Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-951/2025 22.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7220 manat pulun, 93 manat dövlət rüsumunun və 700 manat vəkil xidmət haqqının alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, o, ailə üzvləri ilə birlikdə Şəmkir şəhərində yaşayır. Cavabdeh həm onun qohumu, həm də qızı Türkanın keçmiş əridir. Belə ki, Cavabdehla qızı 20 noyabr 2024-cü ildə faktiki evlənməklə, nikahlarını rəsmiləşdirməmişdilər. Onların birgə nikahlarından uşaqları olmamışdır. Onlar faktiki evləndikdən sonra təxminən bir neçə ay birlikdə yaşamışdılar. Lakin, sonradan cavabdeh qızı ilə daima aralarında narazılıq yaratmışdır. Daha sonra isə ailə münasibətləri daha da pisləşdiyindən qızı onun yanına qayıtmışdır. Cavabdeh 2025-ci ilin yanvar ayında özünə işləmək üçün avtomobil almaq istədiyini ona bildirmiş və ondan borc pul istəmişdir. O, pul olmadığını bildirmişdir. Cavabdeh ona olan borcunu tezliklə qaytaracağını vəd etmiş, o da ona inanaraq özündə pul olmasa da, 06 yanvar 2025-ci il tarixdə “X1” MMC-dən kredit götürərək, 12 yanvar 2025-ci ildə cavabdehə avtomobil alması üçün 5200 manat borc pul vermişdir. Bundan başqa cavabdeh elə həmin vaxt özünə sürücülük vəsiqəsi almaq adı ilə 08 yanvar 2025-ci il tarixdə onların evində qonaq olarkən yenidən ondan borc pul istəmişdir. O, həmin gün ona 1270 manat borc pul vermişdir. Cavabdeh hər dəfə maddi vəziyyətinin aşağı olduğunu, tezliklə ona olan borcunu qaytaracağını bildirmişdir. Cavabdeh hətta ona vəd etmişdir ki, Kredit Təşkilatından götürdüyü krediti hər ay özü ödəyəcəkdir. Bundan sonra da cavabdeh dəfələrlə müxtəlif vaxtlarda ondan borc pul almışdır. Belə ki, 2025-ci ilin yanvar və fevral ayları ərzində o, yuxarıda qeyd etdiyi məbləğlərdən əlavə cavabdehə hiss-hissə 750 manat borc pul vermişdir. Cavabdehin ona ümumilikdə 7220 manat borcu yaranmışdır. Cavabdeh hər dəfə ondan borc pul aldıqca qısa müddət ərzində hissə-hissə qaytaracağına söz vermiş olsa da, sonradan ona hələ maddi imkanının olmadığını bildirmişdir və onun pulunu qaytarmaqdan imtina etmişdir. Ona görə də aralarında narazılıqlar yaranmışdır. O, hətta cavabdehin anası ilə də dəfələrlə telefon vasitəsilə əlaqə saxlayaraq pulunu tələb etsə də, Cavabdeh hazırda maddi imkanının olmadığını bildirmiş və ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Hazırda Cavabdeh ona 7220 manat borcu qalmışdır. O, məhkəməyə müraciət etmək üçün 93 manat dövlət rüsumu və vəkil xidmət haqqı olaraq 700 manat pul ödəmişdir. Cavabdehin hərəkətləri nəticəsində o, xərcə düşmüşdür. Ona görə də ödədiyi dövlət rüsumunun və vəkil xidmət haqqı olaraq ödədiyi xərcin də cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 6905 manat pulun, 93 manat dövlət rüsumunun və 700 manat vəkil xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh kredit götürərək, borc verdiyi 5200 manat puldan cavabdeh tərəfindən 315 manat qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən, 1200 manat hissəsində qəbul edir. O, iddiaçıdan 1200 manat məbləğində borc pul almışdır. Ona verilmiş 5200 manat məbləğində pul vəsaiti isə onun şəxsi və iddiaçının qızına verilən qızılları iddiaçı girova qoyub, kredit götürərək ona vermiş, o, həmin pul vəsaitinə avtomobil almışdır. Həmin kreditin 315 manatını ödəmiş, lakin daha sonra iddiaçının qızı ilə münasibətləri pozulduğundan ödəniş etməmişdir. Girovda olan qızıllar onlara məxsus olduğundan həmin borcu qəbul etmir. Digər pul vəsaitlərinə isə ona deyil, öz qızına vermişdir. Ona görə də iddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, Cavabdeh adına olan 523915******1592 nömrəli karta 70 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, Cavabdeh adına olan 523915******1592 nömrəli karta 5200 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, Cavabdeh adına olan 523915******1592 nömrəli karta 50 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, Cavabdeh adına olan 523915******1592 nömrəli karta 30 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, Cavabdeh adına olan 523915******1592 nömrəli karta 200 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə 360 manat və xx.xx.2025-ci il tarixdə 110 manat H*****, G***** A***** qızının hesabına ödənilmişdir. xx.xx.2025-ci il tarixli 41451 № kredit müqaviləsindən və ona əlavə olunmuş cədvəlindən görünür ki “X1” MMC tərəfindən borclu İddiaçı 24 ay müddətinə, hər ay 315,10 manat ödəməklə, illik 40 % olmaq şərti ilə 5150 manat məbləğində kredit verilmişdir. 102025-ci il tarixli Hüquqi yardım gösətrilməsi haqqında müqavilədən və ona əlavə olunmuş medaxil qəbzdən görünür ki, İddiaçı hüquqi yardım göstərilməsi üçün vəkili Nümayəndə ilə müqavilə bağamış və yardım göstərilməsi üçün 700 manat məbləğində pul ödəmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 93,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı qızı ilə Cavabdeh faktiki nikah münasibətlərində olmuşlar. İddiaçı cavabdehə ümumilikdə borc olaraq 7220 manat məbləğində borc pul verdiyini və həmin borcdan 315 manat ödənildiyini, qalan 6905 manat pul vəsaitinin isə ona qaytarmadığını bildirmişdir. Lakin cavabdeh iddiaçıdan 1200 manat məbləğində borc pul aldığını, 5200 manat məbləğində isə ona və faktiki nikah münasibətlərində yaşadığı həyat yoldaşına məxsus qızılları lombarda qoymaqla, kredit götürülüb ona verdiyini, digər məbləğləri isə onun kartı vasitəsilə qızına verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 1200 manat məbləğində borc pul verilmiş, lakin cavabdeh həmin pul vəsaitini iddiaçıya qaytarmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə avtomobil alınması məqsədilə 5200 manat məbləğində pul vəsaiti verilmiş, cavabdeh həmin pul vəsaitinin 315 manatını iddiaçıya qaytarsa da, qalan hissəsini, yəni 4885 manatını iddiaçıya qaytarmamışdır. Cavabdeh heç bir hüquqi əsas olmadan, yəni qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüququ vardır. Cavabdeh iddiaçının onun verdiyi 5200 manatın ona məxsus şəxsi qızılları lombarda qoymaqla ona verdiyini bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı qızının və cavabdehin kart hesabına müxtəlif vaxtlarda köçürmüş olduğu 820 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etsə də, həmin pul vəsaitini məhz borc olaraq cavabdeh verilməsinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 6085 manat məbləğində pul vəsaiti (1200 manat + 4885 manat) İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 93 manat dövlət rüsumunun 80,85 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, qalanı isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ərizəçinin “hüquqi yardıma görə ödənilmiş 700 manat məbləğində pul vəsaitinin tutulması” hissəsində qismən təmin edilməli və hüquqi yardıma görə ödənilmiş məbləğin 400 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 6085 (altı min səksən beş) manat məbləğində pul vəsaiti, iddianın verilməsi üçün ödənilmiş 80,85 (səksən manat 85 qəpik) manat məbləğində dövlət rüsumu və 400 (dörd yüz) manat məbləğində hüquqi yardıma görə ödənilmiş xərc İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-951/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-951/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver