Məhkəmə qərarları › İş №e-2(020)-1411/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1411/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1411/2025 25.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil Çıraq oğlu, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1650 (bir min altı yüz əlli) manat məbləğində borcunun, hüquqi yardımla bağlı vəkilə ödənilən 520 (beş yüz iyirmi) manat və dövlət rüsumu olaraq ödədiyi 38 (otuz səkkiz) manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki,cavabdeh Beyləqan rayon, Kəbirli kənd sakini Cavabdeh əvvəlcədən tanıyır, onunla arasında heç bir ədavət, düşmənçilik və qohumluq əlaqələri olmayıb, yaxın tanışlıq münasibətləri olub. Cavabdeh 2023-cü ilin əvvəllərindən başlayaraq ondan hissə-hissə ödəmək şərtilə ərzaq məhsulları və 13 oktyabr 2023-cü il tarixdə 500 manat məbləğində nəqd şəkildə pul almış və qaytarmamışdır. Cavabdeh özü də borcunun olmasını etiraf edir. O, dəfələrlə cavabdehə ona olan 1650 manat məbləğində borcunu qaytarması ilə bağlı xəbərdarlıq etsə də, xeyli vaxt keçməsinə baxmayaraq, hələ də ona olan borcu qaytarmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdeh verdiyi izahatında işin faktiki hallarının iddiaçının ərizəsi və izahatında göstərdikləri ilə eyni məzmunda olmasını və iddiaçıya həqiqətən də ümumilikdə 1650 manat məbləğində pul borcunun olmasını etiraf etmiş, həmin məbləği maddi vəziyyətinin ağır olması ilə əlaqədar iddiaçıya ödəyə bilmədiyini bildirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə cavabdehin iddianı etiraf etməsini onda işin hallarının gizlədilməsi məqsədi ilə edilməsi, yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə dair şübhə aşkar etmədiyinə görə qəbul edir, bu səbəbdən yuxarıda göstərilən prosessual qanunvericilik normalarına uyğun olaraq, iddiaçının izahatı ilə yanaşı, cavabdehin iddianı etiraf etməsi əsasında cavabdehin həqiqətən də iddiaçıya 1650 manat məbləğində pul borclu olduğunu müəyyən edir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş “Nisyə satış dəftəri”nin 2-ci səhifəsində olan borcluların siyahısından görünür ki, “Asim Bəxtiyar – 5 m qal” sözlərindən sonra “Cavabdeh - 1650 m” qeydi icra edilmişdir. Bundan başqa, mülki iş materiallarına əlavə edilmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil ilə İddiaçı arasında hüquqi yardımın göstərilməsi məqsədilə bağlanılmış 04 iyul 2025-ci il tarixli, EM-2705VK-35232/25 nömrəli müqavilənin 2.1-ci bəndindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 520 (beş yüz iyirmi) manat müəyyən olunmuşdur. Eyni zamanda, mülki iş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair 15 iyul 2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə mülki işin materialları əsasında belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinin mahiyyəti cavabdehin götürdüyü məhsulların nisiyə dəftərində yazılı qaydada bağladığı müqavilədən yaranan öhdəliyini icra etməməsi ilə bağlıdır. Məhkəmə iş üzrə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə iş üzrə iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü dəlil və təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verilməsi ilə əlaqədar Azərbaycan Respublikası MPM-in yuxarıda göstərilən, eləcə də 76, 77.1 və 88-ci maddələrinə əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1650 (min altı yüz əlli) manat, hüquqi yardımla bağlı 520 (beş yüz iyirmi ) manat və dövlət rüsumu olaraq ödədiyi 38 (otuz səkkiz) manat məbləğində pul alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar