Məhkəmə qərarları › İş №e-2(020)-1457/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1457/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1457/2025 24.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh borc qismində verdiyi 400 (dörd yüz) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul olmaqla, cəmi 430 (dörd yüz otuz) manat məbləğində pulun alınıb ona verilməsibarədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışı olmuşdur. Cavabdeh 17 iyul 2024-cü il tarixdə ondan 400 (dörd yüz) manat borc pul istəyərək həmin gün qaytaracağını bildirmiş, ona inandığına görə həmin məbləği özünə məxsus 4169 7388 6911 9465 nömrəli bank kartından “Birbank” mobil tətbiqi vasitəsilə onun göndərdiyi bank kartına göndərmiş və daha sonra isə ödənişi təsdiq edən çekinin şəklini də “WhatsApp” ani mesajıma proqramı vasitəsilə cavabdehin mobil telefonuna atmışdır. Lakin, cavabdeh 400 manat pulu hər dəfə qaytarmağa söz versə də, vədinə əməl etməmişdir. Bu barədə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə cavabdehə məxsus “Rəşad qazi” yazılan mobil telefon nömrəsinə dəfələrlə yazmış, sonuncu da qaytaracağını qeyd etmiş, lakin qaytarmamışdır. İddiaçı ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarına vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM-in) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iddiaçının təqdim etdiyi, cavabdehlə aralarında baş tutmuş “WhatsApp” ani mesajıma proqramı vasitəsilə həyata keçirilmiş yazışmaların şəklindən görünür ki, cavabdeh “Rəşad qazi” yazılmış mobil telefondan iddiaçıya məxsus mobil telefon nömrəsinə 17 iyul 2024-cü il tarixdə, saat 18:44-də bank kartının şəklini göndərərək “bu mənim kartımdır qardaş, R.B.E, saat 7-də baza bağlanır deyə tələsirəm öz kartını da at mənə qardaş indi götürən kimi göndərim kartına” məzmununda sms yazmış, iddiaçı da həmin gün saat 18:49-da 17 iyul 2024-cü il tarixdə saat 18:49-da “416973******9465” nömrəli bank kartından “523915******4923” nömrəli, RƏ*******B**** adlı bank kartına 400 manat məbləğində pulun köçürülməsini təsdiq edən ödəniş çekinin şəklinin göndərmişdir. Həmin gün saat 18:52-də yenidən “Rəşad qazi” yazılmış mobil telefondan iddiaçıya məxsus mobil telefon nömrəsinə “çatdı qaqa yığıram səni” məzmunlu sms yazılmış və saat 19:00-də iddiaçı özünə məxsus bank kartının üzərində olan 4169 7388 6911 9465 nömrəsini ona yazmışdır. Bundan sonra onlar arasında icra edilmiş yazışmalarda iddiaçı dəfələrlə pulunun qaytarılmasını istəsə də cavabdeh atasının cərrahi əməliyyat keçirməsini deyərək pulu qaytarmamışdır. Beləliklə, məhkəmə iş üzrə iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü dəlil və təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verilməsi ilə bağlı Azərbaycan Respublikası MPM-in 76, 77.1 və 88-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının verdiyi iddia tələbinin əsaslılığı, yəni cavabdehin iddiaçıda 17 İyul 2024-cü il tarixdə 400 manat məbləğində pulu alması və geri qaytarmaması iddia ərizəsinə əlavə edilmiş ***-***- **-** mobil telefon nömrəsi ilə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə aparılmış yazışmalarla tam sübut edilir. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin iddia ərizəsinə yazılı qaydada etiraz verməməklə, faktiki olaraq iddia tələbini mübahisələndirmədiyini də nəzərə alır. Halbuki, Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Beləliklə, iddaçı cavabdehlə şifahi qaydada bağlanmış borc müqaviləsi üzrə öhdəliklərini tam icra etməsi barədə sübutları məhkəməyə təqdim etsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq, iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar