Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1673/2025 07.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3114 manat məbləğində əsas borcu, 561 manat faiz borcu, 310 manat cərimə borcu olmaqla, cəmi 3985 manat məbləğində borc və 59,85 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulması, tutulmanın ipoteka predmeti olan 2008-ci il buraxılışlı, qeydiyyat nişanı ** GZ ***, Ban WDBUF56X09B411125, Mercedes Benz E350 minik, qara rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracda satılmas, qeyd edilən girov predmetinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə olan borclarının ödənilməsinə yönəldilməsi, həmin girov predmetinin satışından əldə olunmuş vəsait cavabdehlərin "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə olan əsas, faiz və cərimə borclarının ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli PKSTN1016 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədi üçün 24 ay müddətinə illik 38% ödəmək şərtilə 7800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə cavabdeh arasında bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus 2008-ci il buraxılışlı, qeydiyyat nişanı **-GZ-***, Ban WDBUF56X09B411125, Mercedes Benz E350 minik, qara rəngli avtomobil iddiaçının xeyrinə girov qoyulmuşdur. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti istehlakçının mülkiyyətinə verir və istehlakçı isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin icra edilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Hazırda cavabdehdən ödənilməmiş 3114 manat məbləğində əsas borcu, 561 manat faiz borcu, 310 manat cərimə borcu olmaqla, cəmi 3985 manat məbləğində borc pul tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: 14 sentyabr 2023-cü il tarixli PKSTN-1016 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC arasında borcluya 24 ay müddətinə, illik 38 faiz olmaqla 7800 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Həmin Müqavilənin 7-ci bəndinə əsasən, bu müqavilə üzrə gecikdirilmiş kreditə görə, “Kredit Alan” hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin (əsas borc məbləğinin) 1 (bir) faizi (minimum 50 qəpik olmaqla) miqdarında cərimə ödəyir. BB466990 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, “Mercedes Benz E350 minik” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. 14 sentyabr 2023-cü il tarixli PKSTN-1016 nömrəli ipoteka müqaviləsindən görünür ki, Bank tərəfindən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh özünə məxsus “Mercedes Benz E350 minik” markalı, (Tip: sedan, buraxılış ili: 2008-ci il, ban: WDBUF56X09B411125, rəngi: Qara) **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili banka ipoteka qoymuşdur. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, ipoteka predmeti qarşılıqlı razılığa əsasən 16000 manat dəyərində qiymətləndirilmidir. 14 sentyabr 2023-cü il tarixli ödəniş tapşırığın surətindən görünür ki, 7800 manat məbləğində pul vəsaiti bankın tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. Ödəniş cədvəlindən görünür ki, tərəflər kredit məbləğinin hər ay 468,88 manat olmaqla, xx.xx.2025-ci il tarixə kimi qaytarılması barədə razılaşmışlar. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə 3114 manat əsas borc, 561 manat faiz borcu, 310 manat cərimə borcu olmaqla, cəmi 3985 manat borcu yaranmışdır. 21 avqust 2025-ci il tarixli bildirişdən görünür ki, Bank cavabdehi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə ünvanlanmış 26 avqust 2025-ci il tarixli “Bildirişin qeydə alınmasına dair” ərizənin surətindən görünür ki, Kredit müqaviləsinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədiyindən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduru başlanmış, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən girov qoyana tutmanın yönəldilməsi barədə bildiriş göndərilmiş, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən “Bildirişin qeydə alınmasına dair” ərizəni dövlət qeydiyyatına alıb bir nüsxəsinin onlara təqdim edilməsini sizdən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xx.xx.2026-cı il tarixli 3-13-16/2-613/2026 №-li məktubundan görünür ki, DİN Baş X2 İdarəsi Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdikləri “Mercedes Benz E350” markal **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınaraq ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi tərəflər ("xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-ilə Cavabdeh) arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin (əsas borcun, faiz borcun və dəbbə pulunun) icrasının (ödənilməsini) təmin edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh 3114 manat məbləğində əsas borc, 561 manat məbləğində faiz borcu və 310 manat məbləğində cərimə borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və qanunda nəzərdə tutulmuş digər hallardır; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir.39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edildi ki, ipoteka saxlayan "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə ipoteka qoyan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və 14 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tam mülkiyyət hüququ üzrə sonuncuya məxsus “Mercedes Benz E350 minik” markalı, (Tip: sedan, buraxılış ili: 2006-cı il, ban: WDBUF56X09B411125, rəngi: Qara metalik) **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsində qeydə alınmışdır Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsində “Mercedes Benz E350 minik” markalı, (Tip: sedan, buraxılış ili: 2008-ci il, ban: WDBUF56X09B411125, rəngi: Qara) **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinin ilkin satış qiyməti 16000 manat məbləğində müəyyən edilmişdir, bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti 16000 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Cavabdeh tərəfindən ipotekaya qoyulmuş onun mülkiyyətində olan “Mercedes Benz E350 minik” markalı, (Tip: sedan, buraxılış ili: 2008-ci il, ban: WDBUF56X09B411125, rəngi: Qara) **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc məbləği ödənilməlidir. Bununla belə, məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi” hissəsi ilə əlaqədar isə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünki, yuxarıda qeyd edildiyi kimi iddiaçının cavabdehdən tələb etdiyi pul məbləğinin tutulması qənaətinə gəlinmişdir və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Başqa sözlə qeyd olunan tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına isə məhkəmə hər hansı zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə həmçinin hesab edir ki, hazırki iddianın qadırılması üçün ödənilmiş 59,85 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3114 (üç min yüz on dörd) manat məbləğində əsas borc, 561 (beş yüz altmış bir) manat məbləğində faiz borcu və 310 (üç yüz on) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3985 (üç min doqquz yüz səksən beş) manat məbləğində borc və 59,85 (əlli doqquz manat 85 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan “Mercedes Benz E350 minik” markalı, (Tip: sedan, buraxılış ili: 2008-ci il, ban: WDBUF56X09B411125, rəngi: Qara) **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinə yönəldilsin. Həmin nəqliyyat vasitəsi açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına ümumi borc və dövlət rüsumu ödənilsin. İpoteka predmeti olan “Mercedes Benz E350 minik” markalı, (Tip: sedan, buraxılış ili: 2008-ci il, ban: WDBUF56X09B411125, rəngi: Qara) **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinin ilkin satış qiyməti 16000 (on altı min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №e-2(020)-1673/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1673/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver