,59 manat əsas və 19,28 manat faiz borcu olmaqla, cəmi 5275,87 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC- yə ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehlərdən alınmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 72,76 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5256,59 (beş min iki yüz əlli altı manat 59 qəpik) manat məbləğində əsas borc və19,28 (on doqquz manat 28 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 5275,87 (beş min iki yüz yetmiş beş manat 87 qəpik) manat məbləğində borc və 72,76 (yetmiş iki manat 76 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar