Məhkəmə qərarları › İş №e-2(020)-1302/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-1302/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-1302/2025 09.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundanİddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 189/A saylı kredit müqaviləsinə əsasən 3029.73 manat əsas borc, 82.22 manat hesablanmış faiz borcu, 605.94 manat dəbbə pulu olmaqla, cəmi 3717.89 manat kredit borcu və 59 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il Cavabdeh iləİddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 189/A saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 189/A saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 5999.29 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli, 189/A saylı kredit müqaviləsinə əsasən Cavabdeh oğlunun BOKTa 3029.73 manat əsas borc, 82.22 manat hesablanmış faiz borcu, 605.94 manat dəbbə pulu olmaqla,cəmi 3717.89 manat borcu vardır. Eyni zamanda, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanına əsasən "xxxx" ASC iləCavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT ASCnin iddiası üzrə başlanan və hazırda məhkəmənin icraatında olan mülki iş üzrə məhkəmənin hazırlıq iclasını və bundan sonra təyin ediləcək hazırlıq və baxış iclaslarının onların iştirakı olmadan keçirilməklə iddialarının tam təmin edilməsinə dair yekun məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2014-cü il tarixli 615/F nömrəli müqavilədən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 6 faiz olmaqla, 15000(on bir min) manat məbləğində kredit verilmişdir. Kreditin vəsaiti: SKMF vəsaiti. Kreditin təyinatı: heyvandarlığın inkişafıdır. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 18 sentyabr 2019-cu il tarixli 189/A №-li Kredit(Restrukturizasiya) müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 5999,29 manat qalıq məbləğini ödəməsi məqsədi ilə güzəştli kreditin verilməsi, borclu isə verilmiş güzəştli krediti və ona hesablanan faizləri bu müqavilənin təkib hissəsi olan ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirilməsini öz öhdəsinə götürür. Kredit illik faiz dərəcəsi 1 % olmaqla, 5 il (1-ci il güzəşt müddəti müəyyən edilməklə) müddətinə verilir. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi hüququna malikdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət istiqaməti “yuyulmamış xam qoyun və keçi yunu və tükünün istehsalı” olmaqla fərdi sahibkardır. Göründüyü kimi hazırki iş üzrə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs, Cavabdeh ********** №-li VÖEN əsasında fəaliyyət istiqaməti “yuyulmamış xam qoyun və keçi yunu və tükünün satılması” olan fərdi qaydada sahibkarlıqla məşğul olan fiziki şəxsdir, tərəflərin arasında bağlanmış 22 aprel 2014-cü il tarixli ilkin müqavilənin obyekti də cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan heyvandarlığın inkişafıdır. Daha sonra isə tərəflərin arasında həmin kredit müqaviləsi 18 sentyabr 2019-cu il tarixdə restrukturizasiya olunmuşdur. Belə olan halda onlar arasında yaranmış hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən müəyyən edilir ki, mübahisə iki tərəfin həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərdən yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, MPM-in 1ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 31-32, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar