Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-513/2025 14.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 2494 manat zərər məbləğinin və ödənilmiş 44,94 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində, saat 08:00 radələrində Bakı şəhəri, Baksol yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Mercedes Benz 280 minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Kia Optima” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Mercedes Benz 280 minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Kia Optima” markalı, 90- KM-051 dövlət qeydiyyat nişanlı avtomobilə 2494 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli, ödəniş sənədinə əsasən, 2494 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Binəqədi rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Hüseynov X2 Xətalar Məcəlləsinin, 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sünnə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh oglu yol-nəqliyyat hadisəsi zamanı etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixli PXA********** №-li icbari sığorta müqaviləsi ilə Mercedes Benz 280 minik” markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki Hüseynov X2 Xətalar Məcəlləsinin, 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sünnə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələrinin tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X1 idarə etdiyi “Kia Optima” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. PXA81664 saylı sığorta aktından və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, PXA********** №-li Sığorta şəhadətnaməsi ilə sığortalanmış “Mercedes Benz 280 minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi həmin avtomobillə xx.xx.2021-cü ildə yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində “Kia Optima” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2494 manat məbləğində maddi zərər vurulmuş olduğundan, ödənilməli olan sığorta ödənişinin miqdarı 2494 manat məbləğində müəyyən edilmiş və bununla əlaqədar "xxxx" ASC ASC tərəfindən həmin məbləğ X1 hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli məktubdan və məktubun göndərilməsini təsdiq edən qaimədən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. 14 yanvar 2025-ci il tarixli, **********52 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 44,94 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. Onu da qeyd etməyi zəruri hesab edirəm ki, həmin Qanunun 13.4-cü maddəsinə “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunvericiliyi müəyyən etmişdir (İXMnin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunvericiliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda, mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllənin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir ki, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa, yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki, avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevirilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs”lərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Hazırki işdə isə “Mercedes Benz 280 minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən avtomobilin mülkiyyətçisinin iradəsinə zidd olaraq idarə edilməsi barədə hər hansı sübutlar yoxdur. Şərh olunanlara əsasən belə nəticəyə gəlirəm ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-513/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-513/2025
14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver