Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-214/2025 04.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurulayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh itirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7774.53 manat məbləğində əsas borcun, 1315.08 manat məbləğində faiz borcunun, 594.9 manat məbləğində cərimə borcunun cəmi 9684.51 manat borcun və 118 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 26% olmaqla 12500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Odur ki, Cavabdeh 7774.53 manat məbləğində əsas borcun, 1315.08 manat məbləğində faiz borcunun, 594.9 manat məbləğində cərimə borcunun cəmi 9684.51 manat borcun və 118 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək məhkəmə iclaslasına onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə izahat verən Cavabdeh iddianı qismən qəbul etdi və göstərdi ki, İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən bank ona 36 ay müddətinə 12500 manat məbləğində kredit vermişdir. Əvvəllər kredit üzrə vaxtlı vaxtında ödəniş etmişdir. Sonradan anası xəstələndiyi üçün başqa banklardan da pul götürmək məcburiyyətində qalmışdır. Bu səbəbdən kreditini ödəyə bilməmişdir. O, kredit ödənişlərinin məbləğinin azaldılması barədə banka müraciət etsə də, ona bu barədə köməklik göstərilməmişdir. Bank ona kredit borcunun ödənilməsi barədə bildiriş göndərmişdir. Hazırda işləyir və aylıq 200 manat kredit ödənişi edə bilər. Bank tərəfindən ona əsassız olaraq böyük məbləğdə cərimə və faiz hesablanmışdır. Bunları nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 26% olmaqla 12500 manat məbləğində kredit vermişdir. İşdə olan kredit müqaviləsinin 7.1.1-ci maddəsinin a) bəndinə görə müştəri ödənişlərini müqavilədə (həmçinin onun əlavələrində) göstərilən qaydada, vaxtında və lazımınca icra etmədikdə bank kredit qalıq məbləğinin, hesablanmış faizlərin , cərimə, komissiyon haqlarının və digər xərclərin vaxtından əvvəl qayarımasını tələb edə, habelə kartın mülkiyyətçisi kimi müvafiq tədbirlər görə və bank praktikası ilə müəyyən olunmuş digər sanksiyalar tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü nəzərdə tutursa öhdəlik həmin gün icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Ona görə də iddia borc tələbinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh yaşadığı ünvana xx.xx.2024-cü il tarixli bildiriş göndərərək aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsi, müqaviləyə əsasən banka 7774.53 manat əsas, 1118.38 manar faiz və 594.90 manat cərimə borcu olması, kredit müqaviləsinin birtrəfli qaydada ləğv edilməsi, kredit borcunun dərhal ödənilməsi, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə və icra xərclərinin də onun tərəfindən tutulacağı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehə göndərilən pretenziyada iddiaçı müqaviləyə xitam verməsini bəyan etmişdir. Həmin bildirişdə faiz borcu 1118.38 manat göstərilmişdir. Ona görə də məhkəmə faiz borcunun 1118.38 manat saxlanmasını daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 594.90 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 60 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehin izahatını və iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 7774.53 manat məbləğində əsas borc, 1118.38 manat məbləğində faiz borcu, 60 manat məbləğində cərimə borcu olmaqla cəmi 8952.90 manat kredit borcu və 109.53 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalı, dövlət rüsumu üzrə ödənilmiş 8.40 manat isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 7774.53 manat məbləğində əsas borc, 1118.38 manat məbləğində faiz borcu, 60 manat məbləğində cərimə borcu olmaqla cəmi 8952.90 (səkkiz min doqquz yüz əlli iki manat doxsan qəpik) manat kredit borcu və 109.53 (yüz doqquz manat əlli üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 8.40 (səkkiz manat qırx qəpik) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-214/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-214/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver