Məhkəmə qərarları › İş №e-2(020)-409/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-409/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-409/2024 14.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı Pərviz oğlunun, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Pərviz oğlunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Pərviz oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4500 (dörd min beş yüz) manat borc pulun və məhkəməyə ödədiyi 65 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Pərviz oğlu iddiasını müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlayaraq xx.xx.2017-ci il tarixədək 18 ay müddətinə hər ay 250 manat geri qaytarmaq şərti ilə Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul borc vermişdir.Həmin kredit müqaviləsi Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 3M-221 nömrəli reyestrlə xx.xx.2016-cı il tarixdə təsdiqlənmişdir. Hazırda Cavabdeh borcunu qaytarmaqdan boyun qaçırır. Beyləqan Rayonu 1 saylı Notariat Ofisinə ərizə ilə müraciət etdikdən sonra natarius tərəfindən 16 may 2018-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərnaməyə heç bir cavab verməmiş və borcunun olmamasını mübahisələndirməmişdir. Sonradan Pandemiya şəraiti yarandığından Beylqan rayonuna gələ bilməmişdir. xx.xx.2021-ci il tarixdə Beyləqan rayon 1 saylı Notaris ofisinə müraciət etmişdir. Onlar da pandemiya şəraitini nəzərə alaraq həmin günü icra qeydi tərtib etmişlər və icra şöbəsinə göndərilmişdir. İcra məmuru dəfələrlə cavabdehə xəbərdarlıq etmişdir. Sonuncu dəfə icra məmuru ona zəng edərək cavabdein tutulub gətirildiyini və məhkəməyə göndəriləcəyini bildirmişdir. Həmin vaxt Vüqarın qohumları ondan Vüqara borcunu ödəmək üçün vaxt verilməsini xahiş etmişlər. O, da Beyləqan rayon İcra şöbəsinə teleqrama vuraraq Vüqara vaxt verilməsini xahiş etmişdir. Bundan sonra o, Rusiya Federsiyasına getmişdir. Qayıtdıqdan sonra bilmişdir ki, cavabdeh ona qarşı Sumqayıt məhkəməsində icra qeydinin ləğv edilməsinə dair iddia qaldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırkı iddia tələbi üzrə İddiaçı və Beyləqan rayon 1 saylı notariat ofisinə qarşı "İcra qeydinin ləğv edilməsi tələbinə dair" iddia ərizəm təmin edilməsə də, lakin həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Sumqayt rayon məhkəməsinin qətnaməsi ləğv edilmişdir. İcra qeydi ləğv edilə bilər. Bunun kredit müqaviləsinə heç bir aidiyyəti yoxdur.Cavabdeh ona olan borcunu qaytarmamışdır. Odur ki, Cavabdeh 4500 (dörd min beş yüz) manat borc pulun və məhkəməyə ödədiyi 65 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının ona qarşı qaldırdığı iddia əsasızdır. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5012/2022 saylı qətnaməsi ilə hazırkı iddia tələbi üzrə İddiaçı və Beyləqan rayon 1 saylı notariat ofisinə qarşı "İcra qeydinin ləğv edilməsi tələbinə dair" iddia ərizəsi təmin edilməsə də, lakin həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-304/2023 saylı qətnaməsi ilə ləğv edilərək iddia tələbi təmin edilmişdir. Həmin mülki işdə məhz hazırda iddiaçının ona qarşı qaldırdığı iddia tələbindəki kredit müqaviləsi mübahisələndirilmişdir. Həmin mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsində iddiasının təmin edilməsinə səbəb kimi göstərilir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsi üzrə tələbə dair müvafiq notariat orqanı tərəfindən xx.xx.2021-ci il tarixli icra qeydi aparılmış, kredit müqaviləsində isə borcun qaytarılmalı olduğu son müddət xx.xx.2017-ci il tarix qeyd edilmişdir. Yəni məhkəmə kollegiyası onların nəzərinə çatdırmışdır ki, həmin kredit müqaviləsi üzrə icra qeydi müqavilənin bitdiyi tarixdən 3 il müddət keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-2872/2023 saylı qərardadı ilə Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Yəni Apellyasiya məhkəməsinin qətnaməsi artıq qüvvəsini almışdır. İddiaçıdan o, pul almamışdır. İddiaçı onun tanışına maşın satmış, müqavilə tanışının xahişi ilə onunla bağlanmışdır. Tanışı da iddiaçının pulunu ödəmişdir. Belə olmasaydı iddiaçı iddia müddətini ötürməz, vaxtında iddia qaldırardı. iddia müddəti keçdiyinə və iddia əsassız olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixdə kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixədək 18 ay müddətinə hər ay 250 manat geri qaytarmaq şərti ilə Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul borc vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında" qərarın surətindən görünür ki, İddiaçı xeyrinə müddət üçün vaxtında ödənilməmiş 4500 manat utulmalı, borclu Cavabdeh tələbkar tərəfindən ödənilmiş 20 manat nəbləğində dövlət rüsumu olmaqla, cəmi 4520 manat pul tutulmasına dair çıxarılmış icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında icra məmurunun Cavabdeh ünvanladığı bildirişinin surətindən görünür ki, İddiaçı xeyrinə vaxtında dənilməmiş 4500 manat tutulmalı, ondan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4520 manat pul tutulmasına dair Beyləqan rayon saylı notariat ofisinin 8İ- 759 saylı, 28 yanvar 2021-ci il tarixli icra qeydini təmin edilməsi üçün 10 gün müddətinə könüllü vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş 23 iyul 2018-cı il tarixli 834 №li Sumqayıt Şəhərinin Xüsusi X1 ünvanladığı xəbərdarlıq (bildiriş) məktubunun məzmunundan görünür xx.xx.2016-cı il tarixdə İddiaçı Pərviz oğlundan 18 ay müddətinə borc olaraq aldığı 4500 manat pul məbləğinin ödənilməsi tələb edilmiş, əks halda barəsində icra qeydinin tərtib edilib, icraya yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5012/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh oğlnun İddiaçı və Beyləqan rayon 1 saylı notariat ofisinə qarşı "İcra qeydinin ləğv edilməsi tələbinə dair" iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-304/2023 saylı qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5012/2022 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh oğlnun İddiaçı və Beyləqan rayon 1 saylı notariat ofisinə qarşı "İcra qeydinin ləğv edilməsi tələbinə dair" iddiası təmin edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2016-cı il tarixdə kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixədək 18 ay müddətinə hər ay 250 manat geri qaytarmaq şərti ilə Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul borc vermişdir. Cavabdeh borcunu qaytarmadığından iddiaçı Beyləqan Rayonu 1 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmiş, natarius tərəfindən 16 may 2018-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı təkrarən xx.xx.2021-ci il tarixdə Beyləqan rayon 1 saylı Notaris ofisinə müraciət etmişdir. Natariusun xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən İddiaçı xeyrinə müddət üçün vaxtında ödənilməmiş 4500 manat tutulması qeyd edilmişdir. Cavabdeh Sumqayıt Məhkəməsində İddiaçı qarşı icra qeydinin ləğv edilməsinə dair iddia qaldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Sumqayt rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Həmin qətnamədə də, qeyd edildiyi kimi iddiaçı qeydi üzrə iddia müddətini keçirmişdir. İddiaçı prosessual müddətin bərpası barədə vəsatət verərərək 3 illlik iddia qaldırmaq müddətinin xx.xx.2020ci ildə bitdiyini, lakin Pandemiya şəraiti yarandığından rayonlara gediş-gəlişin məhdudlaşdırıldığını, bu səbəbdən vaxtında müraciət edə bilmədiyini, ailə üzvlərinin Covid-19 virusuna yoluxduğunu, bu səbəbdən ümumi yaşayış sahəsinə karantin qoyulduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı əslində iddia müddətini keçirmədiyini, vaxtında məhkəməyə müraciət etdiyini göstərmiş, lakin iddia ərizəsində göstərilən halları nəzərə alaraq buraxılmış iddia müddətinin bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-in 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il Qərarında göstərilir: “İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır”. Oxşar iş üzrə “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il Qərarında göstərilmişdir: “Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). İddiaçı iddia müddətinin keçməsi ilə bağlı məhkəməyə vəsatət versə də, iddia müddətinin üzürlü səbəbdən keçirməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də, hazırkı tələb üzrə iddia müddətinin bərpası üçün heç bir əsas müəyyən edilmədiyindən məhkəmə buraxılmış müddətin bərpasını əsaslı hesab etmir. Cavabdeh isə iddia müddətini mübahisələndirmiş, bu barədə məhkəməyə ərizə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyinə görə iddiaçı tərəfindən ödənilən 65 manat dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Pərviz oğlunun Cavabdeh qarşı 4500 (dörd min beş yüz) manat borc pulun alınıb ona verilməsinə tələbinə dair iddiası iddia müddəti keçdiyinə görə rədd edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 65 (altmış beş) manat onun özünə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar