Məhkəmə qərarları › İş №e-2(020)-761/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-761/2025

11.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-761/2025 11.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş 7003,62 (yeddi min üç manat 62 qəpik) manat məbləğində zərərin və 91.00 (doxsan bir) manat məbləğində dövlət rüsumunun, cəmi 7094,62 (yeddi min doxsan dörd manat 62 qəpik) manat yetkinlik yaşına çatmayan X3 qanuni nümayəndəsi Cavabdeh tərəfindən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində saat 22:59 radələrində 731 saylı Ağstafa-Bakı marşrutu ilə hərəkət edən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus DŞİ-001 nömrəli sürətli sərnişin qatarı Puta-Abşeron mənzilinin 32-ci km piket 2-də, Lökbatan avtomobil keçidində hərəkətdə olarkən sözügedən qatarın hərəkət istiqamətinin sağ tərəfindən 1-ci və 5-ci vaqonlarına daş atılması nəticəsində qatarın şüşə hissələri əhəmiyyətli dərəcədə zədələnmişdir. Hadisə nəticəsində ADY-yə 7003,62 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X8 Polis İdarəsi X13 şöbəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılmışdır. X13 şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2024-cü il tarixli 1/6-3-13-15-1/2-6088/2024 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində Ağstafa-Bakı marşrutu ilə hərəkətdə olan ADY-yə məxsus DŞİ-001 nömrəli sürətli elektrik qatarının Puta-Abşeron mənzilinin 32-ci km piket 2-də, Lökbatan avtomobil keçidində hərəkətdə olarkən qatarın sağ yan şüşə hissələrinə zərər verən şəxslərin xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq X6 və X3 valideynləri X13 şöbəsinə dəvət olunaraq onların iştirakı ilə izahatları alınmış və izahatlarında hər ikisi qatara daş parçası və boş butulka atdıqlarını etiraf etmişlər. Eyni zamanda X13 şöbəsi tərəfindən müvafiq olaraq protokollar tərtib olumuşdur. Məlumat üçün bildiririk ki, sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2022-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Sözügedən qatarlar həm bölgələrimizdə, həmçinin Sumqayıt - Pirşağı - Bakı marşrutu ilə hərəkət edərək paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılmasında, o cümlədən sərnişinlərin mənzil başına vaxt itkisi olmadan təhlükəsiz və rahat bir şəkildə çatmalarına böyük töhfə verir. Lakin baş vermiş hadisə nəticəsində qatarın hərəkət qrafikində ləngimə yaranmış və bu hal haqlı olaraq yüzlərlə sərnişin tərəfindən narazılıqla qarşılanmışdır. Ona görə də, vurulmuş 7003,62 (yeddi min üç manat 62 qəpik) manat məbləğində zərərin və 91.00 (doxsan bir) manat məbləğində dövlət rüsumunun, cəmi 7094,62 (yeddi min doxsan dörd manat 62 qəpik) manat yetkinlik yaşına çatmayan X3 qanuni nümayəndəsi Cavabdeh tərəfindən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, xx.xx.2009-cu ildə anadan olan Kənanı övladlığına götürmüşdür. Kənan Aynurənin birinci ərinən olan uşağıdır. Uşağa atalıq vermişdir. O, həyat yoldaşı Aynurə Binnətovadan 2020-ci ildə ayrılmış və hazırda bir yerə yaşamırlar. Onun iki uşağı var və hər iki uşağı ana himayəsində yaşayır. Həmin uşaqlar üçün aliment ödəyir. O, Beyləqan rayonunda qeydiyyatda olsa da, hazırda Bakı şəhərində yaşayır. Onun baş vermiş hadisədən xəbəri olmamışdır. Belə ki, o, Aynurə və uşağın harada yaşamalarından xəbərsizdir. Aynurə ona uşaqları ilə görüşməyə icazə verməmişdir. Uşaqları ondan gizlətmiş və o, uşaqların tərbiyyəsi ilə məşğul ola bilməmişdir. Hadisə ilə bağlı polis şöbəsində araşdırma aparılsa da, o, polis şöbəsinə çağırılmamışdır. Məhkəmə bildirişini aldıqdan sonra hadisədən xəbərdar olmuşdur. Kənanın sözügedən qatarın yan şüşəsini sındırması da sübut olunmamışdır. İddia ilə razı deyildir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materialarını nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, sübutlara işin faktiki halları ilə birgə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 03 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 24 iyun 2024-cü il tarixdə saat 22:59 radələrində Ağstafa-Bakı istiqamətində hərəkətdə olan 731 saylı DŞİ-001 nömrəli qatar Puta-Abşeron mənzilinin 32-ci km 2-ci piketində, Lökbatan avtomobil keçidində olarkən sözügedən qatarın hərəkət istiqamətinin sağ tərəfindən 1-ci və 5-ci vaqonlarına atılan daş parçaları qatarın dəmir hissələrinə dəymişdir. Nəticədə sözügedən qatara 7003,62 AZN (yeddi min üç manat altmış iki qəpik) ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X8 Polis İdarəsi X13 şöbəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılmışdır. Aaparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində Ağstafa-Bakı marşrutu ilə hərəkətdə olan ADY-yə məxsus DŞİ-001 nömrəli sürətli elektrik qatarının Puta-Abşeron mənzilinin 32-ci km piket 2-də, Lökbatan avtomobil keçidində hərəkətdə olarkən qatarın sağ yan şüşə hissələrinə zərər verən şəxslərin xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 07 noyabr 2024-cü il cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Azərbaycan Dəmir Yolları” QSC-dən daxil olmuş məktub Şöbənin “Cinayətlər haqqında daxil olmuş ərizə və məlumatların uçotu kitabı”nda HK-1/51 sıra sayı ilə 02 iyul 2024-cü il tarixdə qeydiyyata alınaraq həmin tarixdə araşdırma başlanılmışdır. X3 cinayət məsuliyyətinə imkan verən yaş həddinə çatmadığını nəzərə alaraq DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsində istintaqı aparılan HK-1/51 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.4-cü maddəsinə əsasən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və X7 bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(020)76/20 saylı qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında 04 oktyabr 2012-ci il tarixdə Beyləqan rayon İHB-nin Kəbirli kəndi üzrə icra nümayəndəliyində qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 17 avqust 2009-cu ildə anadan olmuş X3, 31 iyul 2012-ci ildə anadan olmuş X5 anaları X1 yanında qalmaları müəyyən edilmiş və Cavabdeh 05 sentyabr 2019-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 (yüz) manat tutularaq 31 iyul 2012-ci ildə anadan olmuş Sənan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi qət edilmişdir. Beləliklə iş materiallarından görünür ki, iddiaçı təşkilata zərər vuran şəxs azyaşlı olmuş, ona görə də iddia onun atası olan iş üzrə Cavabdeh qarşı verilmişdir. Halbuki məhkəmədə müəyyən edilmişdir ki, Cavabdeh uşağın digər valideyini olan anası Ağalarova (Binnətova) Aynurə Mirağa qızından 2020-ci ilin yanvar ayında boşanmış, həmin vaxtdan Kənan anasının himayəsində qalmış, hazırda da anasının yanında qalıb yaşayır. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X8 Polis İdarəsi X13 şöbəsinin İstintaq və Təhqiqat qrupunun baş təhqiqatşısı tərəfindən Kənan Binnətovun izahatı alınarkən onun anasının yanında qalması müəyyən edilmiş və Kənan Binnətovun izahatı da anasının iştirakı ilə alınmışdır. Cavabdeh isə boşandıqdan sonra ayrı-ayrı yerlərdə yaşamaqla uşaqla və onun anası ilə heç bir əlaqə saxlamamış və onların heç bir ata-oğul münasibətləri olmamışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1104.2-ci maddəsinə görə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Beləliklə məhkəmədə zərərin cavabdehin təqsiri üzündən yaranmadığı müəyyən edilmişdir. Belə ki, cavabdeh arvadından boşandıqdan sonra o, uşağının tərbiyəsi ilə məşğul olmaq, onu böyütmək iqtidarında olmamış, uşaqla görüşməsi mümküm olmamışdır. Ona görə də cavabdehin həmin yetkinlik yaşına çatmayan uşağın vurduğu zərərin əvəzini ödəməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi hazırkı cavabdehə qarşı əsassızdır, ona görə də rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsassızlığı müəyyən edildiyinə görə iddiaçı tərəfindən ödənilən dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçının dövlət rüsumu kimi ödədiyi 91.00 (doxsan bir) manat özünə aid edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar