Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1855/2024 29.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli L-BK-0066371-F saylı Kredit və BK-00028798 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas məbləğ üzrə 2310,03 (iki min üç yüz on manat 03 qəpik) manat, faiz borcu üzrə 481,67 (dörd yüz səksən bir manat 67 qəpik) manat, cərimə borcu üzrə 22,96(iyirmi iki manat 96 qəpik) manat və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin(əldən çıxmış fayda) əvəzi olaraq 315,31 (üç yüz on beş manat 31 qəpik) manat olmaqla, cəmi 3129,97 (üç min yüz iyirmi doqquz manat 97 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 52(əlli iki) manat dövlət rüsumunun alınaraq BOKT İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 BOKT "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli L-BK-0066371-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən, borcluya 12 ay müddətinə, aylıq 2.25 %, illik 27 % olmaqla 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh1 ilə BK-00028798 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 189,97 manat, müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 158,73 manat və müqavilənin 3.1.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu üzrə üzrə 1.30 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 2310,03 (iki min üç yüz on manat 03 qəpik) manat, faiz borcu üzrə 481,67 (dörd yüz səksən bir manat 67 qəpik) manat və cərimə borcu üzrə 22,96(iyirmi iki manat 96 qəpik) manat məbləğində borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli L-BK-0066371-F saylı Kredit müqaviləsinin 3.1.4cü maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər(əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur.Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər(əldən çıxmış fayda) 315,31 (üç yüz on beş manat 31 qəpik) manat təşkil edir. Təşkilatla borclunun zamini arasında bağlanmış BK-00028798 saylı Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2-ci bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından kreditorun xeyrinə silinməsinə icazə verib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, L-BK-0066371-F saylı kredit müqaviləsindən və ona əlavə edilmiş Ödəniş qrafikindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən borclu Cavabdeh2 12 ay müddətinə, illik 27 faiz olmaqla, hər ay 241 manat ödəmək şərti ilə 2500 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 3.1.2-ci bəndinə əsasən, Borcalan müqavilə müddəti ərzində kredt ödənişləri gecikdirdiyi halda, gecikdirmənin ilk günündən balayaraq hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 5(beş) faiz məbləğində əlavə gecikdirilmə faizi ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1.4-cü bəndinə əsasən, Borcalan müqavilə üzrə öhdəlikləri icra etmədiyi üçün onun barəsində Borcverən tərəfindən məhkəməyə və ya icra qeydi alınması üçün notariusa müraciət olunduqda, borcverənə vurulmuş zərərin əvəzini ödəməyi öz öhdəsinə götürür. Vurulmuş zərər(əldən çıxmış fayda) kreditin ödənilməmiş əsas məbləğinə müqavilə üzrə illik faizin 6 aylıq miqdarında müəyyənləşdirərək, ümumi iddia məbləğinə əlavə olunacaqdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, L-BK- 0066371-F saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 Banka 2310,03 manat əsas, 481,67 manat faiz borcu, 22,96 manat cərimə və 315,31 manat əldən çıxmış fayda olmaqla, cəmi 3129,97 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli BK-00028798 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borclu Cavabdeh2 BOKT "xxxx" MMC-nin qarşısında xx.xx.2023-cü il tarixli, L- BK-0066371-F saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün öz üzərinə məsuliyyət götürmüşdür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, bu müqavilə ilə Zamin Borclu tərəfindən müvafiq kredit müqaviləsi üzrə kredit və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün Borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını bilir və öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -742.5 və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən Göründüyü kimi, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə, Cavabdeh1 xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi ilə götürdükləri öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və Banka ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun ödəməmiş və bununla da, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Qeyd olunanlara qiymət verərək hesab edirəm ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn 2310,03 manat əsas borc, 481,67 manat faiz borcu və 22,96 manat cərimənin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində iddia tələbi əsaslıdır. Eyni zamanda, iddiaçı kredit müqaviləsinin 3.1.4-cü bəndinin tələblərinə əsasən, cavabdehlərdən 315,31 manat əldən çıxmış faydanın tutulmasını tələb edir. Qeyd edirəm ki, 2310,03 manat məbləğində əsas borca görə əldən çıxmış fayda kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən, 311,85 manat təşkil edir və hesab edirəm ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hesab edirəm ki, ödənilmiş 52 manat məbləğində dövlət rüsumunun 51,26 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2310,03 (iki min üç yüz on manat 03 qəpik) manat məbləğində əsas borc, 481,67 (dörd yüz səksən bir manat 67 qəpik) manat məbləğində faiz borcu, 22,96(iyirmi iki manat 96 qəpik) manat məbləğində cərimə və 311,85(üç yüz on bir manat 85 qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3126,51 (üç min yüz iyirmi altı manat 51 qəpik) manat məbləğində borc və ödənilmiş 51,26 (əlli bir manat 26 qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı BOKT "xxxx" MMCyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-1855/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1855/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver