Məhkəmə qərarları › İş №e-2(020)-632/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-632/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-632/2025 04.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixdə bağladığı 055KK**********01 saylı müqavilə üzrə 999,54 manat məbləğində kredit bоrcu, 228,33 manat məbləğində faiz bоrcu və 64,14 manat məbləğində cərimə olmaqla, cəmi 1292,01 manat məbləğində bоrcun və ödənilmiş 32,93 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “AccеssBank» QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 055KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “X1 Cards” növlü kart hesabı və 36 ay müddətinə, 1000 manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh əsas borcu üzrə 994,54 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə müvafiq olaraq, xx.xx.2025-ci il tarixə 365 gün üçün hesablanmış faiz borcu 228,33 manat, cərimə borcu isə 64,14 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir: Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli 055KK**********01 saylı kart kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən borclu Cavabdeh aylıq 2.0833 %-lə 36 ay müddətinə, 1000 manat məbləğində kredit limiti açılmışdır. Həmin Müqavilənin 3.7-ci bəndinə əsasən, aylıq ödəniş Banka vaxtında vaxtında və lazımi qaydada ödənilmədikdə ödəniş tarixinin ertəsi günündən etibarən minimal ödənişin Banka qaytarılmasının hər gecikdirilən günü üçün minimal ödənişin qalığına 0,5(sıfır tam onda beş) faiz dərəcəsi ilə cərimə hesablanır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 055KK**********01 saylı “X1 Cards” üzrə 999,54 manat məbləğində əsas borc, 228,33 manat məbləğində faiz borcu və 64,14 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1292,01 manat borcu yaranmışdır. İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, bank, cavabdehə 994,54 manat əsas, 228,33 manat faiz borcu və 64,14 manat cərimə olmaqla, cəmi 1292,01 manat məbləğində yaranmış borcun ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsini təklif etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərini yarandığı dövrdə qüvvədə olan: -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi götürdüyü öhdəlikləri pozmuş, onu lazımınca icra etməmiş və İddiaçı QSC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun qaydada və müddətdə ödəməmişdir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehdən 999,54 manat məbləğində kredit bоrcu, 228,33 manat məbləğində faiz bоrcu və 64,14 manat məbləğində cərimə borc alınaraq, İddiaçı QSC-nə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi üzrə 999,54 (doqquz yüz doxsan doqquz manat 54 qəpik) manat məbləğində əsas borc, 228,33 (iki yüz iyirmi səkkiz manat 33 qəpik) manat məbləğində faiz borcu, 64,14 (altmış dörd manat 14 qəpik) manat məbləğində cərimə borcu, cəmi 1292,01 ( min iki yüz doxsan iki manat 01 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 32,93 (otuz iki manat 93 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar