Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-299/2025 17.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş 501,82 manat məbləğində zərər və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 532,22 manat məbləğində pul cavabdehdən məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh üçüncü şəxsdən etibarnamə əsasında idarəetmək üçün əldə etdiyi, faktiki də istifadəsində olan **-MN-*** dövlət nömrə nişanlı "Ford Transit” markalı yük avtomaşını ilə ünvan 1 ünvanında yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş və SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin (bundan sonra “BRQİD” adlandırılacaq) balans və istismarında olan, əhali abonentlərini təbii qazla təmin edən 110 mm diametrlik polietilen və 108 mm diametrlik orta təzyiqli qaz xətlərini vuraraq sındırmış, qaz xətlərini istismara yararsız hala salaraq Azəriqaz İB-yə maddi zərər vurmuşdur. Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD-nin Mərkəz rayonları üzrə Texniki-İstismar Xidmətinin əməkdaşları tərəfindən ərazinin qaz təminatı hadisədən təxminən 30 dəqiqə sonra dayandırılmış, hadisə barədə İddiaçı İB-nın Qəza-Bərpa Xidmətinə və həmçinin Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verilmiş, faktla bağlı İddiaçı İB əməkdaşları tərəfindən zəruri sənədləşdirmə işləri aparılmışdır. Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ-nin DYP Şöbəsi tərəfindən araşdırma aparılmış, cavabdehin yazılı izahatı alınmış, o cümlədən də cavabdeh şəxs barəsində xx.xx.2022-ci il tarixində barəsində İXP ******* nömrəli protokol və xx.xx.2022-ci il tarixdə Cavabdeh İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair TP 55126518 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sürücü barəsində qəbul edilmiş müvafiq qərarın surəti xx.xx.2024-cü il tarixli 3- 13-53/2-41558/2024 nömrəli məktubla İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinə göndərilmişdir. Yasamal RPİ-nin DYP Şöbəsi tərəfindən aparılan araşdırma zamanı, Cavabdeh xx.xx.2022-ci il tarixli yazılı izahatında xx.xx.2023-cü il tarixində tərəfindən yol verilmiş yol nəqliyyat hadisəsi zamanı baş verənləri təsdiq etmiş və avtomaşının əl əyləcindən istifadə etmədiyi üçün avtomaşının hərəkətə düşərək qarşıda yolun üzərindən keçən Azəriqaz İB-yə aid dəmir boruya çırpıldığını etiraf etmişdir. Cavabdeh tərəfindən baş vermiş avtoqəza hadisəsinin nəticələrinin aradan qaldırılması yönündə İddiaçı İB-yə 501,82 manat məbləğində (təmir-bərpaya çəkilən xərc) maddi zərər vurulmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş maddi zərər ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli Cavabdeh izahatından görünür ki, etibarnamə ilə idarə etdiyi **-MN-*** dövlət nömrə nişanlı "Ford Transit” markalı avtomaşını enişdə yolun sağ tərəfində saxlamışdır. Əl əyləcindən istifadə etmədiyi üçün, avtomaşın hərəkət etmiş, qarşıda yolun üzərində keçən İddiaçı aid olan dəmir boruya çırpılmışdır. Hadizə zamanı xəsarət alan olmamışdır. xx.xx.2022-ci il tarixli “Qaz xəttinin zədələnməsi haqqında” aktdan görünür ki, Yasamal rayonu, A.Abbasov küçəsi 13 ünvanında əhali abonentlərin təbii qazla təchiz edən diametri PE110 mm-lik və 108 mm-lik orta təzyiqli qaz xətlərində baş vermiş qəza nəticəsində sınmış yararsız hala düşmuşdür. Hadisədən təxminə 30 dəq sonra qaz təchizatı dayandırılmışdır. Dəymiş zərərin hesablanması haqqında qiymət cədvəlindən görünür ki, Yasamal rayonu, A.Abbasov küçəsi 13 ünvanında baş vermiş qəza zamanı dəymiş ziyanın aradan qaldırılmsaı üçün görülən işlərin və işlədilən materiiaların yekun qiyməti 501.82 manat təşkil edir. Bakı şəhəri Yasamal RPİ-nin DYP Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022ci il tarixdə Cavabdeh “Ford Transit” yük markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, ona 20 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Ford Transit” yük markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Yasamal rayonu, A.Abbasov küçəsi 13 ünvanında əhali abonentlərin təbii qazla təchiz edən diametri PE110 mm-lik və 108 mm-lik orta təzyiqli qaz xətlərində baş vermiş qəza nəticəsində sınmışdır. Hal-hazırda İddiaçı İB törədilmiş yol nəqliyyat hadisəsi zamanı vurulan zərərin əvəzi olaraq müəyyən edilmiş 501,82 manat məbləği tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mülkiyyətində olan qaz xəttinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən, hesab edirəm ki, cavabdeh törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus qaz xəttinin sınması ilə bağlı maddi ziyan dəyməsi faktı sübuta yetirildiyindən, iddia tələbi təmin edilməli və cavabdehdən 501,82 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh 501,82 (beş yüz bir manat 82 qəpik) manat məbləğində dəymiş ziyanın əvəzi və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı olmaqla, cəmi 532,22 (beş yüz otuz iki manat 22 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-299/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-299/2025
17.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver