Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-615/2023 09.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurulayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh itirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və 14539.17 manat məbləğində əsas borcun, 2738.36 manat məbləğində faiz borcunun, 131 manat məbləğində cərimə borcunun, cəmi 17408.53 manat borcun və 143 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsəsən bank Borcluya 48 ay müddətinə, illik 23% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli’’nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınr və beləliklə üzərinə, düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Odur ki, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və 14539.17 manat məbləğində əsas borcun, 2738.36 manat məbləğində faiz borcunun, 131 manat məbləğində cərimə borcunun, cəmi 17408.53 manat borcun və 143 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək məhkəmə iclaslasına onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə izahat verən Cavabdeh iddianı qəbul etdi və göstərdi ki, İddiaçı ASCdən 48 ay müddətinə, illik 23% olmaqla 15000 manat məbləğində kredit götürmüşdür. Kredit götürəndə işləmiş və yaxşı əmək haqqı almışdır. Hazırda işdən çıxmışdır. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Heç bir yerdə işləmir. Gələcəkdə banka olan borcu hissə-hissə ödəməyə etiraz etmir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin teleqramasını nəzərə alıb işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə, illik 23% olmaqla 15000 manat məbləğində kredit verilmişdir. İşdə olan kredit müqaviləsinin 7.1-ci maddəsinin a) bəndinə görə müştəri ödənişlərini müqavilədə (həmçinin onun əlavələrində) göstərilən qaydada, vaxtında və lazımınca icra etmədikdə bank kredit qalıq məbləğinin, hesablanmış faizlərin , cərimə, komissiyon haqlarının və digər xərclərin vaxtından əvvəl qayarımasını tələb edə, habelə kartın mülkiyyətçisi kimi müvafiq tədbirlər görə və bank praktikası ilə müəyyən olunmuş digər sanksiyalar tətbiq edilə bilər. Həmin müqavilənin 8.1-ci maddəsinə görə müqavilə üzrə öz vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsiliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəi tam həcmdə ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-yə 14539.17 manat əsas, 2738.36 manat faiz və 131 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü nəzərdə tutursa öhdəlik həmin gün icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Ona görə də iddia borc tələbinə dair hissədə təmin edilməlidir. Həmçinin məhkəmə tərəflər arasında bağlanmış müqavilənin də ləğv edilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə müqavilə şərtlərinə əməl etməmsi ilə bağlı bağlanmış müqavilənin ləğvinə dair 04 yanvar 2023-cü il tarixdə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Göstərilənləri nəzərə alan məhkəmə tərəflər arasında olan kredit müqaviləsinin ləğv edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehin izahatını və iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 14539.17 manat məbləğində əsas borc, 2738.36 manat məbləğində faiz borcu, 131 manat məbləğində cərimə borcu olmaqla cəmi17408.53 manat kredit borcu və 43 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 14539.17 manat məbləğində əsas borc, 2738.36 manat məbləğində faiz borcu, 131 manat məbləğində cərimə borcu olmaqla cəmi17408.53 (on yeddi min dörd yüz səkkiz manat əlli üç qəpik) manat kredit borcu və 143 (yüz qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №e-2(020)-615/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-615/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver