Məhkəmə qərarları › İş №e-2(020)-1919/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1919/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1919/2025 04.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə mübahislər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. X3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, CP/92127/62/26 saylı müqaviləyə əsasən 2050 manat, 09 aprel 2018-ci il tarixli, DK/80797/62/26 saylı müqaviləyə əsasən 100 azn məbləğində kredit verilmişdir.

2. İddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09 aprel 2018-ci il tarixli, CP/92127/62/26 saylı müqaviləyə əsasən 1719,77 manat əsas, 84,70 manat faiz, 12,69 manat cərimə borcu, 09 aprel 2018-ci il tarixli, DK/80797/62/26 saylı müqaviləyə əsasən 100 manat əsas, 12 manat faiz, 9,50 manat cərimə borcu olmaqla, cəmi 1938,66 manat və 69 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

3. X3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, CP/92127/62/26 saylı müqaviləyə əsasən 2050 manat, 09 aprel 2018-ci il tarixli, DK/80797/62/26 saylı müqaviləyə əsasən 100 azn məbləğində kredit verilmişdir. X1 1938,66 manat banka borcu vardır, lakin o, 30 avqust 2018-ci il tarixdə vəfat etmişdir. “Asan Xidmət” notariat qurumunun vermiş olduğu vərəsəlik haqqında şəhadətnamələrə görə hazırki iş üzrə hər iki cavabdeh mərhumun vərəsələri kimi tanınmışlar və onlar qanunvericiliyin tələblərinə görə mərhumun mövcud olan kreditləri onlar tərəfindən ödənilməlidir.

Cavabdehin etirazı:

4. İddia ərizəsinə cavabdehlər tərəfindən yazılı etiraz daxil olmamışdır.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini və məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasna dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Əvvəlki məhkəmə proseslərində iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

7. İş materiallarına əlavə edilmiş X3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, CP/92127/62/26 saylı kredit müqaviləsinə əsasən bank sonuncuya 18 ay müddətinə, illik 23 faiz olmaqla və aylıq 135,74 manat, 18-ci ay isə 136,97 manat ödəniş etmək şərtilə 2050 manat məbləğində istehlak krediti vermişdir.

8. İş materiallarına əlavə edilmiş X3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 aprel 2018-ci il tarixli, DK/80797/62/26 saylı kredit müqaviləsinə əsasən bank sonuncuya 10000 manat məbləğində kredit xətti açmış və həmin kredit xəttindən 100 manat istifadə edilmişdir.

9. İş materiallarına əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 30 avqust 2018-ci il tarixdə “Ağciyər-ürək çatmamazlığının digər formaları” səbəbindən ölmüşdür.

10. İş materiallarına əlavə edilmiş 21 iyun 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh2 əri X2 vərəsəsi olaraq, ona verilmiş 11000 manat məbləğində sığorta ödənişindən ½ hissə irs almışdır.

11. İş materiallarına əlavə edilmiş 09 iyul 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh1 oğlu X2 vərəsəsi olaraq, ona verilmiş 11000 manat məbləğində sığorta ödənişindən ½ hissə irs almışdır.

12. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən yazılmış ərizədən görünür ki, o, hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən yazılmış ərizədən görünür ki, o, hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60.İ.Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71.İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2.hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

16. Beynəlxalq hüquqi aktlar: Stanyo Belçikaya qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 oktyabr 2007-ci il tarixli Qərarında da məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-citarixli Qərarında da məhkəmə göstərmişdir ki, “İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır”. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında da məhkəmə göstərmişdir ki, “Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar).

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, cavabdehlərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanunla müəyyən olunmuş müddət buraxıldığından rədd edilməlidir.

20. İş matereallardan göründüyü kimi qanunla nəzərdə tutulmuş 3 illik iddia müddət iddiaçı tərəfindən ötürülmüşdür.

21. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti qanunla 3 (üç) il müəyyən edilmişdir.

22. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.

25. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

NƏTİCƏ HİSSƏ:

27. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar