Məhkəmə qərarları › İş №e-2(020)-1339/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-1339/2024

05.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-1339/2024 05.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərə görə 40000 (qırx min) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 210 (iki yüz on) manat pul vəsaiti, cəmi 40210 (qırx min iki yüz on) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən “X9 Təsərrüfatı” MMC-yə məxsus olmuşdur. Daha sonra İddiaçı ilə “X9 Təsərrüfatı” MMC arasında (MMC adından X4) Bakı şəhəri 19 saylı Notariat Kontorunda təsdiqlənmiş 3M-1059 saylı, xx.xx.2022-ci il tarixli, sözügedən torpaq sahəsinin istifadə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən torpaq sahəsinin istifadə hüququnun alqı-satıq müqaviləsinə əsasən Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı adına qeydə alınmışdır. Topraq sahəsinin plan və ölçüsü də tərtib edilmiş və təsdiqlənmişdir. İddiaçı üzərində sahiblik və istifadə hüququ olduğu torpaq sahəsini təyinatı üzrə istifadə etmək və ondan fayda götürmək istəsə də Cavabdeh tərəfindən maneə və hüquq pozuntusu ilə qarşılaşmışdır. Məlum olmuşdur ki, Cavabdeh qeyd edilən torpaq sahəsinə yerləşərək, oraya müxtəlif şəxsləri işçi qismində cəlb etmiş, həmin torpaq sahəsində maldarlıq və əkinlə məşğul olmuşdur. Həmçinin, Cavabdeh orada özbaşına tikinti işləri aparmış, tam və yarım tikililər inşa etmiş, yaşı çox olan bəzi ağacları kəsmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinə daxil olmaq istəyərkən maneə ilə rastlaşmışdır, belə ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə girişinin qarşısını almaq üçün girişdə şlaqbaun və süni maneələr yaradılmışdır. Yuxarıda qeyd olunan bütün faktlar tərəfindən həyata keçirilmiş foto və video çəkilişlərlə təsdiq olunur. Həmin çəkilişləri məhkəməyə də təqdim edirlər. Bütün qeyd olunanlar iddiaçının öz əmlakına münasibətdə sahiblik və istifadə hüquqlarından məhrum edilməsi ilə nəticələnmişdir. 2022-ci ilin dekabr ayında Cavabdeh qarşı iddia tələbi ilə müraciət etmişlər. Beyləqan Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(020)-213/2023 saylı qətnaməsi ilə cavabdeh X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfində törədilən maneələr aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1648/2023, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və qətnamə qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 15 may 2024-cü il tarixli, 2(102)- 1463/2024 saylı qərarı ilə təmin edilməmiş və apelllyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Onların yuxarıda qeyd olunan iddia tələbini qaldırmaqlarından 1 il yeddi ay (19 ay) keçmişdir. Bütün bu zaman ərzində iddiaçı olaraq öz torpaq sahəsindən istifadə edə bilməmiş, həmin torpaq sahəsindən hər hansı bir fəaliyyətlə bağlı fayda götürə bilməmişdir, baxmayaraq ki, torpaq sahəsinin boşaldılması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Hesab edirlər ki, bu müddət ərzində torpaq sahəsindən istifadə edə bilməməkləri ilə bağlı iddiaçı tərəfə 40000 (qırx min) manat zərər dəymişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2018-ci il tarixli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki X1 X6 publik hüquqi şəxs statusu olan X3 çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. X5 kənd təsərrüfatı məhsullarının qiymət bazasını idarə etməklə dənli bitkilərin mövsüm dövründə sahədən satış və mövsümdən sonra topdan satış qiymətləri, texniki bitkilərin və sənaye xammalı təyinatlı digər məhsulların tədarük müəssisələri tərəfindən satın alınan qiymət məlumatlarını özündə əks etdirir. Lakin, məhkəmə qərardadı olmadan belə bir hesablamanı əks etdirən rəyin və ya arayışın verilməsi mümkün deyildir. Məhkəmə sorğusu vasitəsi ilə, həmçinin iş üzrə ekspertiza təyin edilməsi yolu ilə onların yuxarıda qeyd etdikləri zaman kəsimində cavabdehin təqsirindən torpaqdan istifadə edə bilmədikləri səbəbindən iddiaçıya nə qədər zərər dəyməsi müəyyənləşdirilə bilər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Həmin Qərarın 28-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fərdi sahibkardır. Eləcə də Cavabdeh Qəhərman oğlu da xx.xx.2013-cü il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkardır. İddia ərizəsi ilə məzmununda da qeyd edilmişdir ki, Cavabdeh qeyd edilən torpaq sahəsinə yerləşərək, oraya müxtəlif şəxsləri işçi qismində cəlb etmiş, həmin torpaq sahəsində maldarlıq və əkinlə məşğul olmuşdur. Beləliklə də, müəyyən edilir ki, hal-hazırda tərəflər arasında cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsindən irəli gələn mübahisə yaranmışdır. Göründüyü kimi, halhazırki mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda da bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilər. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından həmin ərizənin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş 210 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar