Məhkəmə qərarları › İş №e-2(020)-707/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-707/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-707/2025 03.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 5127,94 manat bundan 1502,76 manat əsas, 925,16 manat faiz, 2477,42 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 222,60 manat faiz borcu və iş üzrə ödənilmiş 71,28 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 30% dərəcəsi ilə 5100 ABŞ dolları məbləğində kredit verilmişdir. ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 462/15 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 4101,91 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Daha sonra ********* nömrəli kredit müqaviləsinə 13 mart 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1,4 AZN) 4154,86 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 60 ay olmaqla xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 18 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Ə-41-880/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 5127,94 manat təşkil edir. Bundan 1502,76 manat əsas, 925,16 manat faiz, 2477,42 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 222,60 manat faiz borcu təşkil edir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil məhkəməyə vəsatət göndərərək, LPO "xxxx" ASC-nin Beyləqan filialı ilə Cavabdeh1 arasında bağlanılmış ********* nömrəli 10 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 5100 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı LPO İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etmiş olduğu 25 fevral 2025-ci il tarixli iddia ərizəsində qeyd olunmuş rəqəmlər əslində olmayan rəqəmlərdir. Belə ki, iddia ərizəsində qeyd olunmuş ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 462/15 nömrəli bağlanılmış Əlavə Sazişə görə Cavabdeh1 kreditora olan borcunun - kreditin qalıq məbləğinin 4101,91 ABŞ dolları olduğu vurğulanmışdır. Lakin 21 fevral 2015-ci il tarixinə olan vəziyyətə görə, yəni dolların kursunun artması ilə bağlı olaraq Cavabdeh1 kredit təşkilatına olan borcu 4416,13 ABŞ dolları təşkil etmişdir. Həmin vəziyyətə görə də 1104,03 manat görə cavabdeh - Cavabdeh1 kompensasiya hesablanmışdır. Bundan sonra yenə də 21 dekabr 2015-ci il tarixinə olan dövrdə dolların kursunun artması ilə əlaqədar olaraq cavabdeh - Cavabdeh1 borcu 3223,66 ABŞ dolları təşkil etmişdir. Həmin vəziyyətə görə Cavabdeh1 1934,20 manat kompensasiya hesablanmışdır. Bundan başqa iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 25 fevral 2025-ci il tarixli iddia ərizəsində ********* saylı kredit müqaviləsinə 13 mart 2017-ci il tarixdə 02 nömrəli Əlavə bağlanılmış Sazişə görə Cavabdeh1 kreditora olan borcunun - kreditin qalıq məbləğinin 4154,86 manat olmasını qeyd etmişdir. Halbuki 13 mart 2017-ci il tarixli 02 nömrəli Əlavə bağlanılmış Sazişdən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İ.Əliyev tərəfindən ölkə üzrə vətəndaşların qarşılaşdığı problemli kreditlərlə bağlı məlum Fərman imzalamışdır. Azərbayacan Respublikası Prezidentinin Problemli Kreditlərin kompensasiyasına dair məlum fərmanından sonra 01 mart 2019-cü il tarixinə olan dövrə görə Cavabdeh1, cəmi hesablanmış kompensasiya məbləği 1543,06 manat, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi 1495,17 manat, borcun ödənilməsinə yönəldilən hissə 1543,06 manat, vətəndaşa çatan hissə 0.00 manat olmuşdur. Restrukturzasiya məbləği isə 0.00 manatdır. Bunu Problemli Kreditlərin Kompensasiyasına dair çıxarış da təsdiq edir. Lakin buna baxmayaraq, iddiaçı LPO "xxxx" ASC hansısa səbəbdən görə Cavabdeh1 əsassız və qanunsuz olaraq 5127,94 manat pul tələb edir. İddiaçı LPO "xxxx" ASC-nin bu iddia ərizəsi ilə 5127,94 manat pulu Cavabdeh1 tələb etməsi Azərbayacan Respublikası Prezidentinin Problemli Kreditlərin kompensasiyasına dair məlum fərmanına əməl etməmək, Fərmanın icrasından məqsədli şəkildə boyun qaçırmaq, ən başlıcası da ölkə üzrə qəbul olunmuş Fərmanı qəbul etməmək və onu tanımaq istəməməsindən irəi gəldiyini açıq-aydın nümayiş etdirməkdir. Halbuki ********* nömrəli 10 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Azərbayacan Respublikası Prezidentinin Problemli Kreditlərin kompensasiyasına dair məlum fərmanından sonra Restrukturizasiya olunması təklif olulnan kredit borcu olmamış və bu barədə hər hansı bir təklif olunan məbləğ qalmamışdır. Məhz bu səbəbdən də 01 mart 2019-cu il tarixindən sonra Cavabdeh1 ilə iddiaçı LPO "xxxx" ASC-nin Beyləqan filialı arasında illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1il güzəşt müddəti ilə) hər hansı bir müqavilə bağlanılmamışdır. Bu isə o deməkdir ki, Cavabdeh1 iddiaçı - LPO İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna heç bir borcu yoxdur. Bütün bu yuxarıda qeyd olunanlara əsasən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və zamin Cavabdeh2 qarşı 5127,94 manat pulun, o cümlədən də 1502,76 manat əsas borcun, 925,16 manat faiz borcunun, 2477,42 manat cərimənin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 222,60 manat faiz borcunun və iş üzrə ödənilmiş 71.28 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X1 Novruz Yusif oğlunun nümayəndəsi (vəkili) Vəkil vəsatətinə etiraz ünvanlayaraq bildirmişdir ki, Bank ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə yaranmış əsas borcunun qalıq məbləği 1529,25 Manat təşkil etsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Belə ki, aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: 2012-ci il 1 yanvar tarixindən sonra verilmiş, 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan, xarici valyutada əsas kredit məbləği 10000 ABŞ dollarından, milli valyutada isə 17000 manatdan çox olmayan kreditlər. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın müvafiq şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Bu səbəbdən kredit borcunun restrukturizasiya olunması da cavabdehə təklif olunmamış, həmin kredit borcu üzrə cavabdehlə Bank arasında hər hansı güzəştli kredit müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 8-ci bəndində qeyd olunur ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.4-cü bəndinə əsasən vaxtı keçmiş kredit borcu – fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borclar mənasını ifadə edir. Cavabdeh1 ilə İddiaçı ASC arasında arasında bağlanmış kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmədiyi üçün kredit müqaviləsi üzrə yaranmış borc vaxtı keçmiş kredit borcu hesab edilmir. Bu səbəbdən hesablanmış faizlər və dəbbə pulu (cərimə, penya) Bank tərəfindən silinməmişdir. Belə ki, Fərmanın heç bir bəndində vaxtı keçməmiş kredit borcu üzrə yaranmış faiz və dəbbə pulu (cərimə, penya) borclarının silinməsi səlahiyyətləri banklara və ləğvetmə prosesində olan banklara verilməmişdir. Əsas və faiz borcları üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına, 360 gündən az, yəni cəmi 63 gün (46 (əsas borc üzrə gecikmə günləri) +17 (faiz borcu üzrə gecikmə günləri)) təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin iddiaçıya müvafiq kredit müqaviləsi üzrə cəmi borcunun məbləği 5127,94 manat (əsas, faiz, cərimə və illik 5% hesablanmaqla) təşkil edir. İş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübut vardır və tərəflər həmin faktın mövcudluğunu mübahisəsiz şəkildə qəbul etmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixdən sonra əsas borc üzrə qalığı 1529.25 manat təşkil etsə də, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2429/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadına əsasən əsas borcundan xx.xx.2020-ci il tarixdə 26,49 manat məbləğində silinmə aparılmış və bundan sonra əsas borc üzrə qalıq məbləği o dövrdən hal-hazırki dövrədək 1502,76 manat təşkil etmişdir. Kompensasiya ödənişi edilən borcluların kredit təşkilatına qalıq borcu olduğu şəkildə borcların ödənişinə davam etdirilməsi qanunla hüquqi öhdəlik kimi müəyyən edilmişdir. Hal-hazırda kredit götürməsini təsdiq edən və etiraf edən şəxslər belə həmin kredit borcları üzrə ödənişləri Banka aybaay ödəməkdən yayınırlar. Mübahisə edilməyən haldır ki, heç kəs götürmədiyi kredit borcu ilə bağlı ödənişlər etməsinə hər hansı bir formada məcbur edilə bilməz. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X6rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir. İddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və nümayəndəsi (vəkili) Vəkil vəsatətinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin və onun nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında borcluya 24 ay müddətinə, illik 30 faiz olmaqla 5100 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, tərəflər kredit məbləğinin hər ay 285,24 ABŞ dollar olmaqla, xx.xx.2016-cı il tarixə kimi qaytarılması barədə razılaşmışlar. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 462/15 №-li əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditin qalıq məbləği 4101,91 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci tarixədək uzadılmışdır. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əlavə olan kredit hesabı üzrə qrafik görünür ki, tərəflər kredit məbləğinin hər ay 234,62 ABŞ dollar olmaqla, xx.xx.2017-ci il tarixə kimi qaytarılması barədə razılaşmışlar. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 №-li əlavə sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə dəyişikliklər edilmiş, kreditin qalığı olan və restrukturizasiya edilən 4154,86 manat təşkil edən kreditin müddəti xx.xx.2022-ci tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli ********* nömrəli kredit müqaviləsinin əlavə saziş № 02 əlavə olan ödəniş cədvəlindən görünür ki, tərəflər kredit məbləğinin hər ay 105,51 manat olmaqla, xx.xx.2022-ci il tarixə kimi qaytarılması barədə razılaşmışlar. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 1502,76 manat əsas borc, müqavilənin bitdiyi günə 925,16 manat məbləğində faiz borcu, 2477,42 manat cərimə və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 222,60 manat faiz borcu olmaqla, cəmi 5127,94 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, Bank cavabdehləri borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. “Kreditor” İddiaçı ASC ilə “zamin” X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 470003035/ZM №-li Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh1 kreditor Bank qarşısında xx.xx.2014-cü il tarixli ********* №-li Kredit Müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində öhdəlik götürmüşdür. xx.xx.2014-cü il tarixli 470003035/ZM №-li Zaminlik Müqaviləsinə xx.xx.2015-ci il tarixli 462/15 saylı əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditin qalıq məbləği 4101,91 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci tarixədək uzadılmasına zamin X2 razılığı alınmışdır xx.xx.2014-cü il tarixli 470003035/ZM №-li Zaminlik Müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişdən görünür ki, zamin qismində öhdəlyi Cavabdeh2 öz üzərinə götürmüş və xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə dəyişikliklər edilərək, kreditin qalığı olan və restrukturizasiya edilən 4154,86 manat təşkil edən kreditin müddətinin xx.xx.2022-ci il tarixədək uzadılmasına zamin Cavabdeh2 razılığı alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 20017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş problemli keditlərin kompensasiyası haqqında məlumatdan görünür ki, ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissədə Cavabdeh1 qalıq borcu 1529,25 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1 maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranınınölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi tərəflər (DəmirBank ASC-ilə Cavabdeh1) arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 1502,76 manat məbləğində əsas borcun tutulması hissəsində əsaslıdır. Lakin iddiaçı müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən faiz borcu, cərimə borcu və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunu tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 1529,25 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, İnternet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir. Ona görə də, məhkəmə hesab edir ki, faiz və cərimə borcunun tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə digər cavabdeh zamin Cavabdeh2 yönəlmiş tələblə, yəni kredit borcunun ondan da tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi borcun zamindən tutulmalı olmalı hissəsində əsaslı və qanuni olmadığından təmin edilə bilməz. Belə ki, iş materiallarından da göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin təminatı kimi bank Cavabdeh2 ilə 13 mart 2017-ci il tarixli 02 saylı Əlavə saziş bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən, iddiaçı isə eyni tələblə məhkəməyə xx.xx.2025-ci ildə müraciət etdiyindən zaminin iddiaçı bank qarşısında öhdəliklərinə Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinə əsasən xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, müqavilədə nəzərdə tutulan öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, 1502,76 manat məbləğində əsas borc Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hisədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 71,28 manat dövlət rüsumunun 35,02 manatı Cavabdeh1 iddiaçının xeyrinə xeyrinə tutulmalı, 36,26 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 1502,76 manat (min beş yüz iki manat 76 qəpik) manat məbləğində əsas borc və 35,02 (otuz beş manat 02 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar