Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-617/2023 15.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurulayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı krerditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 16922.59 manat məbləğində əsas borcun, 2173.29 manat məbləğində faiz borcunun, 356.46 manat məbləğində cərimə borcunun, cəmi 19452.34 manat borcun və 149 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 19.5% olmaqla 17500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Odur ki, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 16922.59 manat məbləğində əsas borcun, 2173.29 manat məbləğində faiz borcunun, 356.46 manat məbləğində cərimə borcunun, cəmi 19452.34 manat borcun və 149 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə göndərərək məhkəmə iclaslasına onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində sözügedən banka olan borcu olduğunu, gələcəkdə borcunu qaytaracağına söz verdiyini, səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin teleqramasını və cavabdehin ərizəsini nəzərə alıb hazırkı vəziyyətdə işə baxılması mümkündür. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə, illik 19.5% olmaqla 17500 manat məbləğində kredit verilmişdir. İşdə olan kredit müqaviləsinin 7.1-ci maddəsinin a) bəndinə görə müştəri ödənişlərini müqavilədə (həmçinin onun əlavələrində) göstərilən qaydada, vaxtında və lazımınca icra etmədikdə bank kredit qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə, komissiyon haqlarının və digər xərclərin vaxtından əvvəl qayarımasını tələb edə, habelə kartın mülkiyyətçisi kimi müvafiq tədbirlər görə və bank praktikası ilə müəyyən olunmuş digər sanksiyalar tətbiq edilə bilər. Həmin müqavilənin 8.1-ci maddəsinə görə müqavilə üzrə öz vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsiliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəi tam həcmdə ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-yə 16922.59 manat əsas, 2173.29 manat faiz və 356.46 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü nəzərdə tutursa öhdəlik həmin gün icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Ona görə də iddia borc tələbinə dair hissədə təmin edilməlidir. Həmçinin məhkəmə tərəflər arasında bağlanmış müqavilənin də ləğv edilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə müqavilə şərtlərinə əməl etməmsi ilə bağlı bağlanmış müqavilənin ləğvinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Göstərilənləri nəzərə alan məhkəmə tərəflər arasında olan kredit müqaviləsinin ləğv edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 356.46 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 35 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 16922.59 manat məbləğində əsas borc, 2173.29 manat məbləğində faiz borcu, 35 manat məbləğində cərimə borcu olmaqla cəmi19130.88 manat kredit borcu və 145 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna görə 04 iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 04 aprel 2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh16922.59 manat məbləğində əsas borc, 2173.29 manat məbləğində faiz borcu, 35 manat məbləğində cərimə borcu olmaqla 19130.88(on doqquz min yüz otuzmanat səksən səkkiz qəpik) manat kredit borcu və 145 (yüz qırx beş) manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 04 (dörd) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №e-2(020)-617/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-617/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver