Məhkəmə qərarları › İş №e-2(020)-1718/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1718/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1718/2023 13.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Cavabdehin iştrakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin rəhbərliyi iddia qaldıraraq Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 10191.89 manat əsas borc, 1458.87 manat faiz borcu, cəmi 11650.76 manat məbləğində borcun və ödənilmiş 124.95 manat dövlət rüsumunun tutulub banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 10191.89 AZN əsas; 1458.87 AZN faizcəmi 11650.76 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Ona görə də xahiş edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 10191.89 manat əsas borc, 1458.87 manat faiz borcu, cəmi 11650.76 manat məbləğində borcun və ödənilmiş 124.95 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi, bankın problemli kreditlərin hüquqi təqibi departamentinin məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə məhkəməyə ərizə göndərərək, bütün məhkəmə iclaslarında işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və verdiyi izahatında göstərdi ki, İddiaçı ASC ilə onun arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 42 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 13400 manat məbləğində kredit götürmüşdür. Əvvəllər işləmiş və əmək haqqı yüksək olmaqla krediti vaxtında ödəmişdir. Sonra isə işdən çıxmışdır və hazırda heç yerdə işləmir. Maddi imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. İddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə cavabdehin izahatını və iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Həmçinin məhkəmə iddiaçının nümayəndəsinin işə onun iştirakı olmadan baxılmasına dair ərizəsini nəzərə alıb iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 42 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 13400 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.1.2-ci maddəsinə görə kreditor bu müqavilə ilə nəzərdə tutulmuş hallarda kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 2023-cü il iyul ayının 14-dək İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10191.89 manat əsas borc, 1458.87 manat faiz borcu, cəmi 11650.76 manat kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü nəzərdə tutursa öhdəlik həmin gün icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Ona görə də məhkəmə iddiaçının Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 10191.89 manat əsas borc, 1458.87 manat faiz borcu, cəmi 11650.76 manat məbləğində borcun və ödənilmiş 124.95 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub İddiaçı ASC-nin hesabına ödənilməsi tələbinə dair iddiasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 10191.89 manat əsas borc, 1458.87 manat faiz borcu, cəmi 11650.76 manat məbləğində borcun və ödənilmiş 124.95 manat alınaraq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 10191.89 manat əsas borc, 1458.87 manat faiz borcu, cəmi 11650.76 (on bir min altı yüz əlli manat yetmiş altı qəpik) manat borc və dövlət rüsumuna görə ödənilmiş 124.95 (bir yüz iyirmi dörd manat doxsan beş qəpik) manat alınıb İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar