Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1010/2025 24.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı ASC Cavabdeh iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli GTKR6580639B299 saylı kredit müqaviləsinə əsasən 1887.44 manat əsas, 207.95 manat faiz, cəmi 2095.39 manat məbləğində borcun, xx.xx.2024-cü il tarixli BRCB6709825B137 saylı kredit müqaviləsinə əsasən 850 manat əsas, 200.67 manat faiz, cəmi 1050.67 manat məbləğində borcun və ödənilmiş 51.46 manat dövlət rüsumunun tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli GTKR6580639B299 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 19.2 faiz dərəcəsi ilə 2070 manat məbləğində kredit verilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli BRCB6709825B137 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 850 manat məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nağd qaydada əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli GTKR6580639B299 saylı kredit müqaviləsinə əsasən 1887.44 manat əsas, 207.95 manat faiz, cəmi 2095.39 manat məbləğində borcu, xx.xx.2024-cü il tarixli BRCB6709825B137 saylı kredit kartına dair müqaviləyə əsasən 850 manat əsas, 200.67 manat faiz, cəmi 1050.67 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli Ərizədən və Kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsindən görünür ki, Cavabdeh tərəfindən ona gündəlik tələbat məqsədilə 2070 manat məbləğində 35 ay müddətinə illik 19.2 faiz dərəcəsi ilə kreditinin verilməsi üçün İddiaçı ASC-yə müraciət etmiş, qrafik üzrə ödəniş məbləğinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etirazının olmadığını qeyd etmişdir. xx.xx.2024-cü il tarixli GTKR6580639B299 saylı kredit müqaviləsindən və ona əlavə olunmuş Ödəniş qrafikindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 35 ay müddətinə, illik 19.2 faiz dərəcəsi ilə 2070 manat məbləğində kredit vəsaiti ayrılmışdır. xx.xx.2024-cü il tarixli Ərizədən və Kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsindən görünür ki, Cavabdeh tərəfindən ona gündəlik tələbat məqsədilə 850 manat məbləğində illik 27 faiz dərəcəsi ilə kreditinin verilməsi üçün İddiaçı ASC-yə müraciət etmiş, qrafik üzrə ödəniş məbləğinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etirazının olmadığını qeyd etmişdir. xx.xx.2024-cü il tarixli BRCB6709825B137 saylı Birbank cashback kredit xətti müqaviləsindən və “Birbank kartı” yaddaş vərəqindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən kredit xətti ayrılmış və illik 27 faiz dərəcəsi ilə 850 manat məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2024-cü il tarixli 15/020386 saylı Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2024-cü il tarixli GTKR6580639B299 saylı kredit müqaviləsinə əsasən 1887.44 manat əsas, 207.95 manat faiz, cəmi 2095.39 manat məbləğində borcun, xx.xx.2024-cü il tarixli BRCB6709825B137 saylı kredit müqaviləsinə əsasən 850 manat əsas, 200.67 manat faiz, cəmi 1050.67 manat kredit borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən və bildirişin göndərilməsini təsdiq edən Poçt göndərişlərin siyahısından çıxarışdan görünür ki, cavabdehdən banka olan borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 51.46 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmiş ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli GTKR6580639B299 nömrəli və xx.xx.2024-cü il tarixli BRCB6709825B137 nömrəli kredit müqavilələri bağlanılmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, cavabdeh nəzərdə tutulmuş müddətdə ödənişi həyata keçirməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir, nəticədə iddiaçının tam borc məbləğini tələb etmək hüququ yaranmışdır. İddiaçının göndərdiyi xəbərdarlıqdan görünür ki, mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli GTKR6580639B299 saylı kredit müqaviləsinə əsasən 1887.44 manat əsas, 207.95 manat faiz, xx.xx.2024-cü il tarixli BRCB6709825B137 saylı kredit müqaviləsinə əsasən 850 manat əsas, 200.67 manat faiz, ümumilikdə hər iki müqavilə üzrə 3146.06 manat borc məbləği İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi təmin edildiyindən ödənilmiş 51.46 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli GTKR6580639B299 saylı kredit müqaviləsinə əsasən 1887.44 manat əsas borc, 207.95 manat faiz borcu, xx.xx.2024-cü il tarixli BRCB6709825B137 saylı kredit müqaviləsinə əsasən 850 manat əsas borc, 200.67 manat faiz borcu, ümumilikdə hər iki müqavilə üzrə 3146.06 (üç min yüz qırx altı manat altı qəpik) manat borc məbləği və iş üzrə ödənilmiş 51.46 (əlli bir manat qırx altı qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Bayram Məhərrəmov