Məhkəmə qərarları › İş №e-2(020)-1306/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1306/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1306/2025 07.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 262/A saylı kredit müqaviləsinə əsasən 2646,29 manat əsas borc, 126,34 manat hesablanmış faiz borcu və 529,25 manat dəbbə pulu olmaqla, cəmi 3303,88 manat kredit borcu və 54 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC arasında xx.xx.2019-cu il tarixli, 262/A saylı kredit müqaviləsi imzalamışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 262/A saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə 2661,49 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1-1.3-cü bəndinə əsasən kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, tabelə güzətli kredit müqaviləsi üzrəödənişlər vaxtında və lazimi qaydada icra edilməzsa borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli, 262/A saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT 2646,29 manat əsas borc, 126,34 manat hesablanmış faiz borcu, 529,25 manat dəbbə pulu olmaqla, cəmi 3303,88 manat borcu vardır. Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezdentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüfki cavabdeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli, 262/A saylı kredit(restrukturizasiya) müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən Cavabdeh vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2661,49 manat qalıq məbləğini ödəməsi məqsədilə ilə illik faiz dərəcəsi 1 faiz olmaqla 5il (1-ci il güzəşt müddəti müəyyən edilməklə) müddətinə kredit verilmişdir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, bu müqavilə işlə müəyyənləşdirilən öhdəliyin icra edilməməsi, lazımınca icra edilməməsi hallarda bu Müqavilə üzrə restrukturizasiya edilən kredit borcunu gecikdirilmiş əsas məbləğ üzrə 5 il müddətinə 0,1 %-indən çox olmamaqla dəbbə pulunu(cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyi borclu öhdəsinə götürür. Həmin kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, tərəflər kreditin ilk 12 ay 2,22 manat, daha sonra isə 56,59 manat olmaqla xx.xx.2024-cü il tarixə ödənilməsi barədə razılığa gəlmişlər. xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 2646,29 manat əsas borc, 126,34 manat hesablanmış faiz borcu və 529,25 manat dəbbə pulu olmaqla, cəmi 3303,88 manat təşkil edir. xx.xx.2025-ci il tarixli Borcun tələbi haqqında bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına 53,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 2646,29 manat məbləğində əsas borcun və 126,34 manat hesablanmış faz borcunun tutulması hissəsində iddia tələbi əsaslıdır. Həmçinin, iddiaçı xx.xx.2019-cu il tarixli, 262/A nömrəli kredit müqaviləsi üzrə 529,25 manat məbləğində dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğdə dəbbə pulunun hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, xx.xx.2019-cu il tarixli, 262/A nömrəli kredit müqaviləsi üzrə 529,25 manat məbləğində hesablanmış cərimə məbləğinin 150 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə də məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2646,29 manat əsas, 126,34 manat hesablanmış faiz borcu və 150 manat dəbbə pulu olmaqla, cəmi 2922,63 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 53,60 manat dövlət rüsumunun 49,22 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 262/A saylı kredit müqaviləsinə əsasən 2646,29 (iki min altı yüz qırx altı manat 29 qəpik) manat məbləğində əsas borc, 126,34 (yüz iyirmi altı manat 34 qəpik) manat məbləğində faiz borcu və 150 (yüz əlli) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 2922,63 (iki min doqquz yüz iyirmi iki manat 63 qəpik) manat məbləğində borc və 49,22 (qərx doqquz manat 22 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı Bank Olmayan Kredit Təşkilatı” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar