Məhkəmə qərarları › İş №e-2(020)-278/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-278/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-278/2025 17.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh xx xxxx 1985-cü ildə anadan olmuş, Beyləqan rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Cavabdeh borc aldığı 2800 manatın və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Cavabdeh ilə uzun bir müddət tanışlıq münasibətləri olmuşdur. Onu Beyləqan rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət edərkən tanımışdır. Bir neçə dəfə ondan ehtiyacı olanda borca pul götürüb, sora qaytarmışdır. 2022-ci ilin yanvar ayının 15-də ondan 2800 manat pul götürərək qəbz yazaraq, borcunu 5-6 aya qaytaracağına söz versədə, verdiyi vədə tamam olanda, telefonunu söndürərək ona cavab verməmişdir. Bir neçə dəfə cavabdehdən aldığı pulu tələb etsədə, cavabdeh hər dəfə bir bəhanə gətirərək borcu ödəməkdən yayınmışdır. Ona görə də cavabdeh xx xxxx 1985-cü ildə anadan olmuş, Beyləqan rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Cavabdeh borc aldığı 2800 manatın və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, cavabdeh 2017-ci ildə iddiaçıdan qəbz yazaraq pul götürməsini etiraf etmişdir. İddia əsaslıdır. Əgər iddiaçı vicdansız olsaydı cavabdehin ona verdiyi 4000 manat borc almasına dair olan qəbzi təqdim edib məhkəmədə iddia qaldırardı. Hazırkı qəbzi iddiaçı vaxtında tapmadığından vaxtında məhkəmədə iddia qaldırmamışdır. Qəbzi cavabdeh 2022-ci ildə yazmışdır. İddiaçı verdiyi pulu cavabdehdən tələb edir. İddia müddəti keçməmişdir. Cavabdeh əvvəlcə qəbzdəki imzanın ona məxsus olmadığını göstərmişdir. Bununla bağlı ekspertiza təyin edilmiş, qəbzdəki imzanın cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Bundan sonra cavabdeh iddia müddətini mübahisələndirmişdir. Hesab edir ki, cavabdehin həmin ərizəsi əsassızdır. İddiaçı tərəfindən hazırkı qəbzdəki borc cavabdehə 2022-ci ildə verildiyindən iddia tam əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmədə izahat verərək göstərdi ki, Vəliyəddin Əzizovun ona qarşı qaldırdığı iddia əsassızdır. O, Vəliyəddindən 2022-ci ildə pul götürməmiş və heç bir qəbz yazıb verməmişdir. Onun tərəfindən yazılan qəbzlər 2016-2017-ci illərdə yazılan qəbzlərdir ki, həmin pulu ondan hərbidə işləyəndə götürmüş və 2018-ci ildə tam şəkildə ödəmişdir. İddiaçı pul tələbinə dair iddia ilə xx.xx.2023-cü ildə məhkəmədə iddia qaldırmışdır. Həmin iddia 2017-ci ildə alınmış borcla əlaqədar olmuşdur. Əgər o, Vəliyəddindən 2022-ci ildə pul almış olsaydı, iddiaçı 2023-cü ildə pul tələbinə dair iddia qaldırdığı zaman həmin borcu da ərizəsində qeyd edərdi. 2023-cü ildə hazırkı tələblə bağlı iddia qaldırmamışdır. Göründüyü kimi aralarında 2022-ci ildə alınmış borc pul olmamışdır. Hazırkı iddia ərizəsinə əlavə edilmiş qəbzdə tarix yoxdur. Çünki qəbz 2016-cı ildə yazılmış qəbzdir və həmin qəbzlə aldığı pulu tam qaytarmışdır. 2018-ci ildə o, ordu sıralarından xəstəliklə əlaqədar ehtiyata buraxılmış, ehtiyata buraxılan vaxt son haq- hesab pulu olan 3224 manat onun kartına vurulmuşdur. Həmin pul iddiaçı tərəfindən onun kartından çıxanlıb, ona olan borcunu götürdükdən sonra qalan pulu cavabdeh ona vermişdir. Onun iddiaçıya heç bir ödənməmiş borcu yoxdur. Həmin qəbzin verilməsindən uzun müddət keçdiyinə görə iddia müddəti ötürülmüşdür. Ona görə də iddia əsassız olduğundan iddia müddətini tətbiq edib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş işdə olan qəbzdən görünür ki, Cavabdeh iddiaçı X1 borc olaraq 2800 manat pul götürdüyünü, 4-5 aya qaytarmağa söz verdiyini göstərmişdir. Lakin həmin qəbzin hansı tarixdə verilməsi göstərilməmişdir. Cavabdeh əvvəlki məhkəmiclasında qəbzdəki imzanın ona məxsus olmadığını göstərmiş və onun vəsatətinə əsasən məhkəmənin 22 aprel 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməxəttşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2025-ci il tarixli, 4/747 saylı ekspertiza rəyindən görünür ki, mülki işin 52-ci vərəqində olan “X3”... sözləriylə başlayan qəbzdəki yazılan əlyazmalar və imza TANİRVERDİYEV MƏZAHİR ƏBÜLFƏT oğlu tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası ММ-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında cavabdehin iddiaçıdan borc pul alması və həmin borca görə verilən qəbzin cavabdegh tərəfindən icra olunması öz təsdiqini tapmışdır. Lakin cavabdeh həmin borcu 2016-cı ildə götürdüyünü, cavabdehdən 2018-ci ildən sonra heç bir borc pul almadığını göstərmişdir. İddiaçı həmin qəbzi 2022-ci ildə verildiyini göstərsə də bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə bununla bağlı cavabdehin iddiaçıdan həmin borcu 2016-cı ildə almasına dair etirafını əsaslı hesab edir. Cavabdeh məhkəmə iclasında iddianın əsassız olduğunu bildirmiş və iddia müddətini mübahisələndirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası ММ-in 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il Qərarında göstərilir: “İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır”. Oxşar iş üzrə “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il Qərarında göstərilmişdir: “Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Аzərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia müddəti keçdiyindən, iddiaçı borca dair qəbzin 2022-ci ildə verildiyini sübuta yetirə bilmədiyindən və cavabdeh tərəfindən iddia müddəti mübahisləndirilərək bu barədə məhkəməyə ərizə təqdim edildiyindən iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyinə görə dövlət rüsumu kimi ödənilən 48.60 manat özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası iddia müddəti keçdiyinə görə rədd edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilən 48.60 (qırx səkkiz manat altmış qəpik) manat onun özünə aid edilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 120 (yüz iyirmi) manat İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar